03 aprel 2026 19:11
109

Azərbaycan-Pakistan xalqlarının qardaşlığı sarsılmazdır

TARİX VƏ YADDAŞ

Pakistan İslam Respublikası  Azərbaycan Respublikasına dost və qardaş ölkədir. Bu dövlətlər arasında əlaqələr ilk növbədə öz yaxınlığı, qloballığı və regional məsələlərdə mövqelərinin üst-üstə düşməsi ilə xarakterizə olunur. Pakistan Cənubi, Mərkəzi və Qərbi Asiya regionlarının qovşağındakı mühüm geopolitik vəziyyətinə və qüdrətinə görə beynəlxalq münasibətlər sistemində mühüm geosiyasi mövqeyi və söz sahibi olan dövlət, İslam Əməkdaşlıq Təşkilatının aparıcı üzv ölkələrindən biridir. Bu qardaş ölkənin qlobal siyasi proseslərdə mövqeyini möhkəmləndirən digər vacib amil onun İslam aləmində hələlik nüvə silahına malik yeganə dövlət olmasıdır. Pakistan raket texnologiyasının inkişafına görə dünyanın ən qabaqcıl ölkələrindən biridir. Müxtəlif illərdə açıq mənbələrdə göstərilən məlumatlara əsasən, Pakistan ordusu hərbi gücünə və texnoloji təchizat səviyyəsinə görə dünyada 9-12-ci yerləri tutur. 

Pakistan əhalisinin sayına görə (243 milyon nəfər) dünyada 5-ci yerdədir və bu göstərici ilə dünyanın ən böyük dövlətləri sırasına daxildir. Onun iki rəsmi dövlət dili vardır: Urdu və ingilis dilləri. Nüfuzlu “The İnstitute of European Business Administration” mərkəzinin 125 ölkə arasında keçirdiyi araşdırmaların nəticəsinə görə, Pakistan əhalisi dünyanın ən intellektual xalqları sırasında 4-cü, pakistanlı alimlər və mühəndislər isə nüfuzlarına görə 7-ci yeri tuturlar. Pakistanın iki alimi – fizik Əbdus Salam və qadın hüquqları müdafiəçisi Məlala Yousafzai Nobel mükafatına layiq görülüblər.

Bəzi mənbələrdə bu ölkəyə "paklar diyarı" kimi izah edilən Pakistan adının 1933-cü ildə siyasi-aktivist Çaudhri Rəhmət Əli tərəfindən verildiyi qeyd edilir və mənasını da belə izah edirlər ki, Pakistanın adındakı ilk hərf "P" – Pəncab, "a" – afqani, "k" – Kəşmir, "i" — İndus çayı və islam dini, "s" – Sindi, "tan" isə – Bəlucistan deməkdir. Bu izahın nə dərəcədə dəqiq olmasından asılı olmayaraq, Azərbaycan xalqı üçün Pakistan həqiqətən pak diyar, Pakistan xalqı və dövləti isə qardaş xalq və dövlətdir. Pakistan xalqının və azərbaycanlıların adət-ənənələrinin və mətbəxinin çox yaxın olması, hətta bəzi hallarda eyni olması da xalqlarımızın birgə tarixinin önəmli faktlarındandır.

Pakistan XX əsrin birinci yarısında çətin milli azadlıq mübarizəsindən sonra 1947-ci ildə müstəqilliyini elan edərək, suveren dövlət kimi dünya xəritəsində öz layiqli yerini tutmuşdur. Müstəqillik tarixinin az olmasına baxmayaraq, Pakistan dərin mədəni və sivilizasiya köklərinə malik olan dövlətdir. Pakistan ərazilərində minilliklər boyu mövcud olmuş qədim mədəniyyətlər, həmçinin Neolit və Tunc dövrünə aid abidələr, yaşayış məntəqələri və s. bunu sübut edir. Tarixi sənədlərdə hələ eramızdan əvvəl III-II minilliklərdə Pakistan ərazisində mövcud olmuş Harappa cəmiyyətinin bəşər tarixində ən qədim sivilizasiya mərkəzlərindən biri olduğu qeyd edilmişdir. Harappa mədəniyyəti isə sonrakı dövrlərdə dünyanın mədəni və tarixi inkişaf proseslərinə güclü təsir göstərmişdir. Bu sivilizasiyanın mərkəzi olan Harappa şəhərinin qalıqları ən son dövrlərə qədər gəlib çatmışdır. Açıq resurslarda olan məlumatlara görə, XIX əsrdə bu ərazidə aparılan qazıntı işləri zamanı həmin şəhərin bir hissəsinin qalıqları aşkar edilmiş, hətta onun bəzi materialları sonradan sökülərək Laxor-Multan dəmir yolunun tikintisində istifadə olunmuşdur. 

Tarixi mənbələrdə göstərilir ki, e.ə. 334-323-cü illərdə Makedoniyalı İsgəndərin hərbi yürüşləri nəticəsində Pakistanın indiki ərazilərində ellinizm mədəniyyətinin təsiri güclənmiş və bu proses həmin ərazilərin Roma imperiyası (e.ə. 27 –  e. 395-cı illəri) tərəfindən işğalına qədər davam etmişdir. Tarixçilərin bir çoxu həmin dövrlərdə bu ərazilərə gətirilən ellinizm mədəniyyətindən danışsalar da, diqqəti daha çox şərq xalqlarının və ilk növbədə bu arealda yaşayan indiki Pakistan xalqının əcdadlarının mədəniyyətlərinin qarşılıqlı təsirinə və sintezinə yönəltmişlər.  

Eramızın I-III yüzilliklərində Pakistanın indiki ərazisinin də daxil olduğu böyük bir arealda Kuşan krallığı mövcud olmuşdur. Krallığın əsas əhalisi sayılan kuşanların etnik mənşəyi haqqında tədqiqatçılar arasında müxtəlif fərziyyələr olsa da, bir çox mənbələrdə bu dövlətin tərkibinə daxil olan xalqlar arasında hazırda Pakistanda yaşayan yerli xalqların əcdadları ilə yanaşı, türk kökənli xalqların olması da qeyd edilmişdir. Bəlkə də Pakistan, Türkyə və Azərbaycan dövlətlərinin və bu dövlətlərdə yaşayan xalqların bir-birinə bu qədər yaxın və doğma olmasının köklərini də ilk növbədə burada axtarmaq lazımdır. 

Tarixin sonrakı mərhələlərində bu ərazi böyük dövlətlərin və imperiyaların vətəni olmuş, zəngin mədəniyyətlərə ev sahibliyi etmişdir. Burada qeyd etməliyəm  ki, bu məqalədə əsas məqsədim oxucularımıza Pakistanın tarixi ilə bağlı geniş məlumat vermək deyildir, çünki Pakistan xalqının zəngin tarixi və mədəniyyəti haqqında nüfuzlu elmi və tarixi araşdırmalar kifayət qədərdir. Mən bu yazıda daha çox Pakistan və Azərbaycan xalqlarının tarixi qardaşlıq və dostluq əlaqələri barədə yazmağı qarşıma məqsəd qoymuşam.

Pakistan – Azərbaycan qardaşlığının tarixi köklərinə bir baxış

 Pakistan və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin dərin tarixi kökləri vardır. Bu əlaqələr qədim etnik köklər, mədəni-mənəvi-dini bağlar və ən son dövrlərdə siyasi-hərbi müttəfiqlik üzərində qurulmuşdur. Bu əlaqələrin min illər boyu bu günümüzə qədər qorunub saxlanması isə ilk növbədə onların geneoloji yaddaşında əbədi qalan qohumluq əlaqələrinin nəticəsidir. Ona görə də bəzi yazılarda Azərbaycan və Pakistan xalqlarının dostluq və qardaşlıq əlaqələrinin XX əsrin əvvəllərindən başlayaraq yaranması barədə irəli sürülən fikirlər həqiqətə uyğun deyildir.  

Xalqlarımız arasındakı əlaqələrdən danışarkən qeyd etmək vacibdir ki, tarixi mənbələrdə bu münasibətlərin formalaşmasının ilkin köklərinin eramızın I minilliyindən əvvələ qədər gedib çatdığı bəllidir. XIV-XV əsrlərdə isə bu əlaqələrin daha da intensivləşməsi prosesi baş vermişdir. Həmin dövrlərdə tacirlər hazırda bərpa edilməsi bütün dünyanın marağında olan o vaxtkı İpək yolu ilə dünyanın ticarət mərkəzlərindən sayılan Pakistanın Multan şəhərindən Azərbaycanın Bakı şəhərinə ticarət etməyə gəlirdilər. Onlar bir müddət burada qaldıqdan sonra yollarına davam edərək digər Avropa ölkələrinə də üz tuturdular. O dövrdə səfər edən tacirlərin sayının çox olması və belə səfərlərin intensiv xarakter alması onların yerləşdirilməsi üçün dayanacaq məntəqələrinin tikilməsini zəruri edirdi və məhz bu məqsədlə də Bakıda karvansaraylar tikilirdi. Bu gün İçərişəhərdəki bəzən Multanı karvansarayı adlandırılan XIV-XV əsrlərin abidəsi olan Karvansaray da həmin tarixi münasibətlərin izlərini qoruyub saxlayan bir yadigar, tarixi abidə və sənəddir. Tarixçi Scott Kameron Levinin araşdırmalarında qeyd olunur ki, XVII–XIX əsrlərdə Multan və Pəncab mənşəli tacirlər Qafqazda geniş ticarət şəbəkəsi qurmuşdular. Bu tacirlərin ən böyük icmalarından biri məhz Bakı şəhərində yerləşirdi. Onlar Orta Asiya, İran və Rusiya vasitəsilə Avropa bazarlarında ticarət aparırdılar. 

XVII əsrdə Azərbaycana səfər etmiş alman səyyahı Engelbert Kaempfer 1683-cü ildə Bakı, Şamaxı, Şəki və Gəncədə olmuş və bu şəhərlərin həyatı haqqında maraqlı məlumatlar vermiş, o cümlədən Bakıda  “Multanı” adlı karvansarayın olduğunu,  Pəncab tacirlərinin səfər zamanı bir müddət burada yaşadıqlarını və sonra ipəyi Bakıdan Astraxana və oradan da Avropaya göndərdiklərini qeyd etmişdir. Kaempfer “Multanı” karvansarayı ilə yanaşı, Suraxanıdakı Atəşgah məbədi haqqında da məlumat vermiş və Pakistanın indiki ərazisindən olan tacirlərin XVII–XVIII əsrlərdə burada yaşadığını və ibadət etdiklərini və yerli əhalinin onları çox yaxşı qarşıladığını qeyd etmişdir. 

Tarixçilərin göstərdiyi maraqlı faktlardan biri də XVII–XVIII əsrlərdə Bakıda yaşayan Multan tacirlərinin şəhərdə çıxarılan nefti müalicə və işıqlandırma məqsədilə Moltanı və digər şəhərlərə aparmalarıdır. Azərbaycan və Pakistanın indiki ərazilərində tarixin müəyyən mərhələlərində zərdüştilik və od kultu elementlərinin, o cümlədən od məbədlərinin mövcud olması və qarşılıqlı dini səfərlərin təşkil edilməsi də bu regionlar arasında erkən əlaqələrin formalaşmasına təsir edən amillərdən olmuşdur. Bu və digər çoxsaylı tarixi faktar Azərbaycan və Pakistan xalqlarının əlaqələrinin düşündüyümüzdən daha qədim tarixə malik olmasının bariz nümunələridir. 

2016-cı ilin 14 oktyabrında Azərbaycana rəsmi səfəri çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif mətbuata bəyanatla çıxış edərkən xalqlarımızın tarixi bağlılığını xüsusi vurğulamışdır: “Qeyd etmək istərdim ki, mən Bakıya ilk dəfə səfər edirəm. “Küləklər şəhəri” adlandırılan Bakı bir çox pakistanlıya doğma vətənini xatırladır. Bakının mərkəzində yerləşən Multanı karvansarayı, - mən dünən oranı ziyarət etdim, - xalqlarımız arasında tarixi bağlılığın təsdiqidir. Həmkarlarıma bildirmək istərdim ki, bu karvansaraya Multan şəhərinin şərəfinə “Multanı” adı verilib. Bura çox gözəl bir yerdir, vaxtilə insanlar burada gecələmişlər. Mən də dünən böyük məmnuniyyətlə bu karvansarayla tanış oldum. Dediyim kimi, bu, bizim tarixi bağlılığımızın təsdiqidir”. 

Ümumiyyətlə, çoxsaylı qədim tarixi mənbələr göstərir ki, sonuncu minilliyin əvvəlindən sonuna qədər olan dövrlərdə Pakistan ərazisində yaşayan etnik qruplar arasında həmişə türk kökənli qruplar olmuş, onlar yerli xalqla qaynayıb qarışmış və sonrakı tarixi mərhələlərdə birlikdə müasir Pakistan xalqının etnogenezində iştirak etmişlər. Açıq tarixi mənbələrdən bəllidir ki, Qəznəvilər dövləti (əsasını 963-cü ildə Samani sərkərdələrindən olan Alp Təkin qoymuşdur), Dehli Sultanlığı (əsası 1206-cı ildə qoyulmuşdur), Böyük Moğol imperatorluğu (1526-cı ildə yaranmışdır) dövrlərində də onların tabeliyində olan ətraf ərazilərdə yaşayan yerli xalqlar, eyni zamanda müxtəlif tarixi mərhələlərdə burada məskunlaşmış çoxsaylı türk mənşəli əhali qeyd olunan dövlətlərin qurulmasında və qorunub saxlanmasında birgə mübarizə aparmış, öz töhfələrini vermişlər. Bununla yanaşı, tarixin müxtəlif dövrlərində Azərbaycanın  bölgələrindən Pakistanın indiki ərazisinə minlərlə insan köç etmiş, yaxud hərbi məqsədlərlə buraya gəlmiş, sonra da burada məskunlaşaraq yerli xalqlarla qaynayıb qarışmışdır. 

Xüsusi qeyd etmək lazımdır ki, Səfəvilər və Əfşarların hakimiyəti dövründə Azərbaycanın bu regionla yaranmış yaxın hərbi, siyasi-iqtisadi və mədəni-ədəbi əlaqələri xalqlarımız arasında qədim dövrlərdən gələn tarixi bağları daha da möhkəmləndirmişdir. Tarixi mənbələrdə göstəriən bir fakta görə, Şah I Təhmasibin (1524-1576) hakimiyyəti dövründə Böyük Moğol imperatoru Humayun öz itirilmiş taxt-tacını geri qaytarmaq üçün Şah I Təhmasibdən hərbi yardım göstərməsini xahiş etmiş, Şah Təhmasib isə azərbaycanlı qızılbaş tayfasından olan 12 min nəfər döyüşkən əsgərdən ibarət ordunu onun sərəncamına göndərmişdir. Sonradan onların böyük əksəriyyəti orada qalaraq məskunlaşmış və yerli xalqların sıralarına qatılmışlar. Bu gün Pakistanda istifadə edilən minlərlə adlar, o cümlədən "Qızılbaş", "Təbrizli", "Şirvanlı", "Şirvani", "Naxçıvani" və s. kimi soyadları, "Mirzə", "Xan", "Şah", "Bəyim" kimi şəxs adları tarixən formalaşmış etnik qohumluğun və qardaşlıq bağlarının göstəriciləridir. 

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı sabiq Fövqəladə və Səlahiyyətli səfiri, tarix elmləri doktoru Eynulla Mədətli vaxtı ilə verdiyi bir müsahibəsində qeyd etmişdir ki, “Hansı etnik kimliyə malik olmasından asılı olmayaraq "Azərbaycan" sözü pakistanlılarda hüsn-rəğbət doğurur. Belə ki, ölkənin dövlət dili olan urducada "Bhay can" - "Qardaş can" anlamındadır  və ölkəmizin adı "Azər qardaş can" mənasını ifadə edir”.  Burada qeyd etmək yerinə düşər ki, hazırda Pakistanın rəsmi dillərindən biri olan urdu dili Hind-Avropa dilləri ailəsinə daxildir və XIII əsrdə formalaşdığı qeyd olunur. Bu dilin leksikasında da çoxlu türk leksemlərinə rast gəlmək mümkündür.

Pakistan ərazisində dövlətçiliyin tarixi minilliklərə gedib çatsa da, XIX əsr Pakistan xalqının öz dövlətçiliyini bərpa etməsi yolunda ən çətin dövrlərindən biri olmuşdur. Həmin dövrdə ingilis qoşunlarının işğalı altında olan indiki Pakistan ərazisi Britaniya Hindistanının tərkibinə qatılmışdı. XX əsrdə dünyada gedən mürəkkəb proseslərə, dünyanı sarsıdan müharibələrə baxmayaraq, bu dövrdə müstəqil Pakistan dövlətinin yaradılması uğrunda mübarizə geniş vüsət almışdı. Müstəqillik uğrunda azadlıq mübarizəsinin ən çətin günlərində bu ərazilərdə çuma pandemiyası baş qaldırmış və ölkənin bütün ərazisini öz cənginə almışdı. O dövrün tarixi mənbələrində qeyd olunan məlumatlara görə, bütün ölkə ərazisinə yayılan bu xəstəlik qısa müddətdə 100 mindən çox insanın həyatına son qoymuşdu və insanları öldürməkdə davam edirdi. Xəstəliyin qarşısı vaxtında alınmasaydı, onun miqyası və fəsadları daha fəlakətli olacaqdı. O zaman azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyev qardaş Pakistan xalqının bu faciəsinə biganə qalmayaraq, öz hesabına 300 mindən artıq çuma əleyhinə vaksin alaraq oraya göndərmişdi. Bu da əhalinin qalan hissəsinin çuma xəstəliyindən qorunmasında həlledici rol oynamışdı. Qədirbilən Pakistan xalqı Azərbaycan xalqının bu qardaş köməyini heç vaxt unutmamış, müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil etmişdir.  

Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında müasir əlaqələr

 Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Pakistan İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini rəsmi şəkildə tanıyan ilk ölkələrdən biri olmuşdur. Azərbaycan Respublikasının müstəqilliyinin Pakistan tərəfindən rəsmi şəkildə tanınması haqqında qərar 1991-ci il dekabrın 12-də bəyan edilmişdir. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci ilin  iyun ayının 9-da qurulmuş və Pakistan ilk ölkələrdən biri olaraq Azərbaycanda öz səfirliyini açmışdır. 

Pakistan və Azərbaycan dövlətləri arasında əlaqələrin ən yüksək səviyyəsini göstərən önəmli faktlardan biri də odur ki, Pakistan Azərbaycan ərazilərini işğal etmiş Ermənistanın dövlət müstəqilliyini tanımayan yeganə BMT üzvü kimi tarixə düşmüşdür. 1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsinin qəbul edildiyi iclasa da məhz Pakistan sədrlik etmişdir. 2012-ci ildə Pakistan Senatı ermənilərin xalqımıza qarşı həyata keçirdiyi Xocalı soyqırımını rəsmən tanıması barədə qərar qəbul etmişdir.

Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan və Pakistan dövlətləri arasında ikitərəfli münasibətlər Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə keyfiyyətcə yeni daha yüksək mərhələyə daxil olmuşdur. Məhz Ulu Öndərin müstəsna xidmətləri sayəsində və onun Pakistanın rəhbər şəxsləri ilə yüksək səviyyəli görüşlərinin nəticəsi olaraq, bu iki ölkə arasında əlaqələr daha da möhkəmlənmiş, xüsusilə beynəlxalq və regional  məsələlərdə strateji müttəfiqlik səviyyəsinə qaldırılmışdır. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycana yüksək səviyyəli rəsmi səfəri çərçivəsində iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol” və "Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə" imzalanmışdır. Bu sənədlər iki dövlət arasında sonrakı əlaqələrin daha da genişlənməsi və möhkəmlənməsinə böyük təsir göstərmişdir.  

1996-cı il 9 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistana rəsmi səfər etmişdir. Yüksək səviyyədə keçən bu səfər çərçivəsində Pakistan İslam Respublikasının Prezidenti Faruk Əhməd Xan Leqari ilə görüş ölkələrimiz arasında münasibətlərin sonrakı inkişafına xüsusi təkan vermişdir. Həmin görüş zamanı 9 sənəd imzalanmış, həmçinin Azərbaycan və Pakistan Prezidentləri Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemlərinin həllində bir-birlərini dəstəklədiklərini bəyan etmişlər. Pakistanın dövlət başçısı tərəfindən Azərbaycan Prezidentinin şərəfinə verilən rəsmi ziyafətdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev geniş nitq söyləyərək, Pakistan dövlətinin Azərbaycana daim dəstək verdiyini, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pislədiyini və Ermənistanı təcavüzkar dövlət kimi ittiham etdiyini xüsusi qeyd etmişdir. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsinin Azərbaycana qarşı çox ədalətli mövqe nümayiş etdirdiyini və yardım etdiyini bir daha xatırlatmışdır. 

Səfər çərçivəsində Prezident Heydər Əliyevlə Pakistanın Baş naziri Bənəzir Buhutto arasında keçirilmiş görüş də iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə yeni bir təkan vermişdir. Sənədlərin imzalanma mərasimindən sonra keçirilmiş birgə mətbuat konfransında Prezident Heydər Əliyev çıxışında Azərbaycanın Pakistanı dəstəklədiyini bir daha bəyan edərək demişdir: "Kəşmir problemi ilə əlaqədar Azərbaycan həmişə Pakistanın mövqeyini dəstəkləyib və bu gün də dəstəkləyir. Bu məsələ Kasablankada İslam Konfransı Təşkilatının toplantısında müzakirə olunarkən cürbəcür fikirlər vardı, ancaq Azərbaycan nümayəndə heyəti və şəxsən mən, Azərbaycan Prezidenti Pakistanın mövqeyini nəinki müdafiə etdik, hətta Kəşmir problemi ilə əlaqədar Hindistanın pislənməsi və Pakistanın dəstəklənməsi haqqında qətnamənin qəbul olunmasında müəllif kimi iştirak etdik".  

Sonrakı illərdə də dövlət və hökumət başçılarının davamlı olaraq ən yüksək səviyyədə keçirilmiş görüşlərində, nüfuzlu beynəlxalq təşkilatların toplantılarında Azərbaycan və Pakistan həmişə bir-birinin haqlı mövqelərini dəstəklədiklərini bəyan etmişlər. İki dövlət arasında bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişafının nəticəsi olaraq, 2002-ci ildə Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında Müdafiə və Hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanmışdır.

İlham Əliyevin Prezidentliyi dövründə Pakistan - Azərbaycan əlaqələri

Qeyd etmək lazımdır ki, XXl əsrdə Pakistan və Azərbaycan dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Hələ İlham Əliyev Azərbaycan Respublikasının Baş Naziri olarkən onunla Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəf arasında 2003-cü il sentyabrın 25-də  keçirilmiş ilk görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlərin geniş müzakirəsi olmuşdur.  

2004-cü il iyulun 8-də  isə Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəf Azərbaycanda 3 günlük rəsmi səfərdə olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistan Prezidenti Pərviz Müşərrəfin görüşü zamanı iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf perspektivləri müzakirə olunmuş, bir sıra sənədlər imzalanmışdır. Həmçinin Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Birgə Bəyannamə qəbul edilmişdir. Prezident Pərviz Müşərrəf Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalını pisləmiş və Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini müdafiə etdiyini qəti şəkildə bəyan etmişdir.  

2005-ci il aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistana 2 günlük rəsmi səfəri də ikitərəfli dövlətlərarası münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasında mühüm rol oynamışdır. Onun Pakistan Prezidenti Pərviz Müşərrəflə görüşündə dövlətlərarası münasibətlər müzakirə olunmuş, səfər çərçivəsində nəqliyyat, informasiya və kommunikasiya, aviasiya, mədəniyyət, maliyyə və təhsil sahəsində əməkdaşlığa dair 6 saziş imzalanmışdır. 

