20 iyul 2024 00:10
690

Kondisionerdən istifadə edən zaman BUNLARA DİQQƏT EDİN!

Türkiyəli professor Abdülkadir Dağ, yay aylarında kondisionerlərin düzgün istifadə edilməməsinin yay qripi, tənəffüs yolu infeksiyaları, sinüzit, əzələ ağrıları, quru dəri və susuzluq kimi sağlamlıq problemlərinə yol aça biləcəyini bildirib.

A.Dağ yayda kondisionerdən düzgün istifadənin qızıl qaydalarını açıqlayıb:

Mütəmadi təmir və təmizləmə: "Kondisionerlərin müntəzəm təmiri və filtrlərinin təmizlənməsi onların səmərəli işləməsini təmin etməklə yanaşı, sağlamlıq baxımından da böyük əhəmiyyət kəsb edir. Təmiri aparılmayan və filtrləri təmizlənməyən kondisionerlər zamanla bakteriya və virusların yığılması və çoxalması üçün əlverişli bir mühit yaradır. Bu mikroorqanizmlər kondisioner işlədikcə havanın içərisinə girərək tənəffüs yollarının infeksiyasına səbəb ola bilər. Beləliklə, kondisionerlərin müntəzəm təmiri və təmizlənməsi bu cür sağlamlıq risklərini minimuma endirir və daha təmiz hava dövriyyəsi təmin edir".

Temperaturun düzgün tənzimlənməsi: "Kondisionerin temperaturunu 22-24 dərəcə arasında saxlamaq, bədənin və ətraf mühitin temperaturu arasında həddindən artıq fərqin yaranmasını önləyərək sağlamlıq problemlərinin qarşısını alır. Qəfil temperatur dəyişiklikləri immunitet sisteminizə mənfi təsir göstərə, bədənin müdafiə mexanizmini zəiflədə bilər. Xüsusilə yaz aylarında çöldən evə daxil olduqda yüksək temperatur fərqi, soyuqdəymə və digər tənəffüs yolları infeksiyalarına səbəb ola bilər. Bu səbəbdən kondisionerin istiliyinin məqbul diapazonda saxlanması rahat mühit təmin edir və sağlamlığınızı qoruyur”.

Nəm balansına diqqət yetirin: "Kondisionerin istifadəsi ətrafdakı nəm səviyyəsini azaldaraq dərinizin və qurumasına səbəb ola bilər. Nəmliyin az olması dərinin qurumasına, qaşınmasına və qıcıqlanmasına səbəb olur, burun və boğazın selikli qişalarının quruması isə sizi tənəffüs yollarının infeksiyalarına qarşı daha həssas edir. Xüsusilə allergiya və astma kimi xroniki tənəffüs yolları xəstəlikləri olan insanlar üçün bu daha risklidir. Ətraf mühitin nəmliliyini qorumaq üçün kondisioneri istifadə edərkən nəmləndirici cihazlardan istifadə etmək və ya müntəzəm olaraq təbii havalandırma tətbiq etmək bu mənfi təsirləri azaltmağa kömək edə bilər".

Birbaşa hava axınından çəkinin: "Kondisionerin havasının birbaşa üzərinizə gəlməməsinə diqqət yetirmək sağlamlığınız üçün çox vacibdir. Kondisioner mühitin istiliyini sürətlə aşağı salır, birbaşa məruz qalma isə soyuqdəymə, əzələ ağrıları və sinüzit kimi sağlamlıq problemlərinə yol açır. Bundan əlavə, uzunmüddətli birbaşa təmas cildin qurumasına və tənəffüs problemlərinə səbəb ola bilər. Kondisionerin istiqamətini yuxarıya və ya yana çevirsəniz, sərin havanın otağın hər küncünə bərabər paylanmasını təmin edə bilərsiniz.

Nigar Orucova, “İki sahil”