03 aprel 2026 19:28
114

Müasir, çevik və dayanıqlı enerji sisteminin yaradılması prioritetdir - TƏHLİL

“Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin yaradılması bunun təsdiqidir

Azərbaycanın 2030-cu ilədək «yaşıl artım» ölkəsinə çevrilməsinin hədəflənməsi, təmiz ətraf mühitə nail olmağı sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirməsi enerji sahəsində atdığı qlobal addımların tərkib hissəsidir. Bu siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edir. Perspektivlərin vəd deyil, əməli iş olduğunu təsdiqləyən fakt işğaldan azad edilmiş ərazilərdə yeni generasiya güclərinin yaradılmasıdır. Bu amillər beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da möhkəmləndirir. Dövlətimizin başçısı İlham Əliyev ölkəmizdə hər il ənənəvi olaraq keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin bu ilki 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında, həmçinin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bu məqamlara xüsusi diqqət yönəltdi. Sözügedən müşavirədə Azərbaycanın malik olduğu üstünlüklərdən bəhs edərkən cənab İlham Əliyev bildirdi ki, son illər ərzində aparılan işlər nəticəsində öz enerji generasiya gücümüzü böyük dərəcədə artıra bilmişik. Son 20 ildə generasiya gücümüz təxminən iki dəfəyə yaxın artıb və bu gün 10 min meqavata bərabərdir. Yeni elektrik stansiyaları, istər qaz, istər hidro, istər Günəş, külək, bu gün Azərbaycan reallıqlarını müəyyən edib. Hazırda ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir. Bərpaolunan enerji növlərinin yaradılması istiqamətində planlarımız göz önündədir. ələcəkdə bizim generasiya gücümüz imzalanmış kontraktlar əsasında daha da artacaq. Ona görə bu üstünlükdən səmərəli şəkildə istifadə etməliyik. Müşavirədə bu hədəf də açıqlanmışdır ki, ölkə daxilində elektrik enerjisinə artan tələbat nəzərə alınmalıdır. Xüsusilə sənayenin inkişafı ilə bağlı böyük planlarımız var. Həm əhali, həm də sənaye istehsalı xüsusilə qeyri-neft sektorunda artır. Bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır. Ona görə enerji güclərimiz ölkənin inkişafını dəstəkləməlidir.

Azərbaycan enerji sahəsində yeni inkişaf mərhələsinə daxil olur. Prezident İlham Əliyevin tapşırığına əsasən “AzərEnerji” ASC tərəfindən 100 faiz daxili maliyyə vəsaiti hesabına iki əsas yarımstansiyada - 500 kV-luq “Abşeron” və 220 kV-luq “Ağdaş” yarımstansiyalarının ərazilərində ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan böyük enerji saxlanc mərkəzləri yaradılıb. Belə miqyasda bu cür mərkəzlərin qurulması yalnız Azərbaycanda deyil, ümumilikdə MDB regionunda ilkdir. Prezident İlham Əliyev ötən ay “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi. Batareya Enerji Saxlanc Mərkəzinin yaradılması Azərbaycanın enerji sistemini daha müasir, çevik və dayanıqlı edir. Xüsusilə Günəş və külək enerjisinin artdığı bir dövrdə bu cür saxlanc sistemləri gələcəyin enerji modelinin əsas hissəsi hesab olunur. Yaxın perspektivdə böyükhəcmli bərpaolunan enerji mənbələri enerjisistemə inteqrasiya ediləcək və 2028-ci ildə ümumilikdə 2100 MVt-dan çox yaşıl enerji artıq şəbəkədə olacaq. Bütün bunlar nəzərə alınaraq Azərbaycanda tikilən 2 GVt bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasını dayanıqlı və təhlükəsiz şəkildə həyata keçirmək, Bakının, o cümlədən Ələt Azad İqtisadi Zonasının enerji təchizatında yaşıl enerji payını yüksəltmək, 500/330 kV-luq “Nəvahi Yaşıl Enerji” qovşağını ölkə enerjisistemi ilə birbaşa tam əlaqələndirməklə onu əsas qovşaq yarımstansiyalarından birinə çevirmək üçün icra edilən “AZURE” layihəsi çərçivəsində işlərin əsas mərhələsi artıq yekunlaşıb. Layihə çərçivəsində “Nəvahi” yarımstansiyasına “Abşeron” yarımstansiyasından 65 kilometr məsafədə 500 kV-luq, “Bankə” və “Biləsuvar” Günəş Elektrik stansiyalarından isə ümumilikdə 181 kilometr məsafədə 330 kV-luq ötürmə xətləri çəkilib. Perspektivdə “Nəvahi” yarımstansiyasına Mingəçevirdən 235 kilometr 500 kV-luq, Qobu, Ələt və Qobustandan isə ümumilikdə 103 kilometr 330 kV-luq ötürmə xətlərinin çəkilişi nəzərdə tutulur. Son 7 ildə 4700 kilometr fiber-optik kabel infrastrukturu yaradılıb, 550-dən çox enerji obyektini əhatə edən mərkəzi SCADA sistemi qurulub. Enerjisistemdə onlayn diaqnostika texnologiyaları, süni intellektəsaslı qəza proqnozlaşdırma və diaqnostika sistemləri tətbiq olunur. Günəş və külək stansiyaları üçün yüksəkdəqiqlikli proqnozlaşdırma sistemi hazırlanır. Elektrik enerjisi istehlakının 2032-ci ilədək təxminən 17 faiz artacağı proqnozlaşdırılır. Yaşıl enerjinin Qara dəniz kabeli, regional enerji dəhlizləri və digər layihələr vasitəsilə Avropa bazarlarına ixracı əsas hədəfdir. Qara dəniz kabelinin 1300 MVt yaşıl enerjiötürmə imkanı olacaq.

