10 avqust 2024 00:59
598

Ölümsaçan yeraltı kabus

Prezident İlham Əliyev: Bu gün Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər

İkinci Qarabağ müharibəsindən sonra qalib Azərbaycanın məğlub Ermənistana qarşı irəli sürdüyü tələblərdən biri də işğaldan azad edilmiş ərazilərdə basdırılmış minaların xəritələrinin verilməsi idi. Lakin Ermənistan həmin xəritələri verməkdən hələ də müxtəlif bəhanələrlə  boyun qaçırır ki, bu da beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətin tərkib hissəsidir. Ona görə də ölkəmiz Ermənistana qarşı beynəlxalq məhkəmələrdə  hüquqi prosedurlara başlayıb. Güman edirik ki, bu istiqamətdə ədalət öz sözünü deyəcəkdir.

Bu gün Azərbaycan qədər əraziləri minalarla çirkləndirilmiş ikinci bir ölkə yoxdur. İlkin hesablamalara görə, Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırmışdır. İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 302 nəfər vətəndaşımız bu minaların qurbanı olmuşdur. Onlardan 57-si həyatını itirmiş, 245-i isə ağır yaralanmışdır. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın vətəndaşımız minalardan zərər çəkmiş, onlardan 587-si həyatını itirmişdir. Mina qurbanlarının 358-ni uşaq, 38-ni isə qadınlar təşkil edir.

Həmçinin Ermənistan keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirmişdir ki, bu da mina qurbanlarının sayı gündən-günə artmasına səbəb olur. Prezident İlham Əliyev çıxışlarında bu barədə deyib: « Bu gün Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər.»

Bütün bunlara rəğmən demək olar ki, Ermənistan 1999-cu il Ottava Konvensiyasının piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edən bəndlərini, «Müharibə qurbanlarının müdafiəsi haqqında» 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 10 oktyabr 1980-ci il «Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında» Konvensiyanın ikinci protokolunun tələblərini kobud şəkildə pozub. Beynəlxalq konvensiyalara görə, piyada əleyhinə minaların tətbiq olunması qəti qadağandır və bu, cinayət hesab edilir. Lakin bu çərçivədə müvafiq beynəlxalq təşkilatlar Ermənistanın beynəlxalq hüquqazidd davranışlarının qarşısının alınmasına heç bir addım atmayıblar. Nəticə etibarilə Ermənistanın hələ də  minalanmış ərazilərin xəritələrinin ölkəmizə tam təhvil verməməsi mina qurbanlarının sayını artırır. Qeyd edək ki, piyadalar əleyhinə minaları qadağan edən  «Landmine Monitor 2023» beynəlxalq təşkilatı ötən il Cenevrədə nəşr etdirdiyi hesabatda Ermənistanı piyadalar üçün mina istehsal edən ölkələr siyahısına salıb. Bununla da hesabatda bir daha ölkəmizin 44 günlük müharibədən sonra Ermənistan tərəfindən Azərbaycan ərazilərinə minaların daşınması və yerləşdirilməsi ilə bağlı əsaslı tələbləri öz təsdiqini tapmış olub.

Artıq 3 il yarımdır ki, işğaldan azad edilən ərazilərimizin bərpası və doğma yurd-yuvalarımıza həyatın qaytarılması Azərbaycanın əsas strateji hədəflərindən biridir. Lakin dədə-baba torpaqlarımızda ölümsaçan minaların hələ də aşkar edilərək zərərsizləşdirilməməsi  prosesin ləngiməsinə səbəb olur. Bu təxribatlar  həm də yeni insidentlərin baş verməsinə səbəb olur ki, bunun da məsuliyyəti birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bütün bunlara rəğmən qüdrətli Azərbaycan dövləti suveren ərazilərini öz gücü hesabına minalardan təmizləməkdə davam edir.

Bu günə qədər aparılan minatəmizləmə prosesi nəticəsində 140 min hektara yaxın sahə 120 mindən çox mina və partlamamış hərbi sursatlardan təmizlənib. 2027- ci ilin ilk aylarına qədər isə daha 280 min hektar ərazi minalardan təmizlənmiş olacaq. Lakin minalanmış ərazilər bundan daha genişdir. Minatəmizləmə sahəsində səmərəliliyin artırılması üçün davamlı şəkildə müvafiq işlər görür və hazırda imkanlarımız əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Azərbaycanda ötən ildən başlayaraq qadın minatəmizləyən qrupları da fəaliyyətə başlamışdır.

Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək üçün çoxsaylı təşəbbüslərlə çıxış edib. Belə ki, Azərbaycanın təşəbbüsü ilə «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasına Tərəf Ölkələrin 2023-cü ildə keçirilmiş 15-ci görüşündə «Minaların mədəni irsə təsiri» ilə bağlı qətnamə qəbul edilmişdir. Qeyd edək ki, bu ilin mayın 30-da Zəngilanda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə «Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması» mövzusunda III beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilib. Konfransda 75 ölkədən 300-dən çox nümayəndə iştirak edib. Xüsusilə iştirak¬çılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzləri¬nin rəsmilərinin, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin və¬zifəli şəxsləri də olublar. Konfrans çərçivəsində ANAMA və BMT-nin İnkişaf Proqramı arasında niyyət sənədi imzalanıb. Bu əlamətdar hadisə Azərbaycanın bu sahədə öz təcrübəsini oxşar problemlərlə üzləşən digər ölkələrlə bölüşməyinə də kömək edəcəkdir.

Bu gün Ölkəmiz minatəmizləmə prosesində texniki təchizata xüsusi önəm verir. 3 ildir  xaricdən minatəmizləmə maşınları alan Azərbaycan artıq öz texnikasını istehsal edir. Belə ki, son dövrlərdə «İmprotex» Şirkətlər Qrupunun «Revival P» minatəmizləmə maşınının testləri keçirilib və özünü doğruldub.

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) bu ilin əvvəlində  yaydığı məlumatda bildirilib ki, Ermənistan tərəfindən yerləşdirilmiş minalar günahsız dinc əhali üçün təhlükə yaratmaqda davam edir. Nazirlik onu da bəyan edib ki, hər bir dövlət  mina xəritələrinin verilməsi üçün Ermənistana təzyiq etməlidir. Çünki bu, Azərbaycan xalqına qarşı hələ də davam edən bəşəri cinayətdir.

Bəzi siyasi şərhçilər bu qənaətdədirlər ki, Ermənistan minalı ərazilərin xəritəsini verməməklə gözlənilən sülh danışıqlarında əlavə üstünlüklər qazanmağa çalışır. Amma bu, avantüradan başqa bir şey deyil. Belə ki, 3 ildən çox bir müddətdə davam edən danışıqlara rəğmən rəsmi İrəvanın minalı ərazilərin xəritəsinin hələ də Azərbaycana vermək istəməməsi bəşəri cinayətdir. Eyni zamanda, bu, sülhə hazırlıq dönəmində iki ölkə arasında qarşılıqlı etimad mühitinin yaranmasına mənfi təsir edir.

Təbii ki, müharibə cinayəti törədən ölkənin yanında duran havadarları da ən azı Ermənistan qədər bu məsələdə günahkardırlar. Ona görə də Azərbaycan XİN sözügedən məlumatında minalanmış ərazilərin xəritəsinin ölkəmizə verilməsinə mane olan xarici qüvvələri,  xüsusilə Fransanı da məsuliyyətli olmağa çağırır. Çünki rəsmi Paris sülh danışıqlarında özünü vasitəçi  kimi təqdim etməyə çalışsa da əksinə son 30 ildə Ermənistanın işğalçılıq siyasətinə tərəfkeşlik edərək bu gün də minalanmış ərazilərin xəritəsinin verilməməsi üçün Ermənistana təzyiq edir. Əlbəttə, Makron hakimiyyəti anlayır ki, minalı ərazilərin dəqiq xəritəsinin Azərbaycana təhvil verilməsi sülh üçün əlavə töhfə olar. Fransa isə buna qarşıdır.

Qeyd edək ki, rəsmi İrəvan indiyədək Azərbaycana guya minalanmış ərazilərə dair 8 xəritə  verib. Lakin sonradan məlum olub ki, bu xəritələr heç də dəqiq deyil və sadəcə, çaşqınlıq yaratmaq məqsədi daşıyır. Məsələn, ötən il ölkə ərazisində qeydə alınan mina partlayışlarının 55 faizindən çoxu Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə olub. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi isə bildirmişdi ki, həmin xəritələrin dəqiqliyi cəmi 25 faizdir. Bu isə bir daha Ermənistanın  qeyri-səmimiliyinin, hələ də müharibə cinayətinin təşkilatçısı olduğunu  təsdiq edir.

Elçin Zaman, «İki sahil»