05 oktyabr 2024 14:04
532

Müasir dövrün kommunikasiya problemi?

İnsanların bir-biri ilə harmonik və hörmət çərçivəsində münasibətlər qurması düzgün davranış qaydalarından bilavasitə asılıdır. Bu, həm şəxsi, həm də ictimai münasibətlərdə əsas rola malikdir. Başqalarının fikirlərinə hörmətlə yanaşmaq, empatiya göstərmək kommunikasiyanın keyfiyyətli təşkilinə təsir göstərir.

Müasir dövrün sosial problemləri arasında təəssüf ki, kommunikasiya məsələsi də yer alır. Problemin səbəblərindən bəhs edərkən ilk növbədə mental dəyərlərdən danışmaq yerinə düşər. Məsələn, Azərbaycan mentalitetində ünsiyyətin cins və yaş fərqləri olduğu aşkardır. Bu da öz növbəsində, daha az yaşlarından düşüncələri ifadə etməkdə çətinliklər yaradır. Nəticədə münaqişələr qaçınılmazdır ki, bu da arzuolunmazdır.

Ümumilikdə isə, kommunikasiya probleminin səbəbləri müxtəlif ola bilər:

1) Texnologiyanın təsiri: Rəqəmsal texnologiyaların və sosial medianın geniş yayılması, canlı ünsiyyətin azalmasına səbəb olub. Bu, insanlar arasında yanlış anlaşılmalara və əlaqələrin zəifləməsinə yol açır.

2) Mədəni müxtəliflik: Müxtəlif mədəniyyətlərdən olan insanların fərqli ünsiyyət tərzləri və dəyərləri, anlaşılmazlıqlara və konfliktlərə səbəb ola bilər.

3) Stress və zaman çatışmazlığı: Müasir həyatın tempi və stress səviyyəsi yüksəkdir. Bunun nəticəsidir ki, insanlar effektiv ünsiyyət üçün kifayət qədər vaxt və enerji ayırmaq istəmirlər.

4) Psixoloji faktorlar: Ünsiyyət problemlərinə yol açan faktorlardan bəziləri qorxu, özünə inamsızlıq, sosial narahatlıq ola bilər.

Ünsiyyətin təşkilində yaranan problemlər də öz növbəsində cəmiyyətdə bir çox problemlərin yaranma səbəbi ola bilər. Bu problemlər həm şəxsi, həm də peşəkar sahədə mənfi təsir göstərəcək. Ailə, dostluq münasibətlərində münaqişələrə, iş yerində məhsuldarlığın azalmasına, komanda ilə işin zəifləməsinə, stress və depressiya kimi psixoloji problemlərə yol aça bilər. Bu kimi problemlərin həlli üçün ünsiyyətin açıq və səmimi təşkili, empatiya , dinləmə və kommunikasiya bacarıqlarının inkişafı kimi fərdi istiqamətində tədbirlərlə yanaşı rəqəmsal media savadlılıgı, texnologiyalardan düzgün istifadə ilə bağlı tədbirlərin görülməsi ünsiyyət problemlərinin qarşısını almağa kömək edə bilər.

Nuray Səxavət