12 mart 2024 17:00
1022

“SOCAR Broker” “Lloyd's”un lisenziyasını alıb - FOTO

“SOCAR Türkiyə”in şirkətlərindən biri olan “SOCAR Broker” dünyanın ən köklü, aparıcı sığorta və təkrarsığorta bazarı olan “Lloyd's”un lisenziyasını alıb.

Qlobal şirkətlər sırasında yer alaraq beynəlxalq sığorta bazarına birbaşa çıxış əldə edən “SOCAR Broker” aldığı lisenziya ilə Türkiyədə bu sahədə fəaliyyət göstərən 195 şirkət arasında “Lloyd's” lisenziyasına sahib 4-cü qurum oldu.

Qeyd edək ki, 2022-ci ildə təsis edilən “SOCAR Broker” öz ekspert heyəti ilə “SOCAR Türkiyə”nin qrup şirkətlərinə və digər maraqlı tərəflərə sığorta və təkrarsığorta brokeri xidmətləri təklif edir. Şirkət yerli və beynəlxalq sığorta bazarının ən etibarlı şirkətləri ilə müqavilələr bağlayaraq, korporativ və fərdi müştərilərinə bazarda ən yaxşı şərtlər və zəmanətlərlə sığorta və təkrarsığorta həlləri təklif edir.

Başda yanğın, mühəndislik və məsuliyyət sığortası olmaqla bütün sığorta sahələrində aktiv fəaliyyət göstərən “SOCAR Broker” həm sığorta, həm də enerji sektorunda öz bilik və yenilikləri ilə müştəriləri üçün ən uyğun sığorta proqramlarını təqdim edir.

“SOCAR Broker” xidmət portfelində sığorta brokeri ilə yanaşı, zərərin proaktiv idarə edilməsi yanaşmasını mənimsəyir və müştərilərinə qəza və fəlakətlər nəticəsində yarana biləcək zərər ssenarilərinin yaradılması, müvafiq təminatların müəyyən edilməsi və zərər prosedurlarının hazırlanması kimi məsələlərdə hərtərəfli məsləhət xidmətləri göstərir.

Yerli və beynəlxalq bazarların ən nüfuzlu sığorta və təkrarsığorta şirkətləri ilə əməkdaşlıq edən “SOCAR Broker" müştərilərinə təqdim etdiyi innovativ həllərlə alıcılıq qabiliyyətini günü-gündən artırmağı diqqətdə saxlayır.

Orxan Vahidoğlu, “İki sahil”