Azərbaycanın nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, dünya ölkələrinin maraq göstərdiyi bərpaolunan enerji sahəsində zəngin təbii resurslara malik olması «yaşıl artım» layihəsinin həlli üçün geniş imkanlar vəd edir. Azərbaycan həmişə olduğu kimi, bu gün də yeni əməkdaşlıq formatlarının yaradılmasına, yeni körpülərin qurulmasına xüsüsi önəm verir. Enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur. Avropa ölkələri üçün yeganə mənbə isə Azərbaycandır. Çünki qalan bütün mənbələr artıq uzun illərdir ki, Avropanı təbii qazla qidalandırır. Zəngin neft-qaz yataqlarının istismarı ilə qarşıdakı onillər ərzində ölkəmizin inkişafı daha etibarlı təmin olunacaq, iqtisadiyyatımız çoxşaxəli şəkildə inkişaf edəcək. Azərbaycan Avropanın enerji təhlükəsizliyində bundan sonra da etibarlı tərəfdaş olacaq. Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Bundan sonra isə qaz təchizatçısı kimi də potensialımız artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında bu çağırışı etmişdir ki, Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır. Cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanmasını, 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik.

2024-cü ildə keçirilən COP29 iqlim konfransı Azərbaycanın malik olduğu bərpaolunan enerji potensialının təqdimatında əhəmiyyətli rol oynadı. Reallıq budur ki, Azərbaycan malik olduğu təbii resurslara və yerləşdiyi coğrafi məkana görə daim dünyanın diqqətində olub. Ölkəmiz tarixən neft ölkəsi kimi tanınır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verilməsi, respublikamıza iqtisadi və siyasi dividend gətirən «Əsrin müqaviləsi»nin imzalanması illər keçdikcə ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsinə yol açan enerji layihələrini icra etməklə neftlə yanaşı, qaz ixracatçısı kimi də nüfuz qazandı. Bu layihələr Azərbaycanın regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasında əhəmiyyətli rol oynadı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 350 milyard dollardır. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, bu və ya digər ölkələrə investisiya yatırır. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, biznes mühitinin yaxşılaşdırılması, təkmil islahatların davamlılığı Azərbaycanın beynəlxalq reytinq agentliklərinin hesabatlarında liderliyini qorumasını şərtləndirir. Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılır. Sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Dövlətimizin başçısı İlham Əliyev bu məqamı xüsusi qeyd edir ki, əgər bizdə güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik?

Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası Azərbaycanın yeni dövrə qədəm qoymasını şərtləndirdi. Artıq yeni sənədlərin imzalanmasına böyük zərurət yarandı. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının davamı olaraq «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Hazırkı dövrün əsas çağırışının bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması, yeni əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi olduğunu nəzərə alsaq tarixi Zəfərimizin reallıqlarının yol açdığı yeniliklər sırasında bu əlaqələrin qurulduğunu və yüksələn xətlə inkişaf etdiyini qeyd edə bilərik.

Azərbaycan neft ölkəsi kimi hazırda ekoloji mühitin sağlamlaşdırılmasında maraqlıdır. Meşə sahələrinin artırılması, təsərrüfat sahələrinin planlı şəkildə genişləndirilməsi, müasir aqrotexniki vasitələrdən istifadə, alternativ enerjiyə üstünlük verilməsi və sair kimi məsələlər iqlim dəyişikliyi probleminin həllində qarşıya qoyulan əsas məqsədlərdəndir. Azərbaycan bu istiqamətdə mühüm addımlar atır. Bu irəliləyiş dünya ölkələrinin diqqətindən yayınmır. COP29-da dünya ölkələri Azərbaycanın malik olduğu resursları və imkanları əyani şəkildə gördülər. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in «Təmiz ətraf mühit və «yaşıl artım ölkəsi» hədəfində bu çağırışlar xüsusi yer tutur ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaq. O da vurğulanır ki, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından, dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində strateji dövrdə iki məqsədin reallaşdırılmasına nail olunmalıdır: yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanı.

Yeganə Əliyeva, «İki sahil»