27 may 2024 03:30
525

Klublarımızın avrokuboklarda ilk oyunların və püşkatmanın tarixi açıqlandı

Azərbaycan klubları avrokuboklarda - İlk oyunlar və püşkatmanın tarixləri…

Məlum olduğu kimi, 2024/25 mövsümü Avropa kuboklarında mübarizə aparacaq Azərbaycanın 4 klubu müəyyənləşib.

“İki sahil” xatırladır ki, “Qarabağ” Çempionlar Liqası, “Zirə” Avropa Liqası, “Sabah” və “Sumqayıt” isə Konfrans Liqasında yarışacaq.

Bəs, klublarımız mübarizıyə nə vaxt başlayır, püşkatma nə zaman olacaq?

“Qarabağ”

“Qarabağ”ın Çempionlar Liqasına 1-ci mərhələdən başlaması nəzərdə tutulur. Lakin avrokubokların yeni formatı ilə əlaqədar Ağdam təmsilçisi mübarizəyə ikinci mərhələdən də başlaya bilər. İyunun 1-də “Real” (Madrid) “Borussiya”ya Çempionlar Liqasının finalında qalib gələrsə, “Qarabağ” yarışa 2-ci, əks halda 1-ci mərhələdən başlayacaq.

Birinci mərhələnin püşkü iyunun 18-də, ikinci mərhələnin püşkü isə iyunun 19-da atılacaq.

Birinci mərhələnin oyunları 9/10 iyul - 16/17 iyul, ikinci mərhələnin matçları 23/24 iyul - 30/31 iyulda keçiriləcək.

“Zirə”

Komanda Avropa Liqasına 1-ci mərhələdən başlayacaq. “Zirə”nin rəqibin adına iyunun 18-də keçiriləcək püşkatmada aydınlıq gələcək. Rəşad Sadıqovun komandası ilk matçını iyulun 11-i, cavab görüşünü isə iyulun 18-də keçirəcək.

“Sabah”, “Sumqayıt”

Hər iki təmsilçimiz Konfrans Liqasına ikinci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin püşkatması iyunun 19-da, oyunları isə 25 iyul - 1 avqustda keçiriləcək.