04 oktyabr 2024 22:59
617

Cəbrayılda təməli qoyulan yeni müəssisələr yerli əhalinin məşğulluğunun təmin olunmasına töhfədir - Deputat

"Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ilk şəhərimizdir. Müharibə başa çatdıqdan sonra dövlət başçımız bura səfəri zamanı mənzərə həqiqətən də acınacaqlı idi. Bu gün isə şəhərin mənzərəsi tamamilə dəyişib. Prezident İlham Əliyevin səfəri zamanı digər azad olunmuş ərazilərimizdə olduğu kimi, buraya da yeni həyatın qayıtdığını gördük. Cəmi 4 ildə baş verən dəyişikliklər uğurlu və sistemli bərpa-quruculuq prosesinin nəticəsidir. Dövlət başçımızın tapşırığına uyğun olaraq, ilk növbədə minalardan təmizləmə işlərinə start verildi. Çünki böyük qayıdış üçün ilkin şərt təhlükəsizliyin təmin olunması idi. Şəhərdə infrastruktur qurulur, müasir standartlara uyğun yaşayış məntəqələri salınır, sosial obyektlər inşa edilir."

Bu fikirləri "İki sahil"ə açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

N.Məmmədova bildirib ki, dövlət başçımız budəfəki səfər zamanı da Cəbrayılda yeni sosial obyektlərin, sənaye müəssisələrinin təməlini qoydu: "Bu isə yeni iş yerləri deməkdir və yerli əhalinin məşğulluğunun təmin olunmasına töhfədir. Cənab Prezidentin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Cəbrayıl rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Təsadüfi deyil ki, ötən həftə - sentyabrın 26-da Cəbrayıl şəhərinə köç başladı. Bu vaxta qədər 133 ailə, ümumilikdə isə 433 nəfər öz ata-baba yurduna qayıdıb. Prezident İlham Əliyev yeni yaşayış kompleksinin açılışında açarları Cəbrayıl sakinlərinə təqdim etdi."

Deputat vurğulayıb ki, 30 il yurd həsrəti ilə yaşayan soydaşlarımızın rahat və təhlükəsiz yaşayışı üçün bütün addımlar atılır: "Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir. Prezident İlham Əliyevin də söylədiyi kimi, bu, həm də onu göstərir ki, keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmir."