“Filankəsin uşağına bax, necə yaxşı oxuyur”, “Sənin yaşında mən daha məsuliyyətli idim”, “Niyə bacın kimi ola bilmirsən?” Valideynlərin bəzən uşaqlarını həvəsləndirmək məqsədilə işlətdikləri bu cür ifadələr onların özlərinə qarşı münasibətinə və psixoloji inkişaflarına təsir göstərə bilər. Böyüklər üçün adi görünən müqayisələr uşağın özünü necə dəyərləndirməsinə, uğur və uğursuzluq anlayışına yanaşmasına təsirsiz ötüşmür.
Uşağın inkişafı fərdi xüsusiyyətlər, maraqlar, öyrənmə tempi və emosional ehtiyaclarla bağlıdır. Lakin valideynlər bəzən bu fərqləri nəzərə almadan övladlarının nailiyyətlərini digər uşaqların göstəriciləri ilə müqayisə edirlər. Məqsəd onları daha yaxşı nəticə göstərməyə təşviq etmək olsa da, belə yanaşma bəzi hallarda gözlənilən nəticəni verməyə bilər.

Nəzərə almaq lazımdır ki, uşaqlıq dövründə insanın özünə münasibəti və şəxsiyyət haqqında təsəvvürləri formalaşır. Bu prosesdə valideynlərin fikirləri, münasibəti və davranışları mühüm yer tutur. Uşaq özünü çox vaxt ona doğma olan böyüklərin münasibəti vasitəsilə dəyərləndirir. Daim başqaları ilə müqayisə edilən uşaqda “Mən kifayət qədər yaxşı deyiləm”, “Valideynlərim məndən razı deyil” kimi düşüncələr yarana bilər. Xüsusilə müqayisə tənqid, danlaq və ya sevgini şərtləndirən ifadələrlə müşayiət olunduqda, uşaq valideyni tərəfindən qəbul edilməyi yalnız müəyyən nailiyyətlər əldə etməklə qazana biləcəyini düşünə bilər. Belə münasibət bəzi uşaqlarda özünəinamın zəifləməsinə, səhv etməkdən çəkinməyə, uğursuzluq qorxusuna və başqalarının təsdiqinə həddindən artıq ehtiyac duymağa səbəb ola bilər. Digərlərində isə qəzəb, etiraz və valideynlə münasibətlərdə gərginlik yarana bilər. Bununla belə, hər uşağın müqayisəyə qarşı reaksiyası eyni deyil. Nəticələr uşağın fərdi xüsusiyyətlərindən və ailə mühitindən də asılıdır.
Həvəsləndirmək istəyərkən təzyiq yaratmaq
Valideynlər övladlarının daha yaxşı oxumalarını, məsuliyyətli olmalarını və həyatda uğur qazanmalarını istəyirlər. Bu təbii istəkdir. Ancaq uşağın inkişafını yalnız başqalarının nəticələri ilə ölçmək onun fərdi inkişafını görməyə mane ola bilər. Məsələn, dərslərində çətinlik çəkən uşağa daha yüksək nəticə göstərən sinif yoldaşını nümunə göstərmək əvəzinə, onun hansı mövzuda çətinlik yaşadığını müəyyənləşdirmək və ona dəstək olmaq daha məqsədəuyğundur. Çünki uşağın ehtiyacı hər zaman daha çox çalışmaq barədə xəbərdarlıq almaq deyil, bəzən başa düşülmək, dinlənilmək və özünə uyğun öyrənmə üsulunun tapılmasıdır. Digər tərəfdən, uşağın bütün davranışlarını tərifləmək və ya hər nəticəsini uğur kimi təqdim etmək də əsas həll yolu deyil. Əsas məsələ uşağın səylərini, inkişafını və fərdi nailiyyətlərini nəzərə almaq, eyni zamanda, ona səhvlərdən dərs çıxarmaq imkanı yaratmaqdır.
Valideynlər necə davranmalıdırlar?
Uşağın özünəinamının formalaşmasında onunla qurulan ünsiyyətin keyfiyyəti əhəmiyyət daşıyır. Valideyn uşağını başqa biri ilə müqayisə etmək əvəzinə, onun əvvəlki nəticələri ilə indiki irəliləyişini müqayisə edə bilər. Bu, uşağa öz inkişafını görmək və əldə etdiyi nailiyyətləri dəyərləndirmək imkanı verir. Bundan əlavə, uşağın bacarıqlarını və çətinliklərini olduğu kimi qəbul etmək, onu dinləmək, hisslərini kiçiltməmək, səhvlərinə görə alçaldıcı ifadələr işlətməmək də vacibdir. Valideynin dəstəyi uşağın hər zaman uğur qazanmasından deyil, çətinliklə qarşılaşdıqda da onun yanında olmasından hiss edilməlidir. Qeyd edək ki, uşağın uğurunu yalnız başqalarından üstün olması ilə ölçmək əvəzinə, onun öz potensialını kəşf etməsinə şərait yaratmaq ailədaxili münasibətlər üçün də mühüm əhəmiyyət daşıyır.
Şahnigar Əhmədova, "İki sahil"