2005-ci il oktyabrın 8-də Pakistanın şimalında baş verən dəhşətli zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə 40 nəfərlik xilasedici dəstə, o cümlədən 20 nəfər yüksək ixtisaslı həkim lazım olan bütün avadanlıqlarla birlikdə xüsusi təyyarə ilə Pakistana göndərilmiş, eyni zamanda zəlzələdən zərər çəkənlərə ilkin yardım göstərilməsi məqsədilə 1,5 milyon dollar vəsait ayrılmışdı. 

Sonrakı illərdə də müxtəlif layihələrin həyata keçrilməsinə yardımlar davam etdirilmişdir. Bu çərçivədə Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə zəlzələ zonasında ilk məktəb də inşa edilib istifadəyə verilmişdir. Yeri gəlmişkən, burada xatırlatmaq istərdim ki, 2015-ci il 11 mart tarixində Azərbaycanın birinci xanımı  Mehriban Əliyeva Pakistanda göstərdiyi xidmətlərə, eləcə də verdiyi böyük töhfəyə görə Pakistanın yüksək “Hilal-e-Pakistan” ordeninə layiq görülmüşdür.

2022-ci ildə Pakistanda musson yağışları nəticəsində ölkə ərazisinin üçdə birinin su altında qalmasına, 15 min insanın ölümünə və yaralanmasına, eləcə də 33 milyon insanın köçkün düşməsinə səbəb olmuş humanitar fəlakət zamanı da Azərbaycan qardaş Pakistan xalqının yanında olmuşdur. Fəlakətin nəticələrinin aradan qaldırılması məqsədləri üçün Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə həmin ilin avqust ayında Pakistan İslam Respublikasına 2 milyon ABŞ dolları həcmində və 2023-cü ildə əlavə olaraq 2 milyon ABŞ dolları həcmində yardım göndərilmişdir. 

Burada xüsusi qeyd etmək lazımdır ki, son üç onillikdə Azərbaycan və Pakistanın dövlət və hökumət başçıları səviyyəsində davamlı olaraq qarşılıqlı rəsmi səfərlər təşkil edilmiş, görüşlər keçirilmiş, ölkələrimiz arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilmiş, birgə qərarlar qəbul edilmişdir. Bu çərçivədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn tərəfindən 2015-ci il 11 mart tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni xüsusi vurğulamaq lazımdır.

Ümumiyyətlə, birmənalı şəkildə demək lazımdır ki, Pakistan dövlətinin liderləri davamlı olaraq Azərbaycan dövlətinin ərazi bütövlüyünü dəstəkləmiş, Azərbaycanın işğal olunmuş bütün torpaqlarının qeyd-şərtsiz tamamilə azad edilməsi, Ermənistanın silahlı qüvvələrinin Qarabağdan və ətraf rayonlardan çıxarılması və qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı ölkəmizin haqlı tələblərini bütün beynəlxalq platformalarda müdafiə etmişlər. Bu mənada 2016-cı ildə aprel döyüşləri zamanı qardaş ölkənin məsələyə münasibətini bir daha xatırlatmaq yerinə düşər: "Pakistan həmişə Azərbaycanın yanındadır və Azərbaycana qardaş və dost ölkədir". Hətta həmin günlərdə cəbhədə ağır döyüşlər getdiyi bir zamanda kütləvi informasiya vasitələrində Pakistanın 100 minlik ordusunun döyüş hazırlığı vəziyyətinə gətirildiyi barədə məlumat da yayılmışdı. Azərbaycan dövləti də öz növbəsində bütün bu illər ərzində Kəşmir münaqişəsi ilə bağlı Pakistanın haqlı mövqeyini dəstəkləmişdir və dəstəkləməkdə davam edir. 

