Payızın gəlişi ilə gözün sağlamlığına mənfi təsir göstərə bilən bəzi amillərə qarşı daha diqqətli olmaq lazımdır. Xüsusilə ictimai nəqliyyatda insanlarla sıx təmas, kondisionerli ofislərdə uzun müddət işləmək və davamlı olaraq kompüter ekranına baxmaq gözlərdə müxtəlif sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər. Gözün selikli qişasının iltihabı, quruluq və qızartı kimi halların qarşısını almaq üçün sadə tədbirlər görmək mümkündür. Bəs göz sağlamlığını qorumaq üçün nələrə diqqət edilməlidir?
Göz xəstəlikləri üzrə türkiyəli mütəxəssis, həkim Adnan İpçioğlu bu problemlə bağlı tövsiyələrini bölüşüb. O, gözün selikli qişasının iltihabına yoluxmamaq üçün xüsusilə ictimai nəqliyyatdan istifadə edərkən diqqətli olmağın vacibliyini bildirib. Həkim gözün sağlamlığını qorumaq üçün qabaqlayıcı tədbirlərin görülə biləcəyini qeyd edib: “Bu mövsümdə insanların sıx olduğu yerlərdə, xüsusilə avtobus və metro kimi ictimai nəqliyyat vasitələrində diqqətli olmaq lazımdır. Gözdə qızartı, qaşınma, kirpiklərin dibində ifrazatın toplanması kimi ən kiçik əlamət belə müşahidə olunarsa, mütləq göz həkiminə müraciət edilməlidir. Dərmanlardan təlimata uyğun istifadə etməli, müalicəni yarımçıq saxlamamalıyıq”.
Həkim ofis işçilərində müşahidə olunan göz problemlərindən də danışıb. Onun sözlərinə görə, müasir dövrdə kompüterdən uzun müddət istifadə ilə bağlı yaranan problemlər geniş yayılıb: “Bu gün kompüter hər birimizin həyatında mühüm yer tutur. Kompüter ekranına uzun müddət baxmaq və kondisionerlərdən intensiv istifadə ofis işçilərinin göz sağlamlığına ciddi təsir göstərə və mövcud göz xəstəliklərini kəskinləşdirə bilər.
Xüsusilə kondisionerli məkanlarda gözün quruluğuna qarşı nəmləndirici göz damcılarından istifadə edilə bilər. Kompüter ekranına uzun müddət baxan şəxslər üçün ehtiyac olduqda zəif nömrəli eynəklərdən istifadə də faydalı ola bilər”.
İpçioğlu payız aylarında da günəş şüalarının gözlərə birbaşa təsirinin gözün sağlamlığına mənfi təsir göstərə biləcəyini bildirib. O, mövsümdən asılı olmayaraq gün eynəklərindən istifadəni tövsiyə edib: “Payız ayı olsa belə, gün eynəklərindən istifadə etməyi qətiyyətlə tövsiyə edirik. Xüsusilə avtomobil idarə edənlər gün eynəyi taxmalıdırlar.
İlin dörd fəslində günəşli olan bölgələrdə günəş şüalarının daha dik düşməsi səbəbindən, xüsusilə avtomobil idarə edən və açıq havada çalışan şəxslərin gün eynəklərindən istifadə etməsi tövsiyə olunur. Qışda da açıq havada işləyənlərə və avtomobil idarə edənlərə gün eynəyi taxmağı məsləhət görə bilərik”.
Şahnigar Əhmədova, "İki sahil"