02 noyabr 2026 18:56
181

Ermənistan layihələndirməyə başladı: Vaxt kimin xeyrinə işləyir?

Hökumət artıq anlayır ki, Zəngəzur dəhlizinin açılmasında ləngidikcə, regional güclər və qonşu dövlətlər alternativ yollardan istifadəni intensivləşdirir

Ermənistan hökumətinin TRIPP (Zəngəzur dəhlizi) layihəsi çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik ötürücü xətlərin layihələndirilməsinə faktiki olaraq başladığını bəyan etməsi, regionda kommunikasiyaların açılması istiqamətində növbəti addım kimi qiymətləndirilə bilər. Baş nazir Nikol Paşinyanın bu təşəbbüsü "30 illik blokadaya son qoyacaq layihə" kimi qələmə verməsi İrəvanın məsələyə olan ehtiyacını aydın göstərir. Paşinyan noyabrın 2-də parlamentin daimi komissiyalarının 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi üzrə birgə iclasında bildirib: “Ermənistan hökuməti gələcək proseslərin təşkilindən əvvəl öz təşəbbüsü ilə TRIPP layihəsi çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik ötürücü xətlərin layihələndirilməsi işlərinin sifarişinə başlayacaq. Biz vaxt itirmək istəmirik. TRIPP-in inkişaf şirkəti yaradılan kimi Ermənistan hökuməti artıq görülmüş işləri ona təhvil verəcək”.

Paşinyan vurğulayıb ki, bu layihə sayəsində Ermənistan 30 ildən artıqdır davam edən blokadanı aradan qaldıra biləcək. “Şübhəsiz və birmənalı şəkildə, TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində Ermənistan bütün istiqamətlərdə, həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində blokadadan çıxacaq. Lakin bütün bu istiqamətlərdə blokadanın aradan qaldırılması heç də bütün infrastrukturun TRIPP layihəsinin bir hissəsinə çevriləcəyi demək deyil. TRIPP layihəsinə Nrnadzor-Karçevan dəmir yolu, eləcə də elektrik ötürücü xətlər və avtomobil yolu daxil ediləcək. Qaz və neft kəmərləri məsələləri isə daha sonra müzakirə olunacaq”, - deyə baş nazir qeyd edib.

Göründüyü kimi, Ermənistan rəhbərliyi layihənin yalnız müəyyən komponentlərinə fokuslanaraq (məsələn, qaz və neft kəmərlərinin sonraya saxlanılması) prosesi yenidən ləngitməyə və öz şərtlərini diktə etməyə çalışır. Paşinyan hökumətinin "vaxt itirmək istəmirik" bəyanatı əslində gecikmiş bir etrafdır. Ermənistan 30 ilə yaxın bir müddətdə Cənubi Qafqazın əsas tranzit layihələrindən (Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və s.) kənarda qalaraq özünü könüllü təcridə məhkum etmişdi. Bu gün Ermənistan artıq anlayır ki, Zəngəzur dəhlizinin açılmasında ləngidikcə, regional güclər və qonşu dövlətlər alternativ yollardan istifadəni intensivləşdirir. Ermənistan prosesi nə qədər uzadarsa, layihədən əldə edəcəyi tranzit mənfəəti və geoiqtisadi çəkisi bir o qədər kiçiləcək.

Digər tərəfdən, Ermənistanın daxili iqtisadiyyatı resurs məhdudluğu və bazar kiçikliyi səbəbindən sürətlə zəifləyir. Xarici borcun artması və demoqrafik böhran fonunda blokadanın uzadılması ölkənin iqtisadi müstəqilliyini tamamilə sual altına alır. Layihələndirmə işlərinə indi başlanılsa da, tikinti və istismara veriləcək müddət ərzində itirilən hər il İrəvan üçün milyardlarla dollar itki deməkdir. Ermənistanın tez-tez möqeyini dəyişməsi, imzalanan bəyanatlardan yayınma cəhdləri beynəlxalq tərəfdaşların və investorların gözündə etibarsızlıq yaradır. Layihənin ləngiməsi İrəvanın beynəlxalq aləmdə siyasi manevr imkanlarını daraldır.

Görünən odur ki, Ermənistan hökumətinin TRIPP layihəsinin texniki addımlarına (layihələndirməyə) başlaması müsbət siqnal kimi görünə bilsə də, bu, illərlə itirilmiş vaxtın kompensasiyası üçün kifayət deyil. Regionda güc balansı və iqtisadi konseptlər sürətlə dəyişir. Azərbaycan öz logistik və strateji hədəflərinə alternativ yollarla da nail olmaq gücündədir. Ermənistan rəhbərliyi anlamalıdır ki, Zəngəzur dəhlizi məsələsində vaxt İrəvanın xeyrinə işləmir. Layihənin icrasının uzadılması Ermənistanı daha böyük təcridə və regional proseslərdən tamamilə kənarda qalmamaq üçün daha ağır şərtləri qəbul etmək məcburiyyətinə sövq edə bilər.

Xatırladaq ki, ötən il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə əldə olunan razılaşmalar bu prosesdə yeni mərhələ açıb. ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış Birgə Bəyannamədə regional kommunikasiyaların açılmasına, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantının təmin edilməsinə, habelə “Trump Route for International Peace and Prosperity” (TRIPP) təşəbbüsünün həyata keçirilməsinə siyasi dəstək ifadə edilib. Sülh sazişi mətninin paraflanması ilə yanaşı, bu qərarlar iqtisadi əməkdaşlığın normallaşma prosesinin mühüm dayağı kimi nəzərdən keçirildiyini göstərdi. Vaşinqton anlaşmasının davamı olaraq 2026-cı ilin yanvarında ABŞ və Ermənistan TRIPP üzrə İcra Çərçivəsini təqdim etdilər. Sənəddə maneəsiz multimodal tranzit bağlantısının yaradılması, müasir infrastrukturun inkişafı, sərhəd və gömrük prosedurlarının təşkilinin təkmilləşdirilməsi, investisiyaların cəlb olunması və layihənin idarəetmə modelinin müəyyənləşdirilməsi istiqamətləri əksini tapıb. Beləliklə, siyasi razılaşmanın konkret iqtisadi-hüquqi mexanizmlərlə təmin olunması istiqamətində addım atılıb.

Onu da qeyd edək ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində avtomobil yolunun 95 faizi, dəmir yolunun isə 75 faizi artıq inşa edilib. Dəhlizin illik ötürmə qabiliyyətinin 15 milyon ton olacağı nəzərdə tutulur. Dəhlizin açılması nəticəsində ümumi Orta Dəhlizin ötürmə qabiliyyətinin 10–12 milyon ton artacağı gözlənilir. Dəhlizin tam işə düşməsi və Ermənistan ərazisindən keçən 42 kilometrlik hissənin tamamlanması ilə Asiyadan Avropaya yüklərin daşınma müddəti 12–15 günə enəcək. Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq. Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir. Yüklərin 10-15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan yaxın gələcəkdə ildə 3 milyard dollar tranzit gəliri əldə edə bilər. Bu həmçinin Azərbaycanın formalaşdırdığı düzənin yaratdığı sülhün iqtisadi dividendləri deməkdir.

Sevinc Azadi, “İki sahil”