Dövlət başçısı İlham Əliyev bildirir ki, baxmayaraq, Azərbaycanın zəngin neft və qaz resursları var, gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük
Şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində qətiyyət göstərən ölkəmiz davamlı tərəfdaşlıq və əməkdaşlığa sadiqdir. Qlobal və regional enerji təhlükəsizliyinin təmin olunmasında önəmli oyunçulardan olan Azərbaycan xüsusilə bərpaolunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr həyata keçirir, qonşu ölkələrin enerji sistemləri ilə sıx inteqrasiyaya, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına dəstək verir.
2030-cu ilədək respublikamızın «yaşıl artım”» ölkəsinə çevrilməsini və təmiz ətraf mühitə nail olmağı sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanın enerji sahəsində atdığı qlobal addımların tərkib hissəsidir. Bu siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcəkdir. Perspektivlərin vəd deyil, əməli iş olduğunu təsdiqləyən fakt Ermənistanın işğalından azad edilmiş ərazilərdə yeni generasiya güclərinin yaradılmasıdır. Bu amillər beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artırır və onu gücləndirir. Qarabağ və Şərqi Zəngəzurda günəş, külək enerji növlərinin istehsalı təxminən 9‒10 min meqavata çata bilər. Xatırladaq ki, bu məqsədlər üçün Səudiyyə Ərəbistanı Krallığının «Masdar»” və ««ACWA Power» şirkətləri ilə müqavilələr imzalanıb. Qarabağ və Şərqi Zəngəzurda «yaşıl enerji»” zonası üçün konseptual layihələr hazırlanıb, müasir dövrün tələbinə uyğun bərpaolunan enerji mənbələrindən ibarət unikal «yaşıl enerji» zonası” konsepsiyasının yaradılması üçün nəzərdə tutulan layihələrin həlli istiqamətində işlər davam etdirilir. Azərbaycanın nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, dünya ölkələrinin maraq göstərdiyi bərpaolunan enerji sahəsində Azərbaycanın zəngin təbii resurslara malik olması «yaşıl artım» layihəsinin həlli üçün geniş imkanlar vəd edir.
Azərbaycan həmişə olduğu kimi, qarşıdakı illərdə də ölkəmizlə əməkdaşlıq etmək istəyənlər üçün «açıq qapı» siyasətinə sadiqdir. Enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur. Avropa ölkələri üçün yeganə mənbə isə Azərbaycandır. Çünki qalan bütün mənbələr artıq uzun illərdir ki, Avropanı təbii qazla qidalandırır. Ən önəmlisi isə odur ki, Cənub Qaz Dəhlizini tərəfdaşlarla birlikdə icra etmək üçün Azərbaycan dövlətinin güclü siyasi iradəsi, maliyyə resursları var. Zəngin neft-qaz yataqlarının istismarı ilə qarşıdakı onillər ərzində ölkəmizin inkişafı daha etibarlı təmin olunacaq, iqtisadiyyatımız çoxşaxəli şəkildə inkişaf edəcək. Azərbaycan Avropanın enerji təhlükəsizliyində bundan sonra da etibarlı tərəfdaş olacaq. Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Bundan sonra isə qaz təchizatçısı kimi də potensialımız artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir. Ölkəmizin dünyanın enerji xəritəsində möhkəmlənən rolu daha da artacaq.
Qeyd edək ki, ənənəvi olaraq keçirilən Davos Dünya İqtisadi Forumunun builki iclasında da Azərbaycanın malik olduğu «yaşıl enerji» potensialı geniş müzakirə edildi. Azərbaycan Davosda "yaşıl enerji" təchizatçısına çevrilmək üçün ortamüddətli hədəflərini açıqladı. Davos İqtisadi Forumu çərçivəsində keçirilən "COP28 və Qarşıdakı Yol" sessiyasında Azərbaycanın «yaşıl enerji» təchizatçısına çevrilmək məqsədilə ortamüddətli dövr üçün hədəfləri istiqamətində həyata keçirilən tədbirlər və ölkəmizin dayanıqlı enerji potensialı barədə məlumat verildi. Sərmayələrin yüksək keyfiyyətli ekoloji mühiti dəstəkləyən sahələrə yönəldilməsinin əhəmiyyəti vurğulandı. Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində səmərəli investisiya strategiyalarını və karbon tullantılarının sıfıra endirilməsini təşviq edən tərəfdaşlıqların dəstəklənməsinin iqlim dəyişiklikləri üzrə çağırışlara verəcəyi töhfələr barədə ilkin gözləntilər ifadə olundu.
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində 2024-cü ildə Azərbaycanın COP29 kimi nüfuzlu tədbirə ev sahibliyi edəcəyini vurğulayaraq bildirmişdir: “Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Proseslərin gedişatı bizim mövqeyimizdən böyük dərəcədə asılı olacaq. Biz artıq bir neçə ölkədən əməkdaşlıq təklifi almışıq. Bizimlə bu hazırlıq dövründə əməkdaşlığın istiqamətləri müəyyən edilsin və biz bütün ölkələrlə əməkdaşlığa hazırıq, bu, bizim üçün də böyük bir təcrübə olacaq. Çünki bu, yenə də hesab edirəm ki, dünyanın bir nömrəli beynəlxalq tədbiridir, beynəlxalq konfransıdır, həm dünya ictimaiyyətinin diqqəti nöqteyi-nəzərindən, BMT Baş Assambleyasından da daha mötəbərdir.» O da məlumdur ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik İli» elan edildi. Sənəddə Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verməsi əsaslı şəkildə diqqətə çatdırılır.
Azərbaycan malik olduğu təbii resurslara və yerləşdiyi coğrafi məkana görə daim dünyanın diqqətində olub. Ölkəmiz tarixən neft ölkəsi kimi tanınır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verilməsi, respublikamıza iqtisadi və siyasi dividend gətirən «Əsrin müqaviləsi»nin imzalanması illər keçdikcə ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsinə yol açan enerji layihələrini icra etməklə neftlə yanaşı, qaz ixracatçısı kimi də nüfuz qazandı. Bu layihələr Azərbaycanın regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasında əhəmiyyətli rol oynadı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardır. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, bu və ya digər ölkələrə investisiya yatırır. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, biznes mühitinin yaxşılaşdırılması, təkmil islahatların davamlılığı Azərbaycanın beynəlxalq reytinq agentliklərinin hesabatlarında liderliyini qorumasını şərtləndirir. Prezident İlham Əliyev daim bu reallığı diqqətə çatdırır ki, Azərbaycanın iqtisadi böhrandan ən az itki ilə çıxması üçün yerli resurslardan istifadə imkanları və daxili potensialı tükənməzdir: «Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır.» Dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd edir ki, əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik?» Daxili investisiyaların həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısından irəli gəlir.
2020-ci ildə tarixi Zəfərimiz Azərbaycanın yeni dövrə qədəm qomasını şərtləndirdi. Artıq yeni sənədlərin imzalanmasına böyük zərurət yarandı. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının davamı olaraq «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Hazırkı dövrün əsas çağırışının bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması, yeni əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi olduğunu nəzərə alsaq tarixi Zəfərimizin reallıqlarının yol açdığı yeniliklər sırasında bu əlaqələrin qurulduğunu və yüksələn xətlə inkişaf etdiyini qeyd edə bilərik.
Azərbaycan neft ölkəsi kimi hazırda ekoloji mühitin sağlamlaşdırılmasında maraqlıdır. Meşə sahələrinin artırılması, təsərrüfat sahələrinin planlı şəkildə genişləndirilməsi, müasir aqrotexniki vasitələrdən istifadə, alternativ enerjiyə üstünlük verilməsi və sair kimi məsələlər iqlim dəyişikliyi probleminin həllində qarşıya qoyulan əsas məqsədlərdəndir. Azərbaycan bu istiqamətdə mühüm addımlar atır. Bu irəliləyiş dünya ölkələrinin diqqətindən yayınmır. COP29-da dünya ölkələri Azərbaycanın malik olduğu resursları və imkanları əyani formada görəcəklər.
COP29-a ev sahibliyi edəcək Bakı iki həftə dünyanın ekoloji mərkəzi olacaq. Cənab İlham Əliyev belə bir mühüm məqamı diqqətə çatdırır ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdi. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq. Cənab İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, COP29 beynəlxalq konfransını da yüksək səviyyədə keçirəcəyik. Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək. Dünyada hər kəs bir daha görəcək ki, gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda enerji siyasətimizin prioritetidir.
Şanlı Zəfərimizin reallıqları fonunda təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in «Təmiz ətraf mühit və «yaşıl artım ölkəsi» hədəfində bu çağırışlar xüsusi yer tutur ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaq. O da vurğulanır ki, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından, dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində strateji dövrdə iki məqsədin reallaşdırılmasına nail olunmalıdır: yüksək keyfiyyətli ekoloji mühit; yaşıl enerji məkanı.
İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə imzalanan «Yaşıl dünya naminə həmrəylik İli»ndə o da vurğulanır ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
Göründüyü kimi, hər dövrün öz çağırışı vardır. Müstəqilliyimizin bərpasından ötən 32 ildən artıq dövrün təhlili fonunda Azərbaycanın hər bir çağırışı yüksək səviyyədə cavablandırdığı diqqətdən kənarda qalmır. Artıq bu gün ölkəmizin həyatında yeni dövr uğurla davam edir. Bu mərhələ işğaldan azad edilmiş ərazilərimizin bərpası və soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Qarabağımız və Şərqi Zəngəzurumuz zəngin bərpaolunan enerji potensialına malikdir. Dövlət başçısı ötən il ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda Forumda bu məqama da diqqəti yönlətmişdir ki, azad edilmiş ərazilərə gəldikdə, digər mühüm məsələ də var. Yeni idarəçilik modeli sınaqdan keçirilir. Artıq Prezidentin xüsusi nümayəndələr institutu yaradılıb. Bu vaxta qədər dörd nümayəndə var. Onların sayı daha çox olacaq: «Bu, tamamilə yeni idarəçilik üsuludur və həmin müsbət təcrübə, ola bilsin, ölkənin qalan hissəsində də tətbiq edilsin. Texnoloji inkişaf, ekoloji baxımdan münbit biznes mühiti – bütün bunlar tətbiq ediləcək. Bir sözlə, bizim həmin planlarımız artıq var. Hələ onları kağız üzərinə köçürməmişik, çünki biz əsasən keçmiş məcburi köçkünlərin əsas hissəsini qaytarmalıyıq və bu, Azərbaycanın qalan hissəsinin yenidən qurulmasına və inkişafına dair yol xəritəsi olacaq. Məsələn, Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji zonası kimi elan etdikdən sonra növbəti addım Naxçıvan Muxtar Respublikasında atıldı. Hazırda biz Naxçıvanda 1500 bərpaolunan enerji mənbəyinin tikintisi planını tərtib etmişik.» Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının yenidən qurulması prosesində əsas prioritetlərdən biri ekosistemin bərpası və ətraf mühitin qorunmasıdır. Artıq 2050-ci ildə bu ərazilərin sıfır tullantılı zonaya çevrilməsi planlaşdırılır.
Yaşıl enerji keçidi bizim prioritet məsələmizdir və 2023-cü ildə Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilmişdir. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq. Bu statistik rəqəmləri də qeyd edək ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi 3 min MVt, günəş enerjisi 23 min MVt, bioenerji potensialı 380 MVtdır. Dağ çaylarının potensialı 520 MVt həcmində dəyərləndirilir.
Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın yaşıl enerjisinə bir çox ölkələr, o cümlədən ABŞ, Avstraliya maraq göstərir. Təkcə Almaniya Azərbaycanın bərpaolunan enerji mənbələrinə təxminən 1 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Azərbaycanda bərpaolunan enerji bazarlarının inkişaf perspektivləri həm külək enerjisi sahəsində, həm də günəş generasiyası, hidroenergetika və digər yaşıl enerji sahələrində müxtəlif layihələrin icrası üçün müvafiq təcrübəyə malik bir çox şirkətlər qarşısında imkanlar açır.
Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. Sərəncama əsasən COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının 2024-cü ildə Bakı şəhərində təşkili və keçirilməsi təmin edilməlidir. Təşkilat Komitəsinə COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planını hazırlayıb həyata keçirmək tapşırılıb. Təşkilat Komitəsi, həmçinin əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlər görməlidir. Nazirlər Kabineti nəzərdə tutulan Tədbirlər Planının icrası ilə bağlı maliyyələşdirməni təmin etməli və digər zəruri məsələlərin həlli üçün tədbirlər görməlidir.
Yeganə Əliyeva, «İki sahil»