30 iyun 2024 08:48
401

9 minlik hamburger

Ən bahalı hamburger (bir porsiya) rekordunu 2021-ci ilin iyununda Robbert Jan de Veen müəyyən edib. Həmin gün Hollandiya sakini kulinariya məhsulunu 5 min avroya satıb və bununla da adını "Ginnesin Rekordlar Kitabı"nın səhifələrində əbədiləşdirib.

“İki sahil” xəbər verir ki, bu fikir, restoran sahibi Robbertə pandemiya zamanı, müəssisəsi yemək aparmağa məcbur olanda gəlib.

Məhz o zaman "Qızıl Oğlan" adlı bir hamburger resepti hazırlayıb. "The Golden Boy" ("Qızıl Oğlan") adlı hamburger 28 iyunda "Remia International" şirkətinə 5 min avroya satılıb və Hollandiya Kral ailəsinə məxsus Qida və İçki Cəmiyyətinin sədri Rober Willemse tərəfindən yeyilib.

Sözügedən hamburger yapon vaqyu əti, beluga kürüsü, Alyaska kral xərçəngi və ağ dombalan göbələyi kimi bir çox bahalı ingredientdən hazırlanıb. Bununla yanaşı, burger çörəyi də yeyilən qızıl tozu ilə örtülüb.

Xatırladaq ki, De Veen satışdan əldə edilən gəliri Hollandiyadakı qida banklarına köməklik göstərən bir QHT-yə bağışlayıb. O, bildirib ki, 5 min avroluq bu ianə ilə sözügedən QHT ehtiyacı olan insanlar üçün təqribən min ədəd ərzaq paketi hazırlaya bilər.

Onu da qeyd edək ki, De Veenin burgerin hazırlanması üçün tələb edilən ingredientləri tamamlaması və müxtəlif reseptləri sınaqdan keçirməsi beş aydan çox çəkib.