20 iyun 2024 12:21
215

Azərbaycan Ali Audit Orqanlarının 3-cü SAI20 Sammitində iştirak edib

Hesablama Palatasının sədr müavini Nəsir Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 16-19-da Braziliyanın Belem şəhərində keçirilmiş Ali Audit Orqanlarının (AAO) 3-cü SAI20 Sammitində (SAI20) ev sahibliyini həyata keçirən ölkənin dəvəti əsasında iştirak edib.

"İki sahil" bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan nümayəndə heyətinin də geniş təqdimatla çıxış etdiyi tədbirin yekununda Birgə Kommunike qəbul olunub. Bu sənəddə İqlim Maliyyəsi və Enerji Keçidləri, Aclıq və Yoxsulluqla Mübarizə ilə bağlı əsas məsələlər üzrə 20 AAO-nun kollektiv mövqeyi və tövsiyələri əksini tapıb.

Palatanın sədr müavini Nəsir Sadıqov Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatların (INTOSAI) və Braziliya Hesablama Məhkəməsinin prezidenti Bruno Dantasla görüşüb, qurumlar arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Görüş zamanı B.Dantas ölkəmizin COP29-a ev sahibliyi ilə bağlı təbriklərini çatdırıb və Bakıya səfərini səbrsizliklə gözlədiyini qeyd edib, gələn il COP30 tədbirinin məhz Belem şəhərində keçirilməsinin planlaşdırıldığını vurğulayıb. Öz növbəsində sədr müavini Braziliya tərəfinə Hesablama Palatasını müxtəlif beynəlxalq təşkilatlarda dəstəklədiyinə görə təşəkkürünü çatdırıb və əlaqələrimizin inkişafının davam etdirilməsinin zəruriliyini bildirib.

Dünyada nüfuzlu təşkilat olan SAI20 G20-yə üzv ölkələrin AAO-ları arasında əməkdaşlığın gücləndirilməsində həlledici rol oynayır, qlobal idarəçilikdə şəffaflıq, hesabatlılıq və effektivliyi təşviq etmək öhdəliyi daşıyır.