Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar
Aydındır ki, müasir dünyada iqtisadiyyatın inkişafı texnologiyalardan kənarda təsəvvür edilmir. Dünya texnologiyalar sahəsində böyük sürətlə irəliləməkdədir. Azərbaycan nəinki bu prosesdən kənarda qalmır, həm də onun aktiv iştirakçısı olmaq istiqamətində sürətlə irəliləməkdədir. Bu proses Prezident İlham Əliyev tərəfindən son dərəcə zəruri vəzifə kimi qarşıya qoyulur. Belə ki, dövlət başçımız fevralın 14-də andiçmə mərasimindəki nitqində qeyd edib: “Vacib vəzifələrdən biri texnoloji inkişafımızdır. Bu gün istər sənaye inkişafı sahəsində, istər hərbi sənaye kompleksi sahəsində və ümumiyyətlə, hərbi sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır. İkinci Qarabağ müharibəsi zamanı, antiterror əməliyyatı zamanı hər kəs bunu gördü.
Biz texniki vasitələr hesabına İkinci Qarabağ müharibəsindən minimum itkilərlə çıxmışıq. Ona görə texnoloji inkişafla bağlı hədəflər müəyyən edildi, bütün aidiyyəti qurumlara tapşırıqlar verildi və bu iş əlbəttə ki, böyük bir səfərbərlik tələb edən işdir. Sadəcə olaraq, dövlət siyasəti burada yetərli deyil. Biz əlbəttə ki, yeni texnologiyaları alırıq, texnoloji inkişafa böyük dəstək veririk, ancaq burada vacib məsələlərdən biri kadr hazırlığıdır. Son 1-2 il ərzində böyük inkişaf mövcuddur. Kadr hazırlığı olmadan heç bir texnoloji yenilik kifayət etməyəcək. Son müddət ərzində bir neçə min Azərbaycan gənci treninqlərdən keçib, xüsusi proqramlardan keçib. Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi – bütün bunlar bizim gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar”.
İnkişaf etmiş ölkələrin təcrübəsindən də görünür ki, rəqəmsallaşma prosesi işsizliyin aradan qaldırılması, yaşam standartlarının yüksəldilməsi, məhsuldarlığın artırılması, şəffaflığın təmin edilməsi, kiçik və orta sahibkarlığın inkişafına töhfənin verilməsi ilə iqtisadiyyata müsbət təsir göstərir. Respublikamız üçün də rəqəmsal iqtisadiyyatın qurulması, müasir texnologiyaların və innovasiyaların tətbiqi prioritet məsələlərdəndir.
Bu məqsədlə "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiyanın hazırlanması və tətbiqi tədbiri öz əksini tapmışdır. Rəqəmsal İqtisadiyyat Strategiyası sənədinin hazırlanması ölkədə davamlı və rəqabətqabiliyyətli rəqəmsal iqtisadiyyatın formalaşdırılmasına, Azərbaycanın müvafiq sahə üzrə qabaqcıl ölkələrdən birinə çevrilməsinə, rəqəmsal iqtisadiyyatın ölçülməsinə, həmçinin koordinasiya edilmiş şəkildə inkişaf etdirilməsinə xidmət göstərəcəkdir. Həmin sənəd ölkəmizdə rəqəmsal infrastruktur və xidmətlər, müvafiq sahədə qanunvericilik, maliyyə resurslarının əlçatanlığı və rəqəmsal bacarıqların inkişaf etdirilməsi də daxil olmaqla rəqəmsal iqtisadiyyatın bütün komponentləri üzrə inkişaf istiqamətlərini müəyyən edəcək milli strategiya sənədi olacaqdır.
2003-cü ildən bu günə kimi informasiya və rabitə sahəsində 10 dəfədən çox artıma nail olunmuşdur. İşsizliyin qarşısının alınması istiqamətində bu sahədə böyük işlər görülüb. İnformasiya və rabitə sahəsində çalışanların sayı 32 min nəfəri keçmişdir. Vətəndaşların rəqəmsal bacarığının artırılması istiqamətində görülən işlərə nəzər salsaq burada da əhəmiyyətli dərəcədə yüksəlişin olduğunu görərik. Nağdsız ödənişlərin genişləndirilməsi üçün elektron hökumət ödəniş sistemi – “E-gov Pay” yaradılıb və istifadəyə verilib. 40-dan çox dövlət qurumunun 350-dən artıq xidməti “Elektron hökumət” portalında vətəndaşlara təqdim olunub.
Onu da bildirək ki, ölkəmiz nümunəvi ictimai və sosial xidmət sahələrində innovativ yanaşmaları ilə də dünyanın bir çox dövlətlərini qabaqlayır. Həmin nümunəvi xidmətin ən bariz nümunəsi olaraq ölkə başçısı İlham Əliyevin təşəbbüsü 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin təsis edilməsini və onun himayəsi altında fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərini qeyd edə bilərik. "ASAN xidmət" Azərbaycan məhsulu, ixtirası və brendi olaraq beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək maraq və rəğbətlə xarakterizə olunur. "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.
Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi, rabitənin inkişafı sahəsində də qabaqcıl ölkələr sırasına çıxıb. Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2008-ci ildə "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması", 2009-cu ildə ölkədə "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" Prezident İlham Əliyevin sərəncamları bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir. Hazırda ölkədə əhali yaşayan ərazilərin 99,8%-i sosial rəqəmsal televiziya yayımı ilə əhatə olunur və bu proqramlar paytaxtda SD ilə yanaşı, HD formatında da yayımlanır. 2019-cu ildən paytaxtda rəqəmsal radio yayımına (12 radio proqram) başlanılıb. 2022-ci ildən yerli televiziya proqramlarının peykdən HD formatında yayımı təmin olunur. 2022-ci il 26-29 mayda təxminən 300 min insanın ziyarət etdiyi "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı keçirilib. 2023-cü ilin 2-6 oktyabrında Bakı şəhərində 50 ildən sonra yenidən "Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək" şüarı altında Beynəlxalq Astronavtika Konqresi keçirilib. Konqresə rekord sayda - 95 ölkədən 3600 elmi məqalə təqdim olunub. Bakı Konqresi əldə edilmiş sponsorluq paketlərinin sayına görə rekord göstərici qazanıb, 22 şirkət tədbirə sponsorluq paketi alıb. Bu, son beş ölkədə Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilmiş konqreslərlə müqayisədə ən yüksək göstərici idi. Konqresdə rekord sayda – 132 ölkədən 5404 nümayəndə iştirak edib. Bu mötəbər beynəlxalq forum kosmik sənayenin gələcəyini formalaşdıran yeni ideyalar və innovativ həllər, habelə kosmik innovasiyalar sahəsində qlobal tendensiyalar, tərəfdaşlıq və əməkdaşlıq haqqında fikir mübadiləsi üçün açıq platformaya çevrildi.
Nigar Orucova, “İki sahil”