Virtual aləmin gözəllik standartları gəncləri təzyiq altında saxlayır
Rəqəmsal texnologiyaların sürətli inkişafı və sosial media istifadəsinin geniş yayılması gənclərin həyat tərzinə və düşüncə formalarına ciddi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, sosial platformalarda formalaşan gözəllik standartları xüsusilə yeniyetmələr arasında psixoloji təzyiq yaradır və ailə münasibətlərinə də təsir edir.
Qeyd olunur ki, “Instagram”, “TikTok” və “YouTube” kimi platformalarda yayılan “ideal” görünüşlər, qüsursuz dəri, simmetrik üz cizgiləri və mükəmməl bədən quruluşu əksər hallarda filtr və foto redaktə vasitələri ilə yaradılır. Bu isə gənclərdə reallığı əks etdirməyən gözəllik meyarları formalaşdırır və onların öz görünüşlərindən narazılıq hissini artırır.

Mütəxəssislərin fikrincə, bu tendensiya yalnız xarici görünüşlə məhdudlaşmır. Sosial mediada tez-tez nümayiş etdirilən dəbdəbəli həyat tərzi, səyahət və istehlak yönümlü paylaşımlar gənclərin öz həyatlarını başqaları ilə müqayisə etməsinə, nəticədə isə məyusluq və psixoloji gərginlik yaşamasına səbəb olur. Araşdırmalar göstərir ki, davamlı özlərini başqaları ilə müqayisə etmək gənclərdə özgüvənsizlik, bədən dismorfiyası və depressiya kimi problemlərin yaranma riskini artırır. Bəzi hallarda isə yeniyetmələr bu standartlara uyğunlaşmaq üçün sağlam olmayan pəhriz və həyat tərzi vərdişlərinə yönələ bilirlər.
Ekspertlərin qənaətinə görə, bu prosesdə ailələrin rolu mühüm əhəmiyyət daşıyır. Valideynlərin gənclərlə açıq ünsiyyət qurması, sosial media məzmununa tənqidi yanaşmanı təşviq etməsi və uşaqların özünə inamını gücləndirməsi vacib hesab olunur. Eyni zamanda, sosial media istifadəsinin məhdudlaşdırılması və real həyatda sosial fəaliyyətlərin artırılması gənclərin bu təsirlərdən qorunmasına kömək edə bilər.
Mütəxəssislər vurğulayırlar ki, gözəllik anlayışı yalnız xarici görünüşlə ölçülməməli, fərdin daxili keyfiyyətləri və özünə inamı da ən az onun qədər önəmli hesab olunmalıdır.
Şahnigar Əhmədova, “İki sahil”