AXCP sədri Əli Kərimlinin uzun illər səsləndirdiyi mülahizələri, fikirləri xatırladıqca “Yuxu” filmində Əlabbasın naçalnikin qızını qaçırması hadisəsi yadıma düşür. Düzdür, Əlabbasın yuxusu sonda çin olur və o, həqiqətən də naçalnikin qızını qaçırır. Ancaq Əli Kərimlinin yuxuları çin olmur, yuxuda gördükləri, mülahizələri nədənsə doğru çıxmır. Hakimiyyətdə olduğu dövrlərdə torpaqlarımızın işğalına imkan yaradan, ölkəni çıxılmaz, böhran vəziyyətinə salan cəbhəçi rəhbərlər, xüsusən Əli Kərimli torpaqlarımızın düşməndən heç vaxt azad olunmayacağını söyləyir, iqtidarı qətiyyətsizlikdə günahlandırırdı. “Qarabağ satılıb”, “Qarabağ ermənilərə peşkəş verilib” fikirləri daimi olaraq gündəmə gətirilir, döyüşə yox mitinqlərə, itaətsizliyə çağırışlar səsləndirilirdi. Bu əlbəttə ki, insanları ələ almaq, ictimai - siyasi sabitliyi pozmaq, ucuz xal toplamaq, gündəmdə qalmaq yolu idi. Azərbaycan xalqı, cəbhəçilərin fəaliyyəti, qabiliyyəti, düşüncəsi ilə tanış olanlar isə deyilənlərə inanmır, saxta çağırışlara məhəl qoymurdular. İnsanlar cənab İlham Əliyevə etibar edir, torpaqlarımızın azad olunmasına inanır, həmin vaxtın gələcəyi günü gözləyirdilər.
Nəhayət həmin gün 27 sentyabr 2020-ci ildə gəldi və ölkə Prezidentinin, Ali Baş Komandanın qətiyyəti, məharəti, uzaqgörənliyi, ordumuzun qüdrəti, döyüşkənliyi, xalqımızın birliyi nəticəsində 44 günə ərazilərimizin çox hissəsi erməni təcavüzkarlarından təmizləndi.
Bundan sonra Əli Kərimli yeni yuxular gördü və silahdaşlarını da bu yuxulara inandırdı. Bir ağızdan bildirdilər ki, artıq müharibə bitdi, Xankəndi olmaqla qalan ərazilər ermənilərə bağışlanılıb. Qarabağ torpaqlarında Rusiyanın sülhməramlıları yerləşdirilir və işğaldan azad olunmamış ərazilərdə Rusiyanın hərbi bazası yerləşdiriləcək və Xankəndi Rusiyanın tabeliyinə veriləcəkdir. Cəbhəçilər ərazilərdə görülən tədbirlər, Ermənistana qarşı yönələn mübarizəyə də qarşı etinasız yanaşdılar, hətta qazanılan tarixi qələbəmizə, ordumuzun, əsgər və zabitlərimizin şücaətinə, qəhrəmanlığına belə kölgə salmağa, xalqı bu uğurların müvəqqəti olduğuna inandırmağa çalışdılar. Ancaq Əli Kərimli və dostlarının dediklərinin əksinə oldu. 23 saatlıq anti - terror tədbirləri nəticəsində düşmən ordusu, separatçılar tamamilə məhv edildi, təcavüzkarların ayağı Qarabağ torpağından silindi. Xalqımız, dost dövlətlər bu qələbəyə - suverenliyimizin tam bərpa olunmasına sevinsələr də Əli Kərimli və ətrafında olanlar bu uğurları kədərlə qarşıladılar. Ermənilərin könüllü Qarabağı tərk etmələrinə yas saxladılar, bunu “yazıq” xalqa qarşı kobudluq, təqib, təhqir kimi qələmə verdilər. Hətta bunun Azərbaycana baha başa gələcəyi barədə fikirlər yürütdülər, ermənilərin geri qayıtmalarını arzuladılar, bu barədə öz ağalarına müraciətlər ünvanladılar. Bu gün Əli Kərimli başda olmaqla yaxınları - Cəmil Həsənli, Rahim Hacıyev, Azər Qasımov, Rauf Mirqədirov, Sevinc Osmanqızı və digərləri Azərbaycan - Türkiyə əbədi qardaşlığına kölgə salmağa ciddi cəhdlər göstərirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 24 - də Nyu - Yorkdakı Türk Evində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünü Azərbaycana xəyanət kimi qələmə verir, iki qardaş dövlətin sağlam, pozulmaz münasibətlərinə xələl gətirmək istəyirlər. Ancaq cəhdlər əsassızdır, Azərbaycan Türkiyə həmişə bir - birinin yanındadır, bir - birlərinin mövqeyindən çıxış edir və əsaslı sülh müqaviləsi imzalanmadan Türkiyə Ermənistanla münasibətlərin yaxşılaşdırılmasına, sərhədlərin açılmasına razı olmayacağını dəfələrlə bəyan etmişdir.
Əli Kərimli bu günlərdə gördüyü yeni yuxusunu sosial şəbəkələrdə paylaşmışdır. O, bildirir ki, Azərbaycan iqtidarı bəzi ölkələrə humanitar köməklik göstərməklə, yardım əlini uzatmaqla xalqın varını - dövlətini talan edir, insanları ac - yalavac vəziyyətinə salır və AXCP sədri bunu hətta xalqa xəyanət kimi qiymətləndirir.
İnsan haqlarından, demokratiyadan, humanizmdən, insana qayğı və diqqətdən, imkansıza köməkdən gen - bol danışan Əli Kərimlinin bu fikirləri dediklərinə tamamilə ziddir və özünü təkzib etməkdir. Dünyaya inteqrasiya olunmağa, beynəlxalq əməkdaşlığa, humanist dəyərlərə, insanların xoşbəxtliyinə zidd olan bu yanaşma Əli Kərimlinin hansı xüsusiyyətlərə, əməllərə malik olduğunu və kimlərə xidmət etdiyini aydın göstərir. Pakistanda məktəbsiz qalan uşaqlara məktəb tikmək, Türkiyədə zəlzələdən ziyan çəkən qardaşlarımıza dəstək olmaq, imkansız, kasıb ölkələrə tibbi ləvazimatlar göndərmək, mədəni - kütləvi tədbirlərə maliyyə vəsaiti ayıraraq, xalqımızın mədəniyyətini, sənətini, adət - ənənəsini təbliğ etmək xalqa xəyanətdirmi?
Türkiyənin Azərbaycana dəstəyini, Qazaxıstan, Özbəkistan, Qırğızıstan respublikalarının işğaldan azad olunmuş ərazilərdə məktəb, mədəniyyət ocaqları tikmələrini, bəzi dövlətlərin bizə edilən yardımlarını həmin ölkələrin öz xalqlarına xəyanəti kimi qiymətləndirmək olarmı?
Azərbaycanın humanist yardımları xəyanət yox, dostluğun, əməkdaşlığın möhkəmləndirilməsi, xalqlar arasında münasibətlərin yaxşılaşdırılması üçündür və bu çox vacibdir, dövrün tələbidir. Xəyanətkar isə Əli Kərimli kimi xalqına, torpağına dönük çıxan, qələbələrimizə kölgə salan, uğurlarımıza sevinməyən, ordumuzun, şəhidlərimizin şücaətlərini, qəhrəmanlıqlarını alqışlamayan, ermənipərəst mövqe tutan, öz bəyanatları, çıxışları ilə düşmənlərimizin yanında olduqlarını sübut edən, xaricdən maliyyə vəsaitləri alıb ölkəmizin əleyhinə işləyənlər, insanları aldadanlar, darda qoyub qaçanlar, çətin gündə onun - bunun kölgəsinə sığınanlardır. Xəyanətkar suverenliyimizin tam təmin olunmasını həzm edə bilməyən, Azərbaycana qarşı yalan - böhtan kampaniyası təşkil edən, müstəqil siyasət yeritməyimizə mane olan, haqqı nahaqqa satan, təcavüzü, müharibəni dəstəkləyib Ermənistanı silahlandıran və Əli Kərimli kimi dönüklərə küllü miqdarda vəsait ayıran, dövlətimizin əleyhinə işləyənlərdir. Azərbaycan dövləti və xalqı müti, rəzil, dilənçi və xain, öz hüquqlarını başa düşməyən deyil. Xalqımız nəyə qadir olduğunu ən çətin anlarda göstərib və göstərir. Mitinqlərə çıxmaqla, yalanlara rəvac verməklə, başqalarına xidmət etməklə xalq qəhrəman ola bilməz. Xalq düşmənə qarşı mübarizədə, torpaqlarının azadlığı uğrunda döyüşlərdə sınanır, qəhrəmanlıq qazanır, sözünü deyir. Necə ki, 44 günlük müharibədə, 23 saatlıq antiterror tədbirlərində qəhrəmanlığını sübut etdi. Xalq vaxtı, qələbə anını düzgün qiymətləndirir, dostu ilə düşmənini yaxşı seçir, döyüşməyi, vuruşmağı, qalib gəlməyi yaxşı bacarır. O hüquqlarını, haqqını bilir, aciz deyil, ac - yalavac deyil, başqalarına nökərlik etmir, problemləri yaxşı anlayır, qələbələrimiz naminə ağrı - acılara dözür, balalarının gələcəyi, torpaqlarımızın azadlığı yolunda çətinlikərə dözür və sabahımıza, gələcəyimizə inanır. Əli Kərimli kimilər isə dövrün reallıqlarını, günün tələblərini heç vaxt dərk etməyiblər, qiymətləndirməyi bacarmayıblar. Dünən də belə idi, bu gün də belədir, sözsüz sabah da belə olacaq. Çünki onlar yuxuda gördüklərinə, xarici havadarlarıın vədlərinə, maliyyə vəsaitlərinə, xəyallara, röyalara inanırlar və nə yaxşı ki, gördükləri yuxular çin olmur, xülyalar, röyalar siyasətə yamaq olan bu adamları daim aldadır.
Tahir Rzayev,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri