12 iyun 2024 23:18
300

Zavod Həmkarlar İttifaqı Komitəsinin hesabat-seşki konfransı keçirilib

İyunun 11-də SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) Həmkarlar İttifaqı Komitəsinin (HİK) hesabat-seçki yığıncağı keçirilib. Öncə konfrans iştirakçıları zavodun meydançasında Ulu Öndər Heydər Əliyevin büstünün önünə çiçək dəstələri qoyaraq, əziz xatirəsini yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Aqil Dadaşovun, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) sədri Cahangir Əliyevin, SOCAR “Downstream Management” MMC-nin (SDM) baş direktoru Emil Alxaslının, NEZ-in direktoru Xəyal Cəfərovun iştirak etdikləri yığıncaqda Heydər Əliyev adına NEZ  HİK-nin 2017-2024-cü illər ərzindəki fəaliyyəti haqqında hesabat məruzəsi dinlənilib. Həmçinin təşkilatın Nəzarət-təftiş komissiyasının hesabatı və təşkilati məsələlər müzakirə olunub.

Heydər Əliyev adına NEZ  HİK-nin  sədri İlham Quliyev hesabat məruzəsi ilə çıxış edib. İ.Quliyev ötən dövr ərzində HİK-nin gördüyü işlər haqqında ətraflı məlumat verərək bildirib ki, «ANQSİ Hİ orqanlarında hesabat-seçkilərin keçirilməsi haqqında təlimat»a və NEZ-in Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin qərarına uyğun olaraq öncə NEZ-in sahələrində  hesabat yığıncaqları keçirilmişdir.    

İ.Quliyev qeyd edib ki, bu gün müəssisənin yenidən qurulması və modernizasıyası istiqamətində aparılan işlərdə zavod rəhbərliyinə lazımi dəstəyini göstərən Həmkarlar İttifaqı Komitəsinin üzərinə böyük məsuliyyət düşür. İşçilərin əmək, iqtisadi, sosial hüquqlarının və qanuni mənafelərinin  müdafiəsini həyata keçirərək, zavod rəhbərliyi ilə birgə strateji, çətin və mürəkkəb istehsal sahələrində beynəlxalq standartlar səviyyəsində normal iş şəraitinin mövcudluğuna çalışır. Коmitə sədri yeni Kollektiv Müqavilənin bağlanması, işçilərin əməyinin və sağlamlığının mühafizəsi, sosial-iqtisadi problemlərinin həlli, istirahətlərinin təmin olunması, nəqliyyatın təşkil olunması və digər istiqamətdə görülən işlərdən danışıb.

Bildirilib ki,  HİK  təsdiq olunan illik iş planlarına uyğun olaraq müxtəlif xarakterli tədbirlərin həyata keçirilməsini təmin edib. Hər zaman təşəbbüskarlığı ilə fərqlənən təşkilat üzvləri tədbirlərin təşkilində və keçirilməsində də mütəşəkkillik nümayiş etdiriblər. Komitə Azərbaycan xalqının və müstəqil dövlətçilik tariximizdə mühüm əhəmiyyət kəsb edən hadisələrin qeyd edilməsində, həmçinin zavod tərəfindən təşkil edilən bütün tədbirlərdə həmrəylik nümayiş etdirib. Bütün tədbirlərdə Həmkarlar İttifaqı Komitəsi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışıb. İşəgötürən və Həmkarlar İttifaqı Komitəsi  qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında fəaliyyət göstərərək Kollektıv Müqavilənin  müvafiq bəndləri üzrə  öhdəlikləri yerinə yetirmişdir.

Həmkarlar İttifaqı üzvlərinin əmək və sosial-iqtisadi mənafelərinin müdafiəsi,  əməyin və sağlamlığın mühafizəsi,  mədəni-кütləvi tədbirlər və kollektiv müqavilənin yerinə yetirilməsi, maddi yardımların, zavod işçiləri arasında idmаn işinin təşkili kimi bu və diğər məsələlər hesabat məruzəsinin əsasını təşkil edirdi.

Həmkarlar İttifaqı Komitəsi SOCAR “Downstream Management” MMC (SDM) və  NEZ rəhbərliyi ilə  daim qarşılıqlı əməkdaşlıq etmiş, rəhbərliyin tapşırıq və tövsiyələrinə diqqətlə yanaşmışdır.  Bunun nəticəsidir ki, həmkarlar ittifaqının üzvləri  ilə SDM və NEZ rəhbərliyinin  səmimi münasibəti daha da  dərinləşmiş və sağlam bir kollektiv  formalaşmışdır. Qazanılan bu uğurlar  zavod rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin birgə işinin nəticəsidir.

Bundan əlavə, HİK öz fəaliyyət dairəsinə uyğun olaraq işçilərin əmək şəraitinin yaxşılaşdırılması, sağlamlıqlarının və təhlükəsizliklərinin qorunması, istirahətinin təşkili, mədəni-kütləvi və bayram tədbirlərinin keçirilməsi istiqamətində çoxsaylı təkliflərlə çıxış etmiş, qaldırılan təşəbbüslər HİK iclaslarında baxılmış və rəhbərlik tərəfindən həllini tapmışdır.

Sonra HİK-in Nəzarət-təftiş komissiyasının sədri Elmir Eminovun hesabatı dinlənilib.

Hesabat məruzəsi ətrafında SDM-nin baş direktor müavini Anar Süleymanov, laborant, şəhid ailəsinin üzvü Güldəstə Tağıyeva, hərbi səfərbərlik üzrə supervayzer Zaur Əliyev, zavodun idarə aparatı həmkarlar təşkilatının sədri Aqşin Abbasov çıxış edərək HİK-in fəaliyyətinə müsbət münasibətlərini bildiriblər.

AHİK-in sədr müavini Aqil Dadaşov, ANQSİHİRK-nın sədri Cahangir Əliyev, SDM-nin baş direktoru Emil Alxaslı, NEZ-in direktoru Xəyal Cəfərov zavod HİK-in  fəaliyyətinin qənaətbəxş olduğunu vurğulayıblar. Bildiriblər ki, istehsalatda işçilərin normal və sağlam iş şəraitində işləmələri üçün böyük səylər göstərilir və bu məsələlərə zavod HİK-i xüsusi diqqət və  qayğı ilə yanaşır. Onlar zavod HİK-in yenidən yekdilliklə  seçilmiş sədrı İlham Quliyevə və komitə üzvlərinə  uğurlu işi davam etdirməyi və yeni nailiyyətlər qazanmağı arzu ediblər.

Sonda Həmkarlar İttifaqı Komitəsinin İdarə Heyətinin, Nəzarət-təftiş komissiyasının üzvlərinin və HİK-in sədr müavinin seçilməsi üçün açıq səsvermə keçirilib.

Hesabat-seçki yığıncağının qərar layihəsinə əsasən, Heydər Əliyev adına NEZ  HİK-in 2017- 2024-cü illər üzrə fəaliyyəti qənaətbəxş hesab edilib. Həmçinin ANQSİHİ Respublika Komitəsinin VI qurultayına 5 nəfərdən ibarət nümayəndə seçilib.

Ş. Həşimov