07 mart 2024 17:49
482

Azərbaycan filmləri 54-cü Tampere Beynəlxalq Film Festivalında iştirak edir

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Debüt” studiyasında çəkilmiş “İki gün” və “Mozalan” studiyasında çəkilmiş “İkinci planetin qırmızı rəngi” qısametrajlı bədii filmləri 6-10 mart tarixində Finlandiyada keçirilən 54-cü Tampere Beynəlxalq Film Festivalında iştirak edir.

Nazirlikdən "İki sahil"ə verilən xəbərə görə, Mədəniyyət Nazirliyinin keçirdiyi “Böyük Qayıdış” müsabiqəsinin qalibləri olaraq ərsəyə gələn və 44 günlük Vətən müharibəsinə həsr edilmiş filmlərdən “İki gün” Tampere festivalının əsas müsabiqə proqramında, “İkinci planetin qırmızı rəngi” filmi isə “Cənubi Qafqaz nümayişləri” proqramında ölkəmizi təmsil edir.

Mələk Bayramlı və Təranə Vəliyevanın rol aldığı “İki gün” filminin quruluşçu rejissoru Teymur Qəmbərov, prodüserləri Orxan Abbasov və Lika Gavrişdir.

“İkinci planetin qırmızı rəngi” filminin isə ssenari müəllifi və quruluşçu rejissoru Azər Quliyev, prodüseri Əli-Səttar Quliyevdir. Filmdə əsas rollarda Rafael Şahbəyli, Diana Hacıyeva, Aydan Həsənzadə, Əli Nəsib çəkiliblər.

Qeyd edək ki, Tampere Film Festivalı Amerika Kino Akademiyasının "Oscar" mükafatına klassifikasiyalı və Beynəlxalq Film İstehsalçıları Federasiyasına (FİAPF) akkreditasiyalı, dünyanın nüfuzlu kino festivallarındandır.