Ölkəmizin strateji valyuta ehtiyatlarının xarici borcumuzu 20 dəfə üstələməsi iqtisadi dayanıqlılığın göstəricisidir
Bu gün dünyada davam edən ciddi hərbi münaqişələr dövründə ciddi iqtisadi tənəzzüllərdən qorunmaq üçün hər bir dövlət öz iqtisadi layihələrini və proqamlarını həyata keçirməklə məşğuldurlar. Belə bir şəraitdə hansı ölkələrin öz iqtisadi sabitlyini qoruya bilməsi də maraq doğurur. Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatına əsasən, 2026-cı il qlobal iqtisadiyyat üçün qeyri-müəyyənlik dövrü ola bilər. Çünki hərbi münaqişələrin sayı və miqyası genişləndikcə dünyada iqtisadi inkişafın tempi zəifləyir. Lakin bütün bunlara baxmayaraq ABŞ dünyanın ən böyük iqtisadiyyatı olaraq qalmaqdadır. Artıq yüz ildən çoxdur ki, bu ölkə qlobal ümumi daxili məhsul (ÜDM) reytinqində birinci yeri tutur və görünür, qarşıdakı onilliklərdə də liderliyini qoruyacaq. BVF-nin hesablamalarına görə, 2026-cı ildə ABŞ iqtisadiyyatının həcmi 31,8 trilyon dollara çatacaq ki, bu da Çinin (2-ci yer), Almaniyanın (3-cü yer) və Hindistanın (4-cü yer) ümumi ÜDM-nin məbləğinə bərabərdir.
Çin 21,7 trilyon dollarlıq proqnozlaşdırılan ÜDM ilə ikinci yerini qoruyur. Bu, ABŞ-dan 35 faiz az olsa da, üçüncü yerdəki Almaniyanın göstəricisindən təqribən üç dəfə çoxdur. Hindistan (4,5 trilyon dollar) daxili tələbat hesabına Yaponiyanı geridə qoyaraq dördüncü yerdəki mövqeyini möhkəmləndirib. Siyahıda, həmçinin İndoneziya və Türkiyə də irəliləyir ki, bu da demoqrafik üstünlükləri və orta inkişaf səviyyəli iqtisadiyyatlarda aparılan islahatları əks etdirir. Fondun məlumatına görə, Rusiya 2,5 trilyon dollarlıq proqnozlaşdırılan ÜDM ilə siyahıda 10-cu yeri tutacaq. Həmçinin Asiya dünyanın ən böyük iqtisadi regionuna çevriləcək. Çin, Yaponiya və Hindistanın hesabına Asiya ilk dəfə olaraq ümumi ÜDM həcminə görə Şimali Amerikadan irəli keçəcək. Üçüncü yerdə Avropa qərarlaşacaq, onun ardınca Yaxın Şərq, Cənubi Amerika, Afrika və nəhayət, Okeaniya gələcək. BVF-nin digər hesabatında 2026-ci ildə dünya ölkələrinin ümumi dövlət borcu 111 trilyon dolları keçə bilər. Hesabatda qeyd olunur ki, qlobal dövlət borcunun üçdə birindən çoxu ABŞ-ın payına düşəcək. Bu isə o deməkdir ki, ən yüksək borc yükü əsasən inkişaf etmiş ölkələrin üzərində cəmləşib. BVF-nin qiymətləndirməsinə görə, bu ölkələr dövlət borcundan iqtisadi artımı dəstəkləmək və fiskal siyasəti stimullaşdırmaq məqsədilə istifadə edirlər.
2025-ci ildə dövlət borcu ən yüksək olan 10 ölkə arasında ABŞ 38,5 trilyon dollar borcla ilk sıradadır. Onu 18,7 trilyon dollar borcla Çin və 9,8 trilyon dollarla Yaponiya izləyir. Siyahıda, həmçinin Böyük Britaniya (4,1 trilyon dollar), Fransa (3,9 trilyon dollar), İtaliya (3,5 trilyon dollar), Hindistan (3,4 trilyon dollar), Almaniya (3,3 trilyon dollar), Kanada (2,6 trilyon dollar) və Braziliya (2 trilyon dollar) yer alır.
Azərbaycanda isə xarici dövlət borcunun ümumi daxili məhsula nisbətinin cəmi 5,6 faiz təşkil etməsi, strateji valyuta ehtiyatlarının isə borcu, təxminən, 20 dəfə üstələməsi ölkənin iqtisadi dayanıqlılığının göstəricisidir.
Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin hesabatına əsasən, cari il oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 509,5 milyon ABŞ dolları təşkil edib. Bu məbləğ cari il üzrə proqnozlaşdırılan ÜDM-in cəmi 5,6 faizinə çatıb. İlin əvvəli ilə müqayisədə xarici dövlət borcunun 304 milyon dollar azalması isə ölkənin borc yükünün ardıcıl şəkildə aşağı salınması istiqamətində həyata keçirilən siyasətin nəticəsi kimi diqqət çəkib. Digər mühüm göstərici isə Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi ilə bağlıdır. Oktyabrın 1-nə ölkənin strateji valyuta ehtiyatlarının 90 milyard dollara yüksəlməsi bunun bariz ifadəsidir. Yəni, valyuta ehtiyatlarımızın xarici dövlət borcunu, təxminən, 19,8 dəfə üstələməsi ciddi iqtisadi uğurdur.
2026-cı ilin 9 ayında dövlət büdcəsi hesabına xarici borclar üzrə 766,9 milyon dollar əsas borc, 285,7 milyon dollar isə faiz ödənişlərinin həyata keçirilməsi, beləliklə, əsas borc və faizlər üzrə ödənişlərin ümumi məbləğinin 1 milyard 52,6 milyon dollar təşkil etməsi ölkənin xarici borc öhdəliklərinin icrası baxımından mühüm mənzərə yaradır. Bu rəqəmlər dövlətin xarici öhdəliklərinin yerinə yetirilməsinə ciddi maliyyə vəsaitləri yönəltdiyini göstərir. Xarici borcun azaldılması dövlətin gələcək büdcə imkanlarına da müsbət təsir göstərir. Belə ki, borc öhdəlikləri azaldıqca, qarşıdakı dövrlərdə əsas borcun qaytarılmasına və faizlərin ödənilməsinə yönəldilən vəsaitlərə qənaət imkanı genişlənir. Bu isə sosial müdafiə, təhsil, səhiyyə, infrastruktur, müdafiə qabiliyyətinin gücləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi kimi prioritet istiqamətlərə daha çox vəsait ayırmağa əlverişli şərait yaradır.
Ümumiyyətlə, hazırda dünya ölkələri üçün əsas məsələ borcdan imtina yox, borcun ağıllı idarə olunması, onun real iqtisadi dəyər yaradan sahələrə yönəldilməsidir. Təbii ki, bundan səmərəli yararlanan ölkələr iqtisadi inkişafın yeni mərhələsinə adlaya bilirlər. Yəni, qlobal borc dalğası fonunda məhz bu prinsiplərə əməl edənlər özlərinin maliyyə təhlükəsizliyini təmin etməyi bacarırlar. Bu mənada xarici borclardan səmərəli yararlanmaq həm də ölkəmiz üçün strateji təhlükəsizlik məsələsidir. Eyni zamanda, bu məqamda bir el məsəli yada düşür: «Borclu borclunun sağlığını istəyər». Həqiqətən də borclu borclunun sağlığını istəyərmi? Bax bu, dövlətlərarası məsələsidirsə bir az düşünmək gərəkdir…
Elçin Zaman, «İki sahil»
Bakı Limanında intermodal yük terminalının yaradılması ilə bağlı sənəd imzalanıb