İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani növbəti dəfə sayıqlayıb. Belə ki, o, “Azadlıq” radiosuna müsahibəsində guya vaxtilə Qarabağda yaşamış ermənilərin “hüququları”nın pozulduğunu iddia edib. Hətta Mehdi Sübhani utanıb-qızarmadan bu “məsələ”ni yara adlandırıb və həmin yaranın sağalmasına ehtiyac olduğunu bildirib. O, daha sonra vurğulayıb ki, guya erməni əsilli şəxslər Qarabağı könüllü tərk eməyiblər.
Əslində isə həqiqət belədir: Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun ötən ilin sentyabr ayında keçirdiyi lokal antiterror tədbirindən sonra erməni əsilli şəxslər heç bir səbəb olmadan Qarabağı tərk ediblər. Halbuki, rəsmi Bakı beynəlxalq hüquq və daxili qanunvericiliyə uyğun olaraq, onların təhlükəsizliyi üçün bütün şəraiti yaratmışdı. Bunun üçün onlardan yalnız Azərbaycan vətəndaşlığını qəbul etmək və qanunlarımız çərçivəsində yaşamaq tələb olunub. Amma haylar separatçıların və onların havadarlarının təhriki ilə Ermənistana üz tutmağa üstünlük veriblər. Bu faktı BMT, Ermənistan rəsmiləri, hətta Qarabağı tərk edən erməni əsilli şəxslərin özləri də təsdiqləyiblər. Mehdi Sübhani isə utanmadan yaxın tarixdə hər kəsin şahidi olduğu faktları təhrif edir. Belə olan təqdirdə ağayi Sübhaninin çərənləməsi heç bir məntiqə sığmır. Yəqin, bunu özü də yaxşı dərk edir. Görünür, ermənipərəstliyi əsl həqiqəti dilə gətirməyə ona imkan vermir.
Bəs görəsən, “müsəlmançılıq”dan ağızdolusu danışan Mehdi Sübhani 300 minə yaxın azərbaycanlının geri qaytarılması və onların təhlükəsizliyinin təmini ilə bağlı niyə bir dəfə də olsun açıqlama verməyib? Görəsən o, adi bir “müsəlman” kimi hayların ərazilərimizi 30 il işğal altında saxlamalarına, soydaşlarımıza zülmlər etmələrinə, soyqırımları törətmələrinə, məscidləri viran qoymalarına, hətta həmin məkanlarda donuz saxlamalarına niyə göz yumub? Şübhəsiz, Ermənistana olan “tükənməz sevgi”si onun imanını da əlindən alıb. Bütün bunlar isə Mehdi Sübhanidə nə hüquqi, nə dini, nə də mənəvi dəyər anlayışlarının olmamasının təsdiqidir. Bu da onun ermənidən betər erməni olmasından irəli gəlir.
Digər tərəfdən, Mehdi Sübhani yaxşı bilir ki, hazırda iki ölkə sülh danışıqları ilə bağlı dialoqu davam etdirir. Şübhəsiz, belə bir dönəmdə İranın Ermənistandakı səfirinin ermənipərəst, daha doğrusu, həqiqətə uyğun olmayan açıqlamalar verməsi bu prosesə zərbə vurmağa hesablanıb. Bu mənada o özünü səfir kimi deyil, xalis separatçı, araqarışdıran kimi aparır desək, yanılmarıq. Özü də o, dəfələrlə bu kimi sayıqlamalarla gündəmə gəlib. Görünür yaşadığı ölkədə təsir altına düşən Sübhanı səfir olduğunu unudub. Halbuki, vəzifə başında olan şəxs öz şəxsi mövqeyini vəzifəsi vasitəsilə çatdırmağa cəhd etməməlidir. Bu mənada demək olar ki, Ermənistanın vəkili kimi çıxış edən Mehdi Sübhaninin missiyası revanşistləri yeni müharibəyə sürükləməkdir. Bəli, açıq-aşkar görünür ki, ermənipərəst siyasətinin ən yüksək zirvəsinə çatan Mehdi Sübhani Ermənistanın fitvasına uyaraq, bu kimi açıqlamaları ilə regionda gərginlik yaratmağı qarşısına məqsəd qoyub. Onun bu sərsəmləmələri İran-Azərbaycan münasibətlərinin ruhuna uyğun gəlmir. Son zamanlar iki dövlət arasında münasibətlərdə yaranan istiləşmə də bunun təsdiqidir.
Bütün bunları analiz edəndə belə nəticəyə gəlmək olar ki, əslində əslində yara olan İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani dir, özü də qarayaradır ki, onun özünün sağalmasına ehtiyac var.
Qvami Məhəbbətoğlu, “İki sahil”