17 avqust 2024 03:02
569

Vətən sizə əmanətdir!

Dövlət Sərhəd Xidməti-105

Sərhədlərimizin toxunulmazlığı keşiyində ayıq-sayıq dayanan, «yaşıl papaqlı» cəsur sərhədçilərimiz onlara əmanət edilən torpaqlarımızı qanları, canları bahasına qoruyurlar

…Məktəb illərində eşitdiymiz «Vətən sərhəddən başlayır!» aforizmi ilə şüurumuzda formalaşan torpağa, yurd yerinə bağlılıq kimi müqəddəs hisslər gənclik dövründə püxtələşərək vətənpərvərlik duyğuları, vətəndaşlıq məsuliyyəti ilə zənginləşir. Yaşadığı evin çəpərindən, ayaq basdığı torpaqdan başlanan «uşaqlıq sərhəd»in məskuşlaşdığı kəndin, şəhərin hüdudlarını aşması ilə Vətəninin böyüklüyünü, torpağının toxunulmazlığını, yurd yerinin müqəddəsliyini dərk edən, şəxsiyyət kimi formalaşan gənclərimiz arasında sərhədçi peşəsini sevənlərin sayının artması təsadüfi deyil. Vətənimizi, torpağımızı sərhədlərimizi göz bəbəyi kimi qoruyan «yaşıl papaqlı» igidlərimiz «Vətən gözdür, biz kirpik, gözümüzü qoruyaq» kəlamına uyğun cəsarətlə sərhədlərimizin keşiyində ayıq-sayıq dayanırlar. Ölkəmizin ən ucqar yerlərində, keçilməz cığırlarında izləri qalan sərhədçilərimiz vəzifə borclarını layiqincə yerinə yetirirlər.

…18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayır. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib. Həmin illərdə dövlət sərhədinin mühafizəsi, əsasən şəxsi heyətin fiziki imkanları və SSRİ dövründən qalmış, fiziki və mənəvi cəhətdən köhnəlmiş mühəndis-texniki qurğular və texniki vasitələr hesabına həyata keçirilib. Xidmətin ilk illərində sərhəd məntəqələri vaqonlarda, çadırlarda və ən yaxşı halda, uyğunlaşdırılmış binalarda yerləşirdi. Bütün çətinliklərə baxmayaraq Vətənin hər qarışını qanı, canı bahasına qoryan sərhədçilərimiz yadellilərin torpağımıza ayaq basmasına imkan verməyib. 1991-ci ilin 18 oktyabrında «Müstəqillik haqqında Konstitusiya Aktı»nı qəbul etdikdən sonra milli dövlət quruculuğunun bərpası işlərinə uyğun olaraq bu sahədə də yeniliklər həyata keçirildi. Dahi Öndər Heydər Əliyevin 2000-ci il avqust ayının 16-da imzaladığı Fərmanla 18 avqust sərhədçilərin peşə bayramı günü kimi təsbit olunmuşdur. Bununla da Azərbaycanda dövlətçilik ənənələrinin dərin köklərə söykəndiyi və bu əlamətdar günün yalnız Azərbaycan sərhədçiləri üçün deyil, xalqımız və dövlətçilik tariximiz üçün də mühüm olduğu təsdiqlənmişdir. 

…Məlum səbəblərə görə 1990-cı ildə Moskvadan Azərbaycana qayıdan, Kremlin göstərişləri ilə idarə olunan respublikanın o zamankı iqtidarının ədalətsiz davranışından narahat olan fərdi pensiyaçı Heydər Əliyev doğulub, boya-başa çatdığı Naxçıvana üz tutur. Burada hörmətlə qarşılanan, sonradan Naxçıvan Ali Məclisinin Sədri kimi həyati əhəmiyətli islahatlar aparan, muxtar respublikanı Ermənistanın təcavüzündən qoruyan Ulu Öndərin daha çox diqqət göstərdiyi sahə ata yurdunun müdafiəsi idi.

Naxçıvan MR Ali Məclisinin 25 iyul 1992-ci idə keçirilən sesiyasında Rusiyanın Müdafiə Nazirliyi, Zaqafqaziya hərbi dairəsinin Naxçıvanda yerləşən 75-ci motoatıcı diviziyasının ləğvi və hərbi hissənin bütün silah-sursatının, texnika və avadanlığının, təsərrüfat əmlakının muxtar respublikada saxlanılması ilə bağlı məsələ müzakirə olundu. Sessiyada qəbul olunan qərara əsasən həmin diviziyanın əsgər və zabitlərinin son dəstəsi muxtar respublikanı tərk etdi. Eyni qayda muxtar respublikada fəaliyyət göstərən, SSRİ-nin cənub sərhədini qoruyan 41-ci sərhəd qoşunlarına da tətbiq edildi. Sovet İttifaqının mövcud olduğu məqamda bu cür qərarların qəbulu təbii ki, böyük cəsarət, uzaqgörənlik tələb edirdi. Respublikaya ilk rəhbərliyi dövründə hərbi sahədə milli kadrların hazırlanması üçün Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaradan, uzaqgörən siyasətini illərdən sonra Naxçıvanda davam etdirən Ulu Öndər Heydər Əliyev hələ o illərdə İkinci Qarabağ müharibəsində fədakarlıq göstərən əsgər və zabit heyətinin formalaşdırılımasını təmin etdi. Beləliklə, Azərbaycan Respublikası ilə qonşu İran və Türkiyə arasındakı 215 km məsafədəki dövlət sərhədi Azərbaycanın I Sərhəd Dəstəsinə tapşırıldı.