44 günlük Vətən müharibəsi dövründə də Azərbaycanın ədalətli mübarizəsinə yalnız dost və qardaş ölkələr siyasi və mənəvi dəstək verdilər. Bu sırada biz Türkiyə ilə yanaşı, Pakistan xalqının və dövlətinin Azərbaycana açıq və birmənalı siyasi və mənəvi dəstəyinin şahidi olduq. Xalqımız bu dəstəyi yüksək qiymətləndirir və heç vaxt unutmayacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 21 iyun tarixində Pakistanın hərbi nümayəndə heyətini qəbul edərkən dediyi kimi: “Pakistan və Azərbaycan iki qardaş ölkə olaraq ikitərəfli əlaqələrini gücləndirir. Biz xüsusilə İkinci Qarabağ müharibəsində Pakistanın Azərbaycana göstərdiyi çox fəal dəstək mövqeyinə görə minnətdarıq. Müharibənin ilk günlərindən ölkənizin ali rəhbərliyi - Prezident və Baş nazir ərazi bütövlüyümüzün bərpasında Azərbaycana tam dəstəklərini ifadə etdilər. Bu, bizim əməkdaşlığımızın çox mühüm elementi və qardaşlıq əlaqələrimizin həqiqi nümayişidir”.

Bu gün Azərbaycan-Türkiyə-Pakistan birliyi dünyada sabitliyin, regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işində kifayət qədər böyük rol oynayır. Bu ölkələr arasında bütün sahələrdə tərəfdaşlıq əlaqələri, beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək vermələri hər addımda görünür. 44 günlük Vətən müharibəsi dönəmində və ondan sonrakı dövrdə qardaş Türkiyə ilə yanaşı, qardaş Pakistanın daim Azərbaycanın yanında olması, ölkəmizə  öz siyasi və mənəvi dəstəyini göstərməsi bu dövlətlərin sarsılmaz birliyini bütün dünyaya bir daha nümayiş etdirdi. 

Vətən müharibəsində parlaq zəfərimizə münasibət bildirən Pakistan Prezidenti Arif Alvinin dediyi kimi, “Qardaş ölkənin öz ərazi bütövlüyünü bərpa etməsi Pakistanda böyük sevinc hissi ilə qarşılanıb. Pakistan həmişə Azərbaycanın haqq işində onun yanında olub və bundan sonra da belə olacaq”. Bununla o, tarixi zəfərimizin Pakistan xalqı və dövləti üçün əhəmiyyətini bir daha vurğulamışdır.

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə 2021-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə keçirilən "Üç Qardaş - 2021" birgə beynəlxalq təlim də bu dövlətlərin sarsılmaz müttəfiqliyinin nümunələrindən biri kimi bütün dünyada əks-səda doğurdu. Həmin tədbirin açılış mərasimində nümayiş etdirilən musiqili-xoreoqrafik kompozisiyada səsləndirildiyi kimi: "Əbədi, sarsılmaz qardaşlarıq biz". 

2026-cı il martın 6-da Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək, İranın Azərbaycana qarşı hərbi hücumunu və terror aktlarını qınadığını bildirmiş və bu çətin gündə Pakistan dövləti və ordusunun Azərbaycan dövləti və ordusunun yanında olduğunu vurğulamış, Azərbaycanın Pakistana hər zaman güvənə biləcəyini demişdir. Dövlətimizin başçısı göstərilən dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirmiş və Azərbaycanın qardaş Pakistanın haqq işini hər zaman müdafiə edəcəyini bildirmişdir. Dövlətimizin başçısı İran tərəfindən Azərbaycana qarşı törədilmiş bu terrorun Pakistan tərəfindən şiddətlə qınanılmasının Azərbaycan-Pakistan dostluğunu bir daha əks etdirdiyini qeyd etmişdir. 

Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti dərin etnik, mədəni, mənəvi və dini kökləri olan və xoşbəxt gələcəyə hesablanmış Azərbaycan-Türkiyə-Pakistan münasibətlərinin və qardaşlığının daim yüksələn xətlə inkişaf edəcəyinə əmindir və hər birimiz bu dostluq və qardaşlığa öz töhfəmizi verməyə borcluyuq.

Natiq İsayev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü