26 oktyabr 2024 21:10
91

Mərakeşli siyasətçi: Azərbaycan iqlim dəyişikliyi məsələlərində liderlik potensialına malikdir

“Azərbaycan iqlim dəyişikliyi məsələlərində vacib liderlik potensialına malikdir”.

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində mərakeşli siyasi xadim, Ağdal-Riyad dairə şurasının sədri Abdelilah İdris Buzidi deyib.

Abdelilah İdris Buzidi bildirib: “Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji mövqeyə malikdir və qlobal enerji bazarında vacib rol oynayır. Nəhəng neft və qaz resursları ilə Azərbaycan Bakı-Tbilisi-Ceyhan və TANAP kimi boru kəmərləri vasitəsilə regional tələbatı təmin edir.

Azərbaycan Paris Bəyannaməsi də daxil olmaqla ətraf mühitlə əlaqəli bir neçə anlaşmaya qoşulub. Həmin öhdəliklərin uğurla yerinə yetirilməsi, karbon emissiyalarının azaldılması və iqlim böhranlarına uyğunlaşmaq üçün qanunvericilik bazası gücləndirilməlidir. Enerji sahəsində innovativ strategiyalar tətbiq etmək və onu dəyişdirərək daha təmiz enerji növlərinə transformasiya etmək lazımdır”.

“Azərbaycan özünün günəş və külək resursları ilə enerji istehsalında liderə çevrilib. Bu sahəyə sərmayələr qoymaqla həm iqtisadiyyatı şaxələndirmək, həm də yeni iş imkanları yaratmaq mümkündür. Strateji mövqeyinə görə Azərbaycan regional əməkdaşlıq məsələlərini gücləndirə bilər”, - deyə mərakeşli siyasətçi vurğulayıb.

Buzidi daha sonra qeyd edib: “Qonşu ölkələrlə tərəfdaşlığı gücləndirməklə və beynəlxalq təşəbbüslərdə iştirak etməklə Azərbaycan özünü ekoloji davamlılığın güclü tərəfdaşı kimi göstərə bilər. COP29 iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal səylərdə mühüm hadisə olacaq. Bu tədbirin uğuru isə ölkələrin hazırkı şərtlər fonunda iqlim fəaliyyəti çağırışlarına cavab verməsindən asılı olacaq. İnkişaf etmiş ölkələr isə bu məsələyə vəsait ayırmaq vədlərini yerinə yetirməlidir”.

Buzidi diqqətə çatdırıb ki, COP29 ənənəvi enerji növlərindən bərpaolunan enerji mənbələrinə keçidə fokuslanacaq. Metan və digər emissiyaları azaltmaq üçün davamlı işlər danışıqların mühüm hissəsi olacaq. Yerli və icma institutları vətəndaşların iqlim dəyişikliyinin əhəmiyyəti haqqında maarifləndirilməsində mühüm rol oynamalıdır. Tullantıların idarə edilməsi yerli qurumların çirklənməni azaltmaq üçün üzərinə götürə biləcəyi ən mühüm vəzifələrdən biridir.