11 sentyabr 2024 01:26
403

Zəfər salnaməmizin şanlı səhifələri

İki il öncə sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərdi ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmək fikrində deyil

İşğalın davam etdiyi 30 ildən çox müddətdə Ermənistan Cənubi Qafqaz regionunda sabitliyi pozub, bölgəni qan çanağına çevirib. 1990-cı illərin əvvəllərində Azərbaycanın torpaqlarının 20 faizini işğal edib, soyqırımlar, faciələr törədib, heç bir beynəlxalq norma və prinsiplərə məhəl qoymayıb, qəbul edilmiş qətnamələri yerinə yetirməyib. 2020-ci ilin yayında daha da azğınlaşmış düşmən növbəti təxribatlara əl ataraq məlum Tovuz hadisələrini törətdi. Bundan sonra Ermənistanın siyasi-hərbi rəsmiləri törətdikləri təxribatdan qürurla danışmağa başladılar. Bundan bir müddət əvvəl Ermənistanın o vaxtkı müdafiə naziri David Tonoyan “ərazi qarşılığında sülh”ü qəbul etmədiklərini bildirərək başqa bir tezis irəli sürmüşdü: “Yeni müharibə – yeni ərazi. Biz rəqibin ərazisində hərbi fəaliyyət göstərə bilmək üçün taqımların sayını artırmalıyıq”. Baş nazir Nikol Paşinyan isə onu dəstəkləyərək hökumət rəsmisinin dediklərini malalamağa çalışsa da, səhvə yol vermişdi: “Tonoyan başqa bəyanatla çıxış etsəydi, onu müdafiə naziri vəzifəsindən azad edərdim”.

Ermənistanın hərbi-siyasi hakimiyyətinin bu kimi çoxsaylı müharibəyə çağırış və işğalçı çıxışlarından sonra Tovuz döyüşləri yaşandı. 2020-ci il il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alındı. Ordumuzun Böyük Qələbəyə doğru irəliləməsi 2016-cı il şanlı Aprel döyüşlərindən, 2018-ci ilin Naxçıvanda uğurlu Günnüt əməliyyatından, 2020-ci il Tovuz döyüşlərindən keçdi. Bundan sonra səbir kasası daşan Azərbaycan nəhayət, 2020-ci ilin payızında düşmənin növbəti təxribatlarına cavab olaraq hərbi əməliyyatlara başladı. Həmin günlər xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, iftixar və qürur mənbəyimizə çevrildi. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya öz gücünü və mübarizliyini göstərdi. Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” sərsəmləməsinə qətiyyətlə “Qarabağ Azərbaycandır və nida işarəsi” cavabını verən Prezidentimiz hər zaman olduğu kimi, bu dəfə də sözünə əməl etdi. Hərbi əməliyyatların ilk günündən Azərbaycan Ordusu öz missiyasını inamla, uğurla yerinə yetirməyə başladı. Ermənistanın işğal dövründə yaratdığı mürəkkəb müdafiə mövqeləri hərbçilərimizin peşəkarlığı və yenilməzliyi nəticəsində qısa müddətdə darmadağın edildi, işğal altındakı rayon və şəhərlərimiz, kənd və qəsəbələrimiz bir-birinin ardınca azad olundu. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan üçtərəfli Bəyanat Azərbaycanın haqlı mübarizədə qalibiyyətinin təntənəsi, Ermənistanın isə 30 illik işğalçılıq siyasətində məğlub olmasının etirafı – kapitulyasiya aktı idi. 44 günlük Vətən müharibəsi nəticəsində rəşadətli Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Ağdam, Laçın və Kəlbəcər şəhərləri isə bir güllə atılmadan azad edildi.

Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də düşmən tərəf hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdı. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olundu. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş vermişdi. Lakin bütün bunlara baxmayaraq, bölgədə davamlı sülhə, Ermənistanla əməkdaşlığa, kommunikasiyaların, 10 noyabr üçtərəfli Bəyanatında nəzərdə tutulmuş Zəngəzur dəhlizinin açılmasına nail olmaq üçün Azərbaycan əlindən gələni edirdi. Bütün səylərini buna yönəldir, humanizm prinsiplərini önə çəkirdi. Qarabağda abadlıq işləri başladı, Qarabağdakı ermənilərin Ermənistanla əlaqəsi üçün Laçın dəhlizinə alternativ yol çəkildi, məhkum olunmuş erməni diversantların əksəriyyəti azad edilib geri qaytarıldı və s. Lakin, belə bir həssas məqamda Ermənistan sözün əsl mənasında növbəti hərbi cinayətə əl atdı. 2022-ci il avqustun sonlarından başlayaraq, demək olar ki, hər gün atəşkəsi pozan, mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutan düşmən sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında genişmiqyaslı təxribat törətdi. Baş verənləri hər kəs təəssüf və ağrı hissi ilə xatırlayır: 80 Azərbaycan övladının şəhid olması hər birimizi dərindən sarsıtdı və kədərləndirdi. Eyni zamanda, yenidən qisas hisslərimizi də körüklədi. Təxribatlar nəticəsində rəsmi məlumata əsasən 135, qeyri-rəsmi məlumatlara görə isə 400-dən çox erməni hərbiçisi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edildi. Bununla yanaşı, Ermənistan silahlı qüvvələri texnika baxımından da böyük itkilər verərək geri çəkilməyə məcbur edildi. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən düşmənin 53 döyüş mövqeyi məhv edilmiş, xeyli sayda strateji yüksəklik nəzarətə götürülmüşdür. Yəni, Ermənistan yenə də heç nəyə nail olmadan geri çəkilməyə məcbur edildi. Azərbaycanın hər bir şəhidinin qisası qətiyyətlə alındı, onların qanı yerdə qalmadı.

İmzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldu. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.

Regionda baş verən son hadisələr fonunda ölkəmizə qarşı qərəzli mövqe sərgiləyərək onu haqsız şəkildə qınayanlar anlamalı idilər ki, həyata keçirilmiş bu cür lokal xarakterli antiterror tədbirləri məhz Ermənistan tərəfindən 10 noyabr 2023-cü il tarixdə imzalanmış üçtərəfli Bəyanatın 4-cü bəndinin tələblərinin kobud şəkildə pozulmasının əməli nəticəsi idi və bütün bunlara yalnız Ermənistan hökuməti məsuliyyət daşıyırdı. Bu baxımdan dinc mülki əhalinin və hərbçilərin təhlükəsizliyinə təhdid yaradan Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması və Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi ölkəmizin təbii və qanuni haqqı idi. Bir zamanlar ölkəmizi təhdid edərək, “Əgər bir daha hərbi əməliyyatlar başlarsa, biz Yevlağa kimi gedəcəyik” deyən, hətta reinteqrasiya proseslərinin müzakirəsi üçün məkan kimi Bakı və Yevlax şəhərlərinə gəlməkdən belə imtina edib öz şərtlərini irəli sürən mənfur düşmən dəmir yumruğun zərbəsini yenidən daddıqdan sonra Yevlax şəhərinə gələrək yardım dilədi. Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs olundu və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli Bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi Qələbəmizin möhtəşəm simvoluna çevrildi.

Sevinc Azadi, “İki sahil”