01 mart 2024 14:43
1005

İlk dəfədir ki, Xocalı soyqırımı günü Xocalıda qeyd olundu

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törətdikləri soyqırımı dünya tarixində insanlıq əleyhinə ən amansız cinayətlərdən biridir. 

Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

Ümummilli Liderimiz Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı kimi dəyərləndirərək deyirdi: “Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür”.

Xocalı qətliamından 32 il keçir. İllər ötdükcə bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunmuşdur. Öz miqyasına görə tarixdə analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri qəddarlıqda heç də faşistlərdən geri qalmadıqlarını bir daha təsdiqlədilər. Həmin gün erməni silahlı birləşmələri faşistlərdən də qəddar olduqlarını açıq şəkildə dünyaya nümayiş etdirdilər.

Xocalı soyqırımı isə heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq.

Biz onilliklər ərzində çalışırdıq, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik və bunu etdik.İkinci Qarabağ müharibəsi nəticəsində o vaxt işğal altında olan torpaqların böyük hissəsi azad edilmişdir, işğal altında qalan ərazilər bir neçə ay bundan əvvəl azad edilmişdir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən düşmən döyüş meydanında darmadağın edildi. Bu gün Azərbaycanın bütün sərhədlərində şanlı üçrəngli bayrağımız dalğalanır. 2023-cü il oktyabrın 15-də Xocalıda Müzəffər Ali Baş Komandan tərəfindən şanlı üçrəngli bayrağımızın ucaldıldıldı.

32 ildən sonra ilk dəfədir ki, Xocalı soyqırımı günü məhz Xocalıda qeyd olundu.

 İlk dəfədir ki, Xocalı soyqırımı gününü biz Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edildi. Cənab Prezident və xocalıların iştirakı ilə  Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda Memorial Kompleksin təməlinin qoyulması yaddaşlara əbədi həkk olunacaq. Bu tarixi ədalətin təntənəsi idi. Şəhidlərimizin, günahsız qurbanlarımızın qanı yerdə qalmadı. Memorialda, həmçinin faciə ilə bağlı sənədli filmlər, Xocalı həqiqətləri barədə videomateriallar nümayiş olunacaq. Eyni zamanda, Xocalının işğaldan azad olunması və cinayətkarların cəzalandırılması istiqamətində görülən tədbirlər barədə məlumatlar yer alacaq. Maarifləndirici materiallar, rəqəmsal məzmun vasitəsilə soyqırımı kimi faciələrin səbəbləri, nəticələri, qarşısının alınmasının zərurəti, cəmiyyətin insan haqlarına hörmət etməsinin vacibliyi diqqətə çatdırılacaq.

 Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən “Xocalıya ədalət! çağırışı bu gün də davam edir. Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, ictimai təşkilatlar bu işdə aktiv yer alıb. Məhz Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində təbliğ edilir. 

Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir.

Aytəkin Zeynalova,
Bakı şəhəri, Xətai rayonu 165 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi