06 avqust 2024 01:40
667

Ən qorxulu təhlükə "gizli düşmən" mina terrorudur

Torpaqları minalarla çirklənməyə görə dünyada ilk beşlikdə yer alan Azərbaycanın hədəfi gələcək nəsillər üçün təhlükəsiz həyat, biomüxtəlifliyin təmin edilməsidir

İşğaldan azad edilmiş torpaqlara «Böyük Qayıdış» proqramının sürətlənməsinə başlıca maneənin erməni silahlıları tərəfindən viran qoyulmuş ərazilərimizin minalardan təmizlənməsi olduğunu bildirən Prezident İlham Əliyev Ermənistan tərəfindən basdırılan mina xəritələrinin Azərbaycana verilməməsini bəşəriyyət əleyhinə cinayət adlandırır. Bu məsələ ilə bağlı ciddi mesajlarını «Çünki minalar müharibə bitəndən sonra üç yüzdən artıq insanın həyatına son qo­yub və ya onları ağır şəkildə yaralayıb­dır. Yəni, üç yüzə yaxın minanın part­laması azad olunmuş ərazilərdə baş vermişdir. Bu isə müharibə cinayətidir, minaları basdırmaq müharibə cinayə­tidir. Amma həmin minaların xəritəsini təqdim etməməsi Ermənistanın bizə qarşı olan terrorunun davamıdır. Biz bilirik ki, o xəritələr onlarda var, çünki minalar məhz belə basdırılır. Minaları basdıranların əlində xəritə olur, çünki onlar özləri həmin minaya düşə bilər­lər» sözləri ilə çatdıran Prezident İlham Əliyev bütün dünya xalqlarını mina terroruna qarşı birgə mübarizəyə səsləyir.

Son zamanlarda minaların partlaması nəticəsində həyatlarını itirənlərin, ciddi zədə alanların sayının artması narahatlıq doğrur. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə mane olan bu məsələ ilə əlaqədar ciddi tədbirlər görülür. Lazımi avadanlıqlar, xüsusi təyinatlı maşınlar alınır. Artıq Azərbaycanda minaları axtaran, zərərsizləşdirən maşınların istehsalına da başlanılıb. Bu sahədə zəngin təcrübəyə malik ölkələrin mütəxəssisləri ölkəmizə dəvət olunur. Minatəmizləmə agentliyi ANAMA Müdafiə Nazirliyinin mü­vafiq bölmələri və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilə birlikdə ərazilərin minalardan təmizlənməsi prosesində birgə fəaliyyət göstərirlər. Ən müasir metod kimi dronlardan istifadəyə diqqət artırılır. 1 milyondan artıq minanın zərərsizləşdirilməsi üçün isə uzun müddətli prosesdir.

İslamofobiya xəstəliyinə tutulmuş hayların azərbaycanlılara nifrətinin çirkin təzahürü olan «minalardan ibarət meşə» salmaq niyyəti bu toplumun xəyanətkar xislətindən qaynaqlanır. Ancaq onlar bilməlidirlər ki, İkinci Qarabağ müharibəsində Ermənistana kapitulyasiya aktını imzaladan Azərbaycan xalqı bu çə­tinliyin də öhdəsindən gələcək, barlı-bərəkətli Qarabağımız əvvəlki cah-cəlalına qovuşacaq.

Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş ölkələrdən sayılır. Bəllidir ki, işğaldan azad edilmiş ərazilərdə baş verən mina partlayışları Ermənistanın xalqımıza qarşı törətdiyi hərbi cinayətlərin sayını artırır. Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulması olan mina terrorunun qurbanlarının sayının artması davam edir. Qəddarlığı ilə tanınan ermənilər torpaqlarımızın işğalı zamanı əsir götürdükləri soydaşlarımıza qarşı amansız rəftarlarını, hərbi cinayətlərini ərazilərimizdə minalar basdırmaqla da davam etdirirlər. Vətən müharibəsindən, lokal xarakterli antiterror əməliyyatlarından sonra belə mina basdırma əməliyyatları ilə xislətlərini bildirən ermənilər üçün itirilən həyatlar heç nə ifadə etmir. Hazırda bərpa-quruculuq işləri aparılan ərazilərimizin minalardan təmizlənməsi əməliyyatlarının sürətləndirilməsi üçün lazımi tədbirlər görülür. Xatırladaq ki, mina terrorundan təkcə Azərbaycan əziyyət çəkmir. «Biz neçə ölkənin bu problemdən əziyyət çəkdiyini bilirik. Söhbət təkcə maliyyə dəstəyindən getmir. Əslində, bizim maliyyə dəstəyinə ehtiyacımız yoxdur. Söhbət texniki dəstəkdən və bizə bunu mümkün qədər tez etməyə kömək göstərəcək təlim keçmiş personaldan gedir» sözləri ilə bu sahədə təcrübəli mütəxəssislərin hazırlanmasının vacibliyini diqqətə çatdıran Prezident İlham Əliyevin ciddi mesajları Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti, ANAMA, BMTİP tərəfindən humanitar minatəmizləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri mövzusuna həsr edilmiş beynəlxalq konfransda da müzakirə olundu. Konfransda insanların həyatı və normal yaşayış şəraiti üçün mina təhlükələrinin aradan qaldırılmasında humanitar minatəmizləmə fəaliyyətinin əhəmiyyətini müzakirə etmək məqsədilə beynəlxalq ictimaiyyət, mina əməliyyatları üzrə operatorlar, dövlət qurumları və vətəndaş cəmiyyətindən olan nümayəndələr tərəfindən maraqlı təkliflər irəli sürüldü.

Məcburi köçkünlərin «Böyük Qayıdış» layihəsi əsasında doğma yurdlarına qaytarılması prosesini «Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri» proqramında əsas məsələ kimi, diqqətdə saxlanılması Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə göstərilən qayğı, erməni qəddarlığına nifrətdir. Minatəmizləmə fəaliyyəti üzrə mükəmməllik laboratoriyası” kimi tanınan Azərbaycan öz təcrübəsini dünya üzrə humanitar və inkişaf sahəsində fəaliyyət göstərən iş icraçıları ilə bölüşməyə, tərəfdaşlıq əlaqələrini gücləndirməyə və geniş əməkdaşlıq mexanizmləri yaratmağa çalışır.

Ermənistanın bəd niyyətli əməlləri nəticəsində ziyan çəkmiş insanların, mina terroru qurbanlarının üzləşdikləri çətinlikləri BMT-yə ünvanladıqları müraciətlərində qeyd edən qeyri-hökumət təşkilatları oyuncaq hərbi xunta rejimi olan Ermənistanın bəd niyyətlərinin dünya ictimaiyyətinə çatdırılmasını tələb edirlər. Bildirilir ki, bu günədək işğaldan azad edilmiş ərazilərdə təmizləmə işləri nəticəsində 95 minə yaxın mina və digər partlayıcı qurğular aşkar edilərək zərərsizləşdirilib. Bu, 100 mindən çox insanın ölümdən xilası deməkdir. Azərbaycan Dövlət Sərhəd Xidmətinin, digərləri Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmaqla 4 nəfərin mina partlaması nəticəsində xəsarət alması narahatlıq doğurur. Ümumiyyətlə, Vətən müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının ümumi sayı 376-nı keçib. Onlardan 69-u həlak olub. Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı bu ilin aprelin 19-da əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində xəsarət alan 4 nəfərdən iksinin ayağı amputasiya edilib.

Mina qurbanlarının 149 nəfəri mülki şəxs, 165 nəfəri hərbi qulluqçulardır. Minaları ərazilərə basdıran ermənilərin məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini əngəlləmək, köçkünlərin doğma yurdlarına qayıdışına mane olmaqdır.
Amma sülh və əmin amanlıq niyyətlərini yenidənqurma işlərini sürətləndirməklə bildirən Azərbaycan xalqı dinc yaşamaq, minasız dünya naminə həmrəylik istəklərinə sadiqdir.

«Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr edilmiş III Beynəlxalq Minatəmizləmə Konfransında mina terrorunun dəhşətlərindən daha ətraflı bəhs edilib. Zəngilanda başlayıb Bakıda işini davam etdirən, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə keçirilən konfrans ölkəmizin üzləşdiyi mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin ətraf mühitə təsirini azaltmaq üçün maliyyə resurslarının səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması baxımından çox önəmli idi. Ümumilikdə 75 ölkədən 300-dən çox nümayəndənin iştirakı ilə keçirilən konfransda dünyanın üzləşdiyi mina probleminin ətraf mühitə təsiri məsələləri geniş müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, işğaldan azad edilmiş ərazilərimizin 10 min 285 kvadratkilometrlik ərazisində Ermənistan tərəfindən milyondan artıq mina və partlamamış hərbi sursat basdırılmışdır. Nəticədə kənd təsərrüfatı, əkinçilik üçün münbit torpaqlar yararsız hala salınmış, saysız-hesabsız heyvan və bitki növləri məhv edilmiş, çaylar, göllər, bulaqlar, kəhrizlər və su quyuları partlayıcı qalıqları ilə ciddi şəkildə çirkləndirilmişdir. Konfransda bildirilmişdir ki, minaların ətraf mühitə təsirini azaltmaq missiyası yalnız partlayıcı sursat problemini aradan qaldırmaqla məhdudlaşmır. Ərazilərin minalardan təmizlənməsi gələcək nəsillər üçün təhlükəsiz həyat, kənd təsərrüfatı və biomüxtəlifliyin təmin edilməsidir. Başlıca məqsəd zərərçəkmiş torpaqları inkişaf edən ekosistemlərə və davamlı icmalara çevirməkdir. Ölkəmizin COP29 kimi mühüm tədbirə ev sahibliyi ərəfəsində ərazilərimizdə mina təmizləmə əməliyyatlarının intensivləşdirilməsi, iqlim davamlılığı məsələlərinə diqqətin artırılması daha vacibdir. Azərbaycanın hədəfi minatəmizləmə və yenidənqurma səylərimizə inteqrasiya etməklə işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonası yaratmaqdır. Konfras çərçivəsində imzalanan «Niyyət bəyannaməsi» Azərbaycanda Mina fəaliyyəti ilə əlaqədar Mükəmməllik Mərkəzinin yaradılmasında əməkdaşlığı ehtiva edir. Mərkəz mina təhlükəsi ilə mübarizə sahəsində milli, regional və beynəlxalq səviyyələrdə təlim və bacarıqların artırılması, sertifikatlaşdırma və biliklərin ötürülməsini həyata keçirəcək, habelə humanitar minatəmizləmə sahəsində ən son texnologiya və metodologiyaları təkmilləşdirmək üçün minalarla mübarizədə tədqiqat və innovasiyaları təşviq edəcək. Mərkəzin yaradılması Azərbaycanın mina təhlükəsi ilə mübarizə imkanlarını artırmaq və minasız dünya üçün qlobal səylərə töhfə vermək niyyətinin göstəricisidir. Bu təşəbbüs Azərbaycanın həm milli, həm də beynəlxalq istəklərinə uyğun olaraq sülh, təhlükəsizlik və davamlı inkişafa, regional və qlobal əməkdaşlığa sadiqliyini əks etdirir. Konfranıda qeyd olunduğu kimi, Azərbaycan minalarla çirklənməyə görə dünyada ilk beşlikdədir. Çox təəssüf ki, basdırdıqları minaların əsas xəritələrini Azərbaycana verməyən Ermənistanın günahı üzündən bu təhlükənin qurbanlarının sayı artmaqdadır. COP29-a ev sahibliyi edəcək Azərbaycanda 2024-cü ilin «Yaşıl dünya naminə həmrəylik ili» elan olunması göstərir ki ölkəmizin dövlət siyasətində ətraf mühitin mühafizəsinə, ekoloji tarazlığa ali məqsəd kimi daim diqqət göstərilir. Dünyada konfliktlərin artdığı vaxtda beynəlxalq ictimaiyyət müharibələrin, qarşıdurmaların, münaqişələrin fəsadlarına qarşı birlikdə mübarizə aparmalıdır. Həmin fəsadlardan ən mənfuru minalardır. Noyabr ayında keçiriləcək COP29 konfransında iqlim dəyişikliyi məsələsi ilə yanaşı, gözlənilən mina terroru ilə bağlı məsələnin müzakirəsi də təbiətə diqqət olacaq.

Xuraman İsmayılqızı, "İki sahil"