02 noyabr 2026 20:01
151

QARABAĞ ZƏFƏRİNİN ZİRVƏSİ – ŞUŞA ƏMƏLİYYATI

8 Noyabr – Şuşa Şəhəri Günü

Azərbaycan xalqının çoxəsrlik tarixində elə günlər var ki, onlar yalnız təqvimə yazılmış bir tarix deyil, milli qürurun, birliyin, qəhrəmanlığın və dövlətçilik iradəsinin təntənəsinə çevrilir. 8 Noyabr – Şuşa Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu gün xalqımızın yaddaşında Qarabağ Zəfərinin ən parlaq səhifələrindən biri, Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığının və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsinin təcəssümü kimi yaşayır.

Şuşa Azərbaycan xalqının mənəvi paytaxtı, mədəniyyətimizin beşiyi, tariximizin və milli kimliyimizin ayrılmaz parçasıdır. Bu qədim şəhər əsrlər boyu Azərbaycanın ictimai-siyasi, ədəbi və mədəni həyatında mühüm rol oynayıb. Şuşa dahi şəxsiyyətlər, görkəmli sənətkarlar, bəstəkarlar, xanəndələr və şairlər yetişdirib. Məhz buna görə də Şuşanın işğalı xalqımızın qəlbində sağalmaz bir yara açmışdı. Lakin Azərbaycan xalqı heç zaman bu torpaqların işğalı ilə barışmadı, Şuşaya qayıdış inamını və əzmini qoruyub saxladı.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun tarixi qələbəsi ilə nəticələndi. 44 gün davam edən müharibə ərzində rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad edərək xalqımızın illərlə gözlədiyi tarixi ədaləti bərpa etdi. Bu müharibənin ən mühüm və həlledici hadisələrindən biri isə noyabrın 8-də Şuşanın azad olunması oldu.

Şuşa əməliyyatı hərb tariximizə misilsiz qəhrəmanlıq nümunəsi kimi daxil oldu. Qala şəhərin mürəkkəb coğrafi relyefi, sıldırım qayaları, dar və çətin keçidli yolları, düşmənin yaratdığı müdafiə mövqeləri əməliyyatı son dərəcə çətinləşdirirdi. Lakin Azərbaycan əsgərinin yüksək döyüş ruhu, peşəkarlığı, Vətən sevgisi və qələbə əzmi bütün maneələri arxada qoydu. Xüsusi təyinatlı qüvvələrimiz ağır silahlardan geniş istifadə etmədən, əsasən yüngül silahlarla, çətin dağlıq ərazidən keçərək şəhərə daxil oldular. Şuşa uğrunda gedən döyüşlər Azərbaycan hərbçilərinin fiziki hazırlığını, iradəsini və misilsiz fədakarlığını bütün dünyaya nümayiş etdirdi.

Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyini həll edən mühüm hərbi-strateji hadisə oldu. Noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Şuşanın işğaldan azad edildiyini elan etdi. Həmin gün Azərbaycan xalqı 28 illik həsrətə son qoyan möhtəşəm qələbənin sevincini yaşadı. Prezident İlham Əliyevin tarixi müraciəti xalqımızın yaddaşına əbədi həkk olundu.    Bu qələbə Azərbaycan dövlətinin gücünü, xalqımızın sarsılmaz birliyini və ordumuzun döyüş qabiliyyətini təsdiqlədi.

Şuşanın azad olunması Ermənistanı kapitulyasiyaya məcbur edən əsas amillərdən biri oldu. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla Vətən müharibəsi başa çatdı. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nailiyyət əldə etdi. Şuşa əməliyyatı isə hərb tarixində xüsusi yer tutaraq gələcək nəsillər üçün qəhrəmanlıq məktəbinə çevrildi.

Bu qələbənin arxasında Azərbaycan əsgərinin qanı, canı, şəhidlərimizin müqəddəs ruhu dayanır. Şuşa uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Onların fədakarlığı sayəsində bu gün üçrəngli bayrağımız Şuşada, Qarabağın hər guşəsində əzəmətlə dalğalanır. Biz bu Zəfəri bizə bəxş edən şəhidlərimizə, qazilərimizə, müharibə iştirakçılarına və rəşadətli Azərbaycan Ordusuna borcluyuq.

Bu gün Şuşa yalnız azad edilmiş şəhər deyil, həm də Azərbaycanın quruculuq, dirçəliş və gələcəyə inam rəmzidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, tarixi-mədəni irsimiz qorunur, yollar, infrastruktur və sosial obyektlər yenidən qurulur. Şuşa yenidən ölkəmizin mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilir. Burada keçirilən beynəlxalq tədbirlər, festivallar və mədəniyyət layihələri şəhərin əvvəlki şöhrətini özünə qaytarır.

2021-ci il yanvarın 5-də Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bu qədim şəhərin milli və mənəvi həyatımızdakı xüsusi yerinin bariz ifadəsi oldu. 2022-ci ilin isə “Şuşa İli” elan edilməsi onun tarixi əhəmiyyətinə verilən yüksək qiymətin göstəricisidir.

8 Noyabr – Şuşa Şəhəri Günü hər bir azərbaycanlı üçün qürur, iftixar və milli birlik günüdür. Bu tarix bizə bir daha sübut edir ki, xalqın iradəsi, dövlətin qüdrəti və ordunun qəhrəmanlığı birləşəndə qarşıya qoyulan ən böyük məqsədlərə nail olmaq mümkündür. Şuşa Zəfəri Azərbaycanın hərb tarixində əbədi yaşayacaq, gələcək nəsillərə Vətən sevgisinin, torpağa bağlılığın və mübarizə əzminin nümunəsi olacaq.

Şuşa azaddır! Qarabağ Azərbaycandır! Bu həqiqət xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Ehtibar İsmayılov,
YAP Ordubad rayon təşkilatının sədri