28 avqust 2024 02:29
543

İndi də ölüm tələləri...

İkinci Qarabağ müharibəsindən bu günədək 370-dən çox insan hayların yeraltı terrorunun qurbanı olub

Ermənistanın işğal dövründə, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ərazilərində minaları yerləşdirməsi beynəlxalq humanitar hüququn ciddi pozuntusudur. Bu əməllər Cenevrə Konvensiyaları və onların əlavə Protokolları ilə qadağan edilir. Cenevrə Konvensiyalarının əsas məqsədi silahlı münaqişələr zamanı mülki şəxslərin və mülki obyektlərin qorunmasıdır. Minalar isə mülki əhalinin həyatını təhlükəyə atır və münaqişə bitdikdən sonra belə uzun müddət ərzində ölümlərə və yaralanmalara səbəb ola bilər. Bu, mülki şəxslərin məqsədyönlü hədəf alındığını göstərir.

Ermənistanın mina siyasəti hərbi təcavüzün davamı kimi qəbul edilə bilər. Bu siyasət azərbaycanlıların işğaldan azad edilmiş ərazilərə qayıtmalarını və bu ərazilərin bərpasını çətinləşdirmək məqsədi daşıyır. Bərpa istiqamətində minasızlaşdırmanın vacib rolunu yüksk qiymətləndirən Azərbaycan 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədini irəli sürüb. Odur ki, Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan fəal dəstək gözləyir. Çünki beynəlxalq ictimaiyyətin bu məsələdə aktiv rolu regionda davamlı sülh və sabitliyin təmin edilməsi üçün vacibdir. Dövlətimiz bu məsələdə də lazım olan tədbirləri görür və əlindən gələni əsirgəmir.

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun başçılıq etdiyi nümayəndə heyətinin 2024-cü ilin 19-30 avqust tarixlərində Tailand Krallığı, Laos Xalq Demokratik Respublikası, Vyetnam Sosialist Respublikası və Kamboca Krallığına işgüzar səfəri təşkil olunub. Qeyd edilən ölkələr mina və müharibənin digər partlayıcı qalıqları təhlükəsi ilə üzləşmiş və bu təhlükəyə qarşı mübarizə sahəsində uzunmüddətli təcrübəyə malik olan dövlətlər sırasındadır. Səfərin detallarına keçməmişdən öncə qeyd edək ki, bu il 30-31 may tarixlərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) BMT-nin İnkişaf Proqramı (BMTİP) ilə birgə təşkil etdiyi “Minaların ətraf mühitə təsirinin azaldılması - Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfrans zamanı Agentlik və BMTİP arasında “Azərbaycan Respublikası ərazisində ANAMA-BMTİP-nin Mina Təhlükəsi ilə Mübarizə üzrə Beynəlxalq Qabaqcıl Təcrübə və Təlim Mərkəzi”nin yaradılmasında əməkdaşlığa dair Niyyət Bəyannaməsi imzalanıb. İşgüzar səfərin məqsədi yaradılacaq Mərkəzlə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, mina problemi ilə üzləşmiş bir sıra xarici dövlətlərdə yerləşən müvafiq mərkəzlər və bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsidir.

Səfər çərçivəsində rəsmi görüşlərlə yanaşı, təlim mərkəzləri və minatəmizləmə əməliyyatlarının icra edildiyi sahələrdəki fəaliyyətlə tanışlıq məqsədilə bölgələrə səfərlər planlaşdırılır. Səfər həm də Azərbaycanın üzləşdiyi mina problemi və onun aradan qaldırılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər barədə həmin ölkələrin və qeyd olunan regional təşkilatın ətraflı məlumatlandırılmasına və bununla da problemə beynəlxalq diqqətin artırılmasına müsbət təsir edəcək.

Göründüyü kimi, Elçin Əmirbəyovun başçılıq etdiyi nümayəndə heyətinin səfəri Azərbaycanın mina problemi ilə mübarizədə beynəlxalq təcrübə və əməkdaşlığa yönəldilmiş vacib bir addımdır. Eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki mina və partlamamış hərbi sursat problemi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq.

Ötən illərdə Ermənistanın işğal etdiyi ərazilərə basdırdığı minaların miqdarı çox böyükdür. Otuz il ərzində Ermənistanın işğal altında saxladığı və Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunan Qarabağ və Şərqi Zəngəzurda təxminən 1,5 milyon mina basdırılıb. Hətta 2020-ci ildə 10 noyabr Bəyanatına əsasən Ağdamı, Kəlbəcəri və Laçını tərk edən ermənilər xain xislətlərinə uyğun olaraq həmin yerləri də əlavə minalarla kortəbii şəkildə çirkləndiriblər. Bu günlərdə üçtərəfli Bəyanatın qəbul edildiyi 2020-ci il noyabrın 10-dan 2024-cü il iyulun 31-nə qədər azad edilmiş ərazilərdə aşkarlanan minaların ümumi sayı açıqlanıb. Bu barədə "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi layihəsinin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirdi. O, diqqətə çatdırıb ki, 152 619 hektar ərazidə ümumilikdə 126 663 mina və partlamamış hərbi sursat aşkarlanıb. Onlardan 32 940 mina piyada əleyhinə, 19 956 mina tank əleyhinə, 73 767 mina isə partlamamış hərbi sursatdır. Ümumilikdə isə 1 166 702 hektar ərazidə minaların olması güman edilir. Bunun da 211 800 hektarı yüksək və 954 902 hektarı orta və aşağı çirklənmə səviyyəsindədir. Minalar üzrə ekspertlərin Beynəlxalq Böhran Qrupuna verdikləri ilkin məlumatlara görə, azad edilmiş ərazilərin təxminən beşdəbiri yüksək dərəcədə çirklənmiş və təxminən üçdəikisi humanitar minatəmizləmə üçün prioritet sahə kimi təsnif edilir.

Azərbaycan düşmənin bu kimi çirkin əməlləri qarşısında humanitar minatəmizləmə fəaliyyətini dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirib. Azərbaycan hökuməti humanitar minatəmizləmənin 94-95 faizini dövlət büdcəsi hesabına həyata keçirir. İşğaldan azad edilmiş ərazilərdə mütəmadi olaraq mina-tələlərə rast gəlinir. Şuşa rayonunun Daşaltı, Laçın rayonunun Zabux və Sus, Xocalı rayonunda, Ağdam rayonunun Orta Qarvand, Xocavənd rayonunun Bulutan kəndlərinin ərazisində, Füzuli rayonunun Qorqan kənd qəbiristanlığında ölümcül partlayış törətmək məqsədi daşıyan mina tələlər tapılaraq zərərsizləşdirilib. Ən çox mina-tələlərə Xankəndi şəhəri ərazisində rast gəlinir.

Ölkəmizin bu təhdidə son qoymaq məqsədilə minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən təqdim edilməsinə dair dəfələrlə çağırışlar edilməsinə baxmayaraq, işğalçı dövlət uzun müddət ərzində ümumiyyətlə belə xəritələrin mövcudluğunu inkar edib. Beynəlxalq ictimaiyyət tərəfindən göstərilən təzyiqlər nəticəsində təqdim olunmuş minalanmış ərazilərin kiçik bir hissəsinin əhatə olunduğu məlumatların etibarlılığı isə cəmi 25 faiz təşkil edib. Son dövrlərdə baş verən mina hadisələrinin 55 faizdən çoxu təqdim olunmuş məlumatların əhatə etdiyi ərazilərdən kənarda baş verib.

Təəssüf ki, dəqiq mina xəritələrinin təqdim olunması və mina təhdidinin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərmir. Məhz bu səbəbdən də minalar can almağa davam edir. Bu sırada ən son hadisə avqustun 24 – də Füzuli rayonunun Zərgər kəndi ərazisində baş verib. Füzuli rayon kənd sakini, tikinti işlərinə cəlb edilmiş 1978-ci il təvəllüdlü Aslanov Racu Murad oğlu mina və digər partlayıcı sursatlardan təmizlənməmiş ərazidə baş verən sursat partlayışı nəticəsində müxtəlif bədən xəsarətləri alıb.

Baş vermiş hərbi sursat partlayışına etirazında Ombudsman Səbinə Əliyeva bildirib ki, Ermənistanın mina terroru mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına təhlükə yaratmaqda davam edir. İkinci Qarabağ müharibəsindən bu günədək 370-dən çox insan ermənilərin yeraltı terrorunun qurbanı olub. Ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim olunmaması insanların həyat və sağlamlığına təhlükə yaratmaqla yanaşı, keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz qayıdışına, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına, bölgədə aparılan bərpa-quruculuq işlərinə ciddi maneə törədir. Həmçinin həmin minaların partlaması regionda ekoloji tarazlığın pozulması və ekoloji böhranın yaranması ilə nəticələnir. Ermənistanın mina terroruna beynəlxalq ictimaiyyətin səssiz qalması günahsız insanların həyat və sağlamlığına qəsd etməklə bərabər, fundamental insan hüquq və azadlıqlarının pozulmasına səbəb olmaqdadır.

Nigar Orucova, “İki sahil”