Müsavat Partiyasının başqanı Arif Hacılı ötən gün «Elçibəy İnstitutu» adlı qurumdan istefa verdiyini bildirib. O, istefasının səbəblərini də açıqlayıb: "Təsisçilərindən biri olduğum «Elçibəy İnstitutu» adlı qurumdan istefa verirəm. Səbəb «Elçibəy İnstitutu»nun aparıcı üzvlərinin Elçibəyin yüksək adından onun irsini tədqiq və təbliğ etmək üçün deyil, Müsavatın təməl prinsipləri ilə üst-üstə düşməyən şəxsi maraqları naminə istifadə etmələridir".
Qeyd edək ki, «Elçibəy İnstitutu»nun təsisçiləri arasında İsa Qəmbər, Pənah Hüseyn, Əli Kərimli, Arif Hacılı, Arzu Səmədbəyli, Oktay Qasımov, Qiyas Sadıqov kimi adamlar da var. Təbii ki, Arif Hacılının bu açıqlamasında daha çox AXCP sədri Əli Kərimlini ittiham edildiyi müşahidə edilir.
Bəli, bu iki partiya ilk yarandıqları gündən mehriban düşmənlərdir. Əbülfəz Elçibəyin vəfatından sonra onların bir-birlərinə bəslədikləri qəzəb və kini daha açıq şəkildə təzahür etdi. Xatırladaq ki, Elçibəyin vəfatından sonra Müsavat Partiyasının o vaxtkı başqanı İsa Qəmbər AXCP-ni parçalamaq üçün partiyanın Mirfəttah Mirəlioğlunun rəhbərlik etidiyi qanadını AXCP kimi tanıdı. Bununla da Əli Kərimli ilə İsa Qəmbər arasındakı bütün körpülər yandırılmış oldu.
Əli Kərimli isə 2003-cü il prezident seçkilərinin müxalifətdən olan namizədi İsa Qəmbəri dəstəkləmədi. Nəticədə hər iki partiya arasındakı siyasi ziddiyyətlər dərinləşərək siyasi münaqişəyə çevrildi. Hətta iş o qədər qəlizləşdi ki, bu partiyaların funksionerləri bir-birlərini namus və əxlaq meyaralarına kimi təhqir etdilər.
Aradan keçən 20 ildən çox bir müddətdə bu partiyaların nəinki rəhbərləri, hətta sıravi üzvləri də bir-birlərinə satqın və xəyanətkar damğası yapışdırmağa çalışdılar. Arif Hacılının bu istefası və açıqlaması bir daha göstərir ki, AXCP ilə Müsavat arasındakı ədavət hələ də davam edir, həm də daha kəskin şəkildə…
Əziz oxucular, biz dəfələrlə yazmışıq ki, bu radikal düşərgənin populizmi və avantürası siyasi dürüstlükdən qat-qat çoxdur. Əslində, bu qaragüruhçular ilk gündən əxlaqlı siyasi mübarizə aparmağı bacarmayıblar. Ona görə də onların sözdə apardıqları «milli savaş» avantüradan o yana keçə bilməyib.
Bu gün hələ də Elçibəyin ölümündə Əli Kərimlini ittiham edənlərin cərgəsində vaxtılə onlarla bir düşərgədə fəaliyyət göstərən müsavatçılar öndə gəlir. Eyni zamanda, Əli Kərimlinin trolları da Elçibəyin hakimiyyətinin zəifləməsində Müsavatın keçmiş başqanı İsa Qəmbəri hələ də əsl günahkar kimi görürlər.
Bundan başqa, Müsavat Partiyası Əli Kərimlinin inhisarında olan qondarma «Milli Şura»nın da təmsilçiliyində heç vaxt iştirak etməyib. Ona görə ki, bu qondarma «şura»nın əsas funksionerləri həm də antimüsavatçılardan formalaşdırılıb. Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Fuad Qəhrəmanlı və digərləri məhz Əli Kərimlinin göstərişlərinə əsasən Müsavat Partiyasını və onun üzvlərini İran casusları kimi qələmə verirdilər. Hətta Tofiq Yaqublunun adı bu gün Müsavat Partiyasında getsə də o, daha çox Əli Kərimli düşərgəsinə meyillənərək onun güllə daşıyanına çevrilib.
Təbii ki, belə bir riyakar əxlaqla hakimiyyətə gəlmək istəkləri onları həmişə yarı yolda qoyub. Çünki Azərbaycan cəmiyyəti bu dağıdıcı və antimilli qüvvələrin qara niyyətini yaxşı anlayır və görür. Ona görə də xalq belələrinə nəinki dövlət etibar etmir, hətta onların nankor siyasi fəaliyyətlərindən bezdiyini açıq şəkildə etiraf edir.
Ümumiyyətlə, AXCP və Müsavat arasındakı ziddiyyətlər təkcə siyasi mübarizənin fərqliliyində, bir-birlərini xəyanətdə ittham etmələrində deyil, eyni zamanda, xaricdən alınan qrantların bölünməsindədir. Xaricdəki anti-Azərbaycan qüvvələrin onlara ayırdıqları çirkli pulların davasını aparan bu partiyaların dağıdıcı funksionerləri hətta bir-birlərindən xaricdəki sahiblərinə donos ötürməkdə də mahirdilər...
Məsələn, AXCP sədri Əli Kərimli və onun Fuad Qəhrəmanlı, Seymur Həzi kimi trolları beynəlxalq təşkilatlara informasiyalar ötürürlər ki, Müsavat Partiyası hakimiyyətə və ümumilikdə Azərbaycan dövlətinə qarşı bizim qədər böhtan və şər kampaniası aparmır və yaxud aparmağı bacarmır. Ona görə də onlara çatacaq qrantları bizə ayırın.
Müsavat funksionerləri isə AXCP sədrini satqın və pul hərisi kimi ifşa etməyə çalışırlar. Hətta Müsavatyönlü jurnalistlərin dili ilə Əli Kərimlinin xaricdə yaşayan oğlunun lüks həyatına və AXCP-yə ayrılan xarici qrantların sədrin ailə- məişət problemlərinə xərclənməsi barədə xəbərlər də davamlı olaraq tirajlanır.
Təbii ki, bu ittihamların günahı da, babalı da onların boynuna... Ancaq tam aydın görünən odur ki, bu satqınlar öz mənafeləri naminə bu gün nəinki Azərbaycan dövlətini və xalqını, hətta vaxtilə bir cəbhədə olmuş əqidə yoldaşlarını bir qara qəpiyə satırlar. Çünki əxlaq barometrində onların dəyəri bir qara qəpikdən də ucuzdur.
Elçin Zaman, "İki sahil"