21 oktyabr 1992-ci ildə Naxçıvandakı Birinci Sərhəd Dəstəsinin yerləşdiyi şəhərcikdə keçirilən andiçmə mərasimində çıxış edərək əsgərlərə xeyir-dua verən Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyev bu tarixi hadisəni müqəddəs gün adlandırdı: « Siz indi müstəqil Azərbaycan dövlətinə sədaqətlə xidmət etmək andı içdiniz. Bu and müqəddəs anddır. Azərbaycan xalqının son 70 ildə hərbi xidmətə gedən oğulları daim Sovet ordusuna, Sovet dövlətinə, Sovet silahlı qüvvələrinə sədaqətlə xidmət edəcəklərinə and içərdilər. Bu , o dövrün xarakterik cəhəti idi. İndi isə bizim üçün ən fərəhli, ən xoşbəxt məqam ondan ibarətdir ki, Azərbaycan müstəqil dövlət olub. Azərbaycan xalqı öz milli azadlığına nail olub və indi müstəqil dövlətin atributlarını yaratmaq işi ilə məşğuldur. Bu baxımdan ən mühüm sahə olan sərhəd qoşunlarının yaradılması prosesi gedir.Biz bu gün çoox böyük məmnuniyyt hissi ilə müstəqil Azərbaycan dövlətindəsərhəd qoşunlarının yaradılması məhz buradan, Naxçıvandan, Azərbaycanın bu qədim diyarından başlandığını qeyd edirik.»

Xatırladaq ki, 1989-cu ildə Naxçıvanda başlanan «sərhəd hərakatı»nda iştirak edən naxçıvanlıları «bir qrup ekstremist», «cinayətkar ünsür» kimi təqdim edən SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyinin qara yaxdığı həmin gənclərə « yenilməz, qırımızı ulduzlu Sovet sərhədçilər»inin vəzifələrini davam etdirmək vəzifəsi həvalə olundu. 2000-ci ildən etibarən avqustun 18-i tarixinin sərhədçilərin peşə bayramı kimi rəsmiləşdirilməsi də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Üçrəngli Bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə Naxçıvanda I Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilinə qədər bütün proseslər Ulu Öndərin adı ilə bağlıdır.

2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu, həm də Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsinin göstəricisi idi.

Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində DSX-nin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd dəstələri və zastavaları yaradılıb. Azərbaycan sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunması tam təmin olunub. Dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi sürətləndirilib, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkilinə diqqət artırılıb. Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülüb. Son illər yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti-döyüş şəraitinin yaxşılaşdırılması, hərbçilərin peşə bacarıqlarının, səfərbərlik və döyüş qabiliyyətlərinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminatı sahəsində də mühüm addımlar atılıb. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması Vətənimizin sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynayıb. Xidmətin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsi, ən müasir texniki vasitələrin tətbiqi ilə quru, su və hava sərhədlərimiz ən etibarlı səviyyədə qorunur. Yeni zastavaların yaradılması ilə
 mühafizə infrastrukturu gücləndirilir, idarəetmə sistemi təkmilləşdirilir, müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiqi genişləndirilir.

44 gün davam edən İkinci Qarabağ müharibəsinin Zəfərlə başa çatmasında önəmli xidmətləri olan sərhədçilərimizin fədakarlığı xüsusilə qeyd olunmalıdır. Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında şücaət və qəhrəmanlıq göstərən sərhədçilərimiz Vətənə sədaqətlərini, döyüş qabiliyyətləri ilə təsdiqlədilər. Vəzifə məsuliyyətlrini yüksək səviyyəli döyüş hazırlıqları ilə yerinə yetirən sərhədçilərimizin strateji yüksəkliklərdə qaldırdıqları Azərbaycan bayraqları, Ali Baş Komandan İlham Əliyevə verdikləri raportlar Vətənə sədaqət andı idi.

DSX tərəfindən «Harop», «Quzğun» və «Hermes» pilotsuz uçuş aparatlarının peşəkarcasına tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirildi, ümumilikdə 290 düşmən hədəfi məhv edildi. Döyüş əməliyyatlarına daxil edilən «Tufan» və «Şahdağ» tipli sərhəd gözətçi gəmiləri mürəkkəb şəraitdə sürətli üzmə qabiliyyətinə malik olmaqla mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlıqları ilə təmin olunub. Müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı komplekslər, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycanın sərhəd mühafizəsinin potensialını nəzərə alaraq, Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədinin mühafizəsini də sərhədçilərə həvalə etdi.

Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin nümunəsi olan Laçın sərhəd-buraxılış məntəqəsinin açılması ilə Azərbaycanın bölgədə söz sahibi olması təsdiqləndi. Xankəndi- Xəlfəli- Turşsu yolu ilə separatçılara Fransadan, İrandan silah- sursat daşıyanlara öldürücü zərbə oldu. Laçın sərhəd buraxılış – keçid məntəqəsinin yaradılmasını «humanitar fəlakət» kimi təqdim edənlərə, Üçrəncli Bayrağımıza qarşı hörmətsizlik göstərən separatçıların təxribatlarına, təhlükəsizliyi qoruyan əsgərimizə qarşı silahlı müdaxiləyə layiqincə cavab verən sərhədçilərimiz xalqımıza xas humanist rəftarları ilə də düşmənə insanlıq dərsi verdilər. Xankəndinin təcili yardıma ehtiyacı olan erməni əsilli Azərbaycan vətəndaşının azərbaycanlı həkim tərəfindən müalicə edilməsi də xalqımıza xas xeyirxahlığın nümunəsi idi. Bu tarixi hadisəyə ən layiqli dəyər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən verildi. 2023-cü il avqust ayının 26-da «Laçın Şəhəri Günü» bayram tədbirində çıxış edən Prezident İlham Əliyevin «Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq» sözləri sərhədçi peşəsinə verilən yüksək dəyər idi.
Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi Qarabağdakı separatçı qüvvələr, revanşistlər üçün də təhlükəsiz ötüşmədi. Artıq tarixin arxivinə qovuşmuş «Dağlıq Qarabağ respublikası»nın keçmiş «dövlət naziri» Ruben Vardanyan, Xocalıda insanlıq əleyhinə ağır cinayətlər törətmiş digər separatçılar da cəsur sərhədçilərimiz tərəfindən zərərsizləşdirildi. «Laçın» dövlət sərhəd- buraxılış məntəqəsində saxlanılaraq cinayət məsuliyyətinə cəlb edildilər. 

Ötən ilin sentyabrında Qarabağda aparılan lokal xarakterli anttiterror tədbirlərindən sonra Xankəndini könüllü tərk edən ermənilərə tibbi yardım göstərən sərhədçilərimiz onları daha çox ehtiyac duyulan ərzaq, tibbi lavazimatlarla da təmin etdilər. Beləliklə , Prezident İlham Əliyevin «Biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda Laçın yolu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır» sözləri haylara cavab oldu.
Hayastanın sərsəm rəhbərliyi kimi, Fransanın siyasətdən bixəbər Prezidenti Emmanuel Makrona bir daha xatırladıldı ki, siyasi, hərbi, iqtisadi sahədə bütün istəklərinə nail olan Azərbaycan qarşısına qoyduğu tələblərin yerinə yetirməsində israrlıdır.

Bu ilin may ayında Ermənistanın işğalından azad edilən Qazax rayonunun Baqanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərində ucaldılan Azərbaycan Bayrağı ilə qoşa dayanan sərhədçilərimizin qətiyyəti düşmənə göz dağı oldu. Bu bayraqlar Vətən müharibəsində şəhid olan DSX-nin 47 hərbi qulluqçusunun ruhunun əbədiləşdirilməsidir.

Sərhədçi rəşadəti daim yüksək qiymətləndirilir. Dövlət başçımızın imzaladığı sərəncamlarla ölkəmizin dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə DSX-nin əməkdaşlarının ali rütbə, orden və medallarla təltif edilməsi sərhədçilərimizin xidməti vəzifələrini peşəkarlıqla yerinə yetirmələrinə və vətənpərvərliyinə verilmiş diqqət və qayğının növbəti təzahürüdür. Qazilərin müalicəsinə, onlara müharibə veteranı adının verilməsinə diqqətlə yanaşılır. Şəhid olmuş sərhədçilərin övladlarının DSX-nin Xüsusi Məktəbində təhsil almalarına tam şərait yaradılıb. 
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin «İstənilən ölkənin təhlükəsizliyi onun sərhədlərinin təhlükəsizliyi ilə təmin olunur. Sərhədlər nə qədər etibarlı qorunarsa, o qədər də vətəndaşlarımız sülh və əmin-amanlıq şəraitində yaşayacaqdır. Buna görə biz Azərbaycanda sərhəd xidmətinin inkişafına böyük diqqət yetirmişik və yetirəcəyik» sözləri sərhədçi fədakarlığına verilən ən layiqli qiymətdir.

Biz də torpağımızı, yurd yerlərimizi göz bəbəyi kimi qoruyan sərhədçilərimizi yubileyləri münasibətilə təbrik edirik və deyirik: «Vətən sizə, Siz isə Allaha əmanətsiniz Tanrı sizi qorusun!»

Xuraman İsmayılqızı, «İki sahil»