07 oktyabr 2024 15:43
319

Dörd ilə qət edilən yol...

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Ordusunun ən uğurlu əməliyyatlarından biri oktyabrın 4-də Cəbrayıl şəhərinin azad olunmasıdır. 23 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələrinin tapdağı altına keçən Cəbrayıl rayonu ərazisi işğal dövründə erməni vandalları tərəfindən darmadağın edilmiş, burada olan zəngin maddi-mədəniyyət nümunələri oğurlanmış, əhalisi doğma yurdundan didərgin salınmışdır.

Cəbrayıl rayonu strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən cəmi üç ay sonra, 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı nəticəsində rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Cocuq Mərcanlı kəndi yaxınlığındakı Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə bu kənddə yaşayış üçün lazımi təhlükəsizlik şəraiti təmin olunub. Böyük Qayıdış Proqramı üzrə işlər ilkin olaraq o zaman məhz bu kənddə icra olunub.

Ötən 4 il ərzində Cəbrayılda həyata keçirilən infrastruktur və sənaye layihələri bu şəhərin və bütövlükdə rayonun simasını dəyişib. Cəbrayıl Şəhəri Günü ərəfəsində Cəbrayıl rayonunda səfərdə olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva genişmiqyaslı abadlıq-quruculuq işlərinin gedişatı ilə tanış oldular. Azərbaycan xalqı müharibənin doğurduğu acılardan sonra Cəbrayılın yenidən inkişaf etmiş, öz tarixi və mədəni irsini yaşadan gözəl bir diyara çevrildiyini müşahidə etdi.

Dövlət başçısı və Birinci vitse-prezident Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.

Prezident İlham Əliyev mərasimdə çıxışı zamanı qeyd edib ki, gözəl, gözoxşayan evlər dövlətimizin gücünü göstərir: “Həmçinin, onu göstərir ki, keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmir. Birinci məhəllədə çoxmənzilli 33 bina inşa edilib. Burada 712 mənzil inşa edilir. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur. Beləliklə, Cəbrayıl şəhərinin birinci yeni yaşayış məhəlləsi istifadəyə verilir”.

Budəfəki səfər zamanı dövlət başçısının yeni sosial obyektlərin, sənaye müəssisələrinin təməlini qoyması Cəbrayılın tezliklə Azərbaycanın, o cümlədən Qarabağın ən gözəl məkanlarından biri olacağını deməyə əsas verir. Bütün dünyada baş verən maliyyə-iqtisadi böhranı şəraitində postmüharibə dövründə bu ilin sonunadək dövlət büdcəsindən azad edilmiş ərazilərin bərpasına 19 milyard manat vəsaitin ayrılması Azərbaycanın böyük imkanlara malik qüdrətli dövlət olduğunu sübut edir.

Bu investisiya qoyuluşları daxili mənbələr hesabına reallaşdırılır və görülən işlər Azərbaycan üçün vacib layihələrdir. Ona görə də daxili mənbələrdən bu istiqamətə vəsaitin ayrılması həyata keçirilib. Azərbaycanın mövcud potensialı həmin investisiya qoyuluşlarını həyata keçirmək və tələb olunan maliyyəni qarşılamaq imkanındadır. Qarabağın və eləcə də Şərqi Zəngəzurun böyük iqtisadi potensialı var. Bu potensialın reallaşması və xüsusən də həmin ərazilərimizdə istehsal ediləcək məhsulların daxili bazara, o cümlədən xarici bazara ixrac edilməsi mühüm əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları potensial baxımından Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdırmaq imkanına malikdir, belə də güman olunur ki, bərpa və yenidənqurma mərhələsindən sonra bu istiqamətdə işlər daha da sürətlənəcək.

Dövlətimizin başçısı, həmçinin çıxışında bildirib ki, ölkəmizə qarşı olan düşmənçilik siyasəti dayanmır: “Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Bu çirkin müraciət bizim iradəmizə təsir edə bilməz. Müraciətin müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır”.

ABŞ Konqresindəki bəzi qrupların ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə açıq şəkildə hörmətsizlik nümayiş etdirərək, Azərbaycandakı vəziyyəti insan hüquqları pərdəsi altında necə təhrif etdikləri təəssüf doğurur. Həmçinin, ABŞ və Fransa Qarabağ problemini canlandırmaq üçün sistemli addımlar atır. Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı və hərbi təcavüzü dövründə azərbaycanlılara qarşı törədilmiş genişmiqyaslı etnik təmizləmə və qətliamlar, eləcə də Azərbaycanın dini və mədəni abidələrinin yer üzündən silinməsi isə əksinə, heç vaxt ABŞ Konqresi tərəfindən qınanmayıb.

Ermənistandan fərqli olaraq, Azərbaycan dəfələrlə erməniləri və azərbaycanlıları birgə yaşamağa və əməkdaşlığa çağırıb və ermənilərin Azərbaycan vətəndaşları kimi bütün hüquq və imtiyazlarla təmin oluna, müdafiə və təhlükəsizlikdən yararlana biləcəklərinə dair təminat verib. Eyni zamanda, regionumuzdakı vəziyyətin dini çərçivədə qarşıdurma kimi qələmə verilməsi narahatlıq doğurur, bu kimi addımlar sülh quruculuğuna və barışığa zərər vurur.

Azad edilmiş ərazilər, o cümlədən Cəbrayıl rayonu böyük turizm potensialına malikdir. Bu infrastrukturlar ölkəmizə gələn turistlərin sayının artması və xüsusən daxili turizmin daha da genişlənməsi üçün yeni imkanlar yaradacaq. Xüsusən də pandemiyadan əvvəlki dövrdə ölkəmizə gələn turistlərin sayı 3,2 milyon nəfər olmuşdur. Azərbaycandan xaricə turist kimi gedənlərin sayı isə 5,7 milyon nəfər idi. Bu isə ondan xəbər verir ki, daxili turizm potensialı kifayət qədər böyükdür.

Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl ilə Bakı arasında olan məsafə 338 kilometrdir.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə Böyük Qayıdış Proqramının sürətli inkişaf mərhələsi uğurla davam etdirilir. Çünki infrastrukturun formalaşması Böyük Qayıdışın bir mərhələsidir. Ümumiyyətlə, məskunlaşma 4 mərhələdə həyata keçiriləcək. Birincisi, minadan təmizlənmə və dəymiş ziyanın qiymətləndirilməsidir. Bununla bağlı işlər davam etdirilir. İkinci istiqamət infrastrukturun formalaşmasıdır. Füzuli və Zəngilan beynəlxalq hava limanlarının qısa müddətdə istifadəyə verilməsi ondan xəbər verir ki, intensiv şəkildə infrastruktur formalaşdırılır. Bu işlərin davamı olaraq Laçın Beynəlxalq Hava Limanının gələn ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır. Nəqliyyat və logistika layihələri də kifayət qədər sürətlə həyata keçirilir. Formalaşdırılmış infrastruktur müasir standartlara uyğun olaraq reallaşır. Digəri isə təbii ki, sosial obyektlərin, inzibati binaların və eləcə də yaşayış evlərinin inşasıdır. Dördüncü mərhələ isə məskunlaşmadır. Bu baxımdan prosesin uğurla həyata keçirilməsi ondan xəbər verir ki, məskunlaşma proqnozlaşdırıldığından və ya bizim gözlədiyimizdən daha tez baş verəcək. Amma təbii ki, məskunlaşma mərhələli şəkildə həyata keçirilən bir prosesdir. Azərbaycanın mövcud gücü, iqtisadi potensialı imkan verir ki, müasir standartlara uyğun infrastrukturu formalaşdırmaqla məskunlaşma prosesini daha intensiv şəkildə, gözləniləndən qısa müddətdə həyata keçirə bilsin.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı sentyabrın 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə (117 nəfər) köçürülüb. Sentyabrın 28-də daha bir köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Cəbrayıla yola düşüb. Bu dəfə 41 ailə (124 nəfər) köçürülüb. Sentyabrın 30-da isə növbəti köç karvanı ilə 40 ailə (123 nəfər) Cəbrayıl şəhərinə yola salınıb.

Cəbrayılda bərpa-quruculuq işləri çərçivəsində müxtəlif müəssisələrin tikintisi ölkənin ümumi iqtisadi inkişafına töhfə verəcək, həmçinin əhalinin məşğulluğunu təmin edəcək. Məsələn, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektarı əhatə edən bu böyük layihə çərçivəsində artıq sənaye parkının rezidentlərinin sayı 12-yə çatıb.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun bütün rayonlarında reallaşdırılan infrastruktur layihələri, tikilən yeni müəssisələr bu ərazilərdə dünyada analoqu olmayan işlərin həyata keçirilməsindən xəbər verir. Sevindirici haldır ki, mərhələli şəkildə doğma yurda qayıdan keçmiş köçkünlər dünyanın ən abad məkanında rahat və firavan şəkildə yaşayacaqlar.

Bədəl Bədəlov,
​Milli Məclisin deputatı