Tanınmış sürrealist rəssam Soltan Soltanlı fərdi sərgisi ilə sənətsevərlərin görüşünə gəlir
Noyabrın 17-də Müasir İncəsənət Muzeyində Azərbaycanın məşhur rəