05 oktyabr 2024 02:27
534

Nikol Paşinyan Parisdə nə axtarır?..

Azərbaycanın sülhlə bağlı təklifləri aydındır, Ermənistan istəyirsə, həmin təklifləri qəbul etməlidir. Amma  havadarları, xüsusilə Fransa tərəfindən sürətlə silahlandırılan rəsmi İrəvan hələ də bu və ya başqa bəhanələrlə, daha doğrusu, gah nala, gah mıxa vurmaqla sülh gündəliyi ətrafında siyasi spekulyasiyalarla məşğul olmaqdadır. Bir “çətinlik”lə üzləşəndə, yəni  yalan-palanları tükənəndə də üz tutur Makron Fransasına. Bəli, artıq neçə  gündür ki, yarımçıq sülh müqaviləsini imzalamağı əlində bayraq edən Ermənistanın baş naziri Nikol Paşinyan Parisdədir.

Ermənistan mətbuatının verdiyi məlumata görə, Yelisey Sarayında Fransa Prezidenti Emmanuel Makron ilə görüşdə Nikol Paşinyan  Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin maddələrinin 80 faizə qədərinin razılaşdırılmasından söz açmaqla yanaşı, digər  qalan məsələləri  sonraya saxlamaq şərti ilə sülh müqaviləsi imzalamağa hazır olduğunu bir daha dilə gətirib. Üstəlik, ərz edib ki, guya yarımçıq sülh müqaviləsi regionda sülhün və sabitliyin təmin edilməsinə öz töhfəsini verəcək. Bununla da o, özünü “sülh göyərçini” kimi göstərməyə çalışıb.

Fransa Prezidenti Emmanuel Makron da  bu məsələdə Ermənistanı qeyd-şərtsiz dəstəklədiyini, həmçinin Fransa-Ermənistan ikitərəfli münasibətlərinin ardıcıl inkişafına hazır olduğunu bildirib. Bununla da o, utanıb-qızarmadan BMT Baş Assambleyasındakı çıxışındakı “Fransa Azərbaycanın təzyiqi və ərazi gərginliyi qarşısında Ermənistanın yanında möhkəm dayanır. Beynəlxalq ictimaiyyət sülh danışıqlarının uğurla nəticələnməsi və beynəlxalq tanınmış sərhədlərin qorunması üçün yaxında olmalıdır” fikrini bir daha təsdiqləyib.

Yeri gəlmişkən,  onda BMT tribunasını da özünün şər və böhtanlarına şərik etməyə çalışan Makrona deyən olmadı ki, sən axı hansı gərginlikdən, hansı təzyiqdən söz açırsan? Bu gərginlik 30 il əvvəl olub. Bəs bu illər ərzində  ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi Fransa harada idi?  44 günlük Vətən müharibəsindən və 23 saat davam edən lokal antiterror əməliyyatlarından sonra isə problem həllini tapıb. Artıq xeyli vaxtdır ki, Azərbaycan bölgədə sülhün bərqərar olunması istiqamətində əməli addımlar atır. Belə olan təqdirdə isə İrəvanı revanşizmə hazırlayan, təcavüzkar ölkənin açıq-aşkar silahlanmasını həyata keçirən Fransanın Azərbaycanı təzyiqlərdə təqsirləndirməsi qəbuledilməzdir.

Bir sözlə, həmin görüşdə Makron Paşinyana deyib ki, sən Cənubi Qafqazda bizim maraqlarımızı müdafiə elə, oradan möhkəmlənməyimizə dəstək ol,  gerisi bizim işimizdir.  Bununla da Paşinyan bir daha Makron Fransasının Hayastana sadiqliyinə bir daha əmin olub. Bəli, artıq ilana zəhər verən kərtənkələ kimi tanınan Makron  bölgədə gərginliyi artırmaq, onu müharibəyə sürükləmək niyyətindən, Azərbaycana qarşı hədyanlar yağdırmaq, dünya ölkələrini də əleyhimizə qaldırmaq kimi iyrənc siyasətindən əl çəkmək fikrindən çox uzaqdır.  İki avantürist “siyasətçi”nin bu görüşündən bir daha aydın olur ki, onlar əsla bölgədə sülhün bərqərar olmasını istəmirlər. Fransa və Ermənistan liderlərinin bu növbəti görüşündən bundan başqa nəsə gözləmək də doğru olmazdı.

Yeri gəlmişkən, bütün bunlar həmin görüşdən sonra mətbuata açıqlananlardır. Şübhəsiz, Nikol Paşinyan Makrondan digər təlimatlar da alıb. Yəni, çox böyük ehtimalla Ermənistanın baş naziri bu görüşdən yeni əmr, göstəriş və tezislərlə Hayastana qayıdacaq. Zaman keçdikcə onların da şahidi olacağıq. Görəsən, Fransa bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətin heç bir nəticə verməyəcəyini niyə başa düşmür?

Bütün bunlardan sonra “Nikol Paşinyan Parisdə nə axtarır” sualına birmənalı cavab vermək olar: Makronun xeyir-duası ilə Cənubi Qafqazda yeni müharibə ocağını körükləməyi. Amma Nikol Paşinyan unutmasın ki, bu odda yanan elə onun özü, ölkəsi, həmçinin Makron kimi havadarları olacaqlar.

Qvami Məhəbbətoğlu, “İki sahil”