“Masdar” bu sahədə strateji tərəfdaşımızdır
Bərpaolunan enerji potensialının hərəkətə gətirilməsi böyük sərmayələr tələb edir. Azərbaycanda yaradılmış əlverişli biznes mühiti bu sahədə sərmayələrin təşviqi üçün geniş imkanlar yaradır. Bu səbəbdəndir ki, xarici şirkətlərin ölkəmizin bərpaolunan enerji layihələrinə marağı getdikcə artır. Azərbaycanın bərpaolunan enerji potensialının hərəkətə gətirilməsi sahəsində fəaliyyət göstərən ilk xarici şirkətlərdən biri də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətidir. Xatırladaq ki, adını ərəb dilində “mənbə” sözündən götürən “Masdar” şirkəti 2006-cı ildə Əbu-Dabi hökuməti tərəfindən təsis olunub. Hazırda şirkətin üç təsisçisi var. Bunlar Əbu Dabi hökumətinin “Mubadala” Fondu, ADNOC milli neft-qaz və “TAKA” enerji şirkətləridir.
Əsas fəaliyyət istiqaməti bərpaolunan enerji layihələrinin inkişaf etdirilməsindən ibarət olan “Masdar” şirkəti bu sahədə həm Yaxın Şərq, həm də dünya üzrə liderdir. Təkcə onu qeyd etmək kifayətdir ki, şirkət hazırda 40-dan çox ölkədə fəaliyyət göstərir. Ən müasir texnologiyalar əsasında Günəş, külək və bionerji istehsalını həyata keçiriən “Masdar” şirkəti hazırda fəaliyyət göstərdiyi ölkələrdə 20 min meqavatdan artıq istehsal gücünə nəzarət edir.
“Masdar” şirkəti Azərbaycana ilk dəfə 2018-ci ildə ayaq basıb. Həmin il şirkət Azərbaycan hökuməti tərəfindən keçirilən tenderdə iştirak edib. 2021-ci ildə 230 meqavatlıq “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsinin qalibi adını qazanıb. 2022-ci il martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazroueinin iştirakı ilə stansiyanın təməlqoyma mərasimi keçirilib.
Bu, Azərbaycanda belə bir gücdə inşa olunan ilk sənaye tipli Günəş elektrik stansiyasıdır. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük Günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Həmçinin ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyası hesab edilir. Bundan əlavə, “Azərenerji” ASC ilə enerjinin alqı-satqısına dair müqavilə də imzalanıb.
Dövlətimizin başçısı “Euronews” televiziyasına müsahibəsində respublikamızın nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici olduğunu diqqətə çatdırıb. Ölkə rəhbəri daha sonra deyib: “Masdar” bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır. Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq…”
Göründüyü kimi, “Masdar” şirkəti ərazilərimizdə bərpaolunan enerji potensialının hərəkətə gətirilməsinə öz töhfəsini verməyə çalışır. Bütövlükdə isə şirkət ölkəmizin bərpaolunan enerji sahəsində 10 min meqavatlıq güc yaratmağı hədəfləyir. Bu günlərdə isə Energetika Nazirliyi və “Azərenerji” ASC ilə “Masdar” şirkəti arasında 445 meqavatlıq Biləsuvar və 315 meqavatlıq Neftçala Günəş Elektrik stansiyaları, eləcə də 240 meqavatlıq Abşeron-Qaradağ Külək Elektrik Stansiyası layihələri üzrə “İnvestisiya müqaviləsinə Əlavə”, “Enerji alqı-satqı müqaviləsi”, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” və “Torpaq icarə müqaviləsi” imzalanıb.
Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 qiqavat təşkil edir. Ölkəmiz 10 ilə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırır. Belə ki, Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi 3 min MVt, Günəş enerjisi 23 min MVt, bioenerji potensialı 380 MVtdır. Dağ çaylarının potensialı 520 MVt həcmində dəyərləndirilir.
Cari ilin ilk 5 ayı ərzində ölkədə elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 14 faizə yüksəlib. Hazırda respublikada bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücü 1749 meqavatdır. Bu da ümumi elektrik enerjisi üzrə qoyuluş gücünün 20,86 faizini təşkil edir. Qeyd edək ki, ölkədə enerji keçidi üzrə reallaşdırılan layihələr çərçivəsində, ümumilikdə, 1,5 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb və bu sərmayə qoyuluşunun gələcəkdə də davam etdiriləcəyi nəzərdə tutulub. Azərbaycanda 20-25 il müddətinə hesablanan yaşıl enerji layihələri ekspertlər tərəfindən Azərbaycanın gələcəyinə, dövlət siyasətinə olan inamın göstəricisi kimi dəyərləndirilib. Hazırda ölkəmizin qarşısında duran əsas məsələlərdən biri respublikamızda istehsal edilən yaşıl enerjinin Avropa ölkələrinə ixracı üçün zəruri infrastrukturun qurulmasıdır.
Nigar Orucova, “İki sahil”