Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur
Azərbaycan poeziyasının dühası və Göyçə aşıq məktəbinin parlaq siması olan Aşıq Ələsgər 1821-ci ildə İrəvan xanlığının Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Aşıq Ələsgər misilsiz bədii-estetik ustalığı ilə xalqının ruhunu əks etdirən əsərlər yaradaraq, ozan-aşıq sənətinin minillik ənənələrinə yeni nəfəs vermişdir. Aşıq Ələsgərin fəlsəfi dərinliyi və poetik lirikası ilə seçilən ədəbi töhfələri Azərbaycan ədəbiyyatı irsinin ayrılmaz hissəsinə çevrilmiş, onun poeziyası Azərbaycan aşıq sənətinin qorunan dünya qeyri-maddi mədəni irs siyahısında yer almasında böyük rol oynamışdır.
Aşıq Ələsgərin zəngin ədəbi irsi Ümummilli Lider Heydər Əliyevin yorulmaz səyləri nəticəsində geniş şəkildə təbliğ olunmuşdur. Heydər Əliyevin təşəbbüsü ilə sənətkarın 150 illik yubileyi dövlətin ən yüksək səviyyələrində qeyd olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi Aşıq Ələsgər yaradıcılığının ümumbəşəri dəyər kimi əbədiləşdirilməsində əvəzsiz rol oynayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ustad sənətkarın abidəsinin ucaldılması məqsədi ilə Sərəncam imzalamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər.
Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq.
İradə Seyidova,
257 saylı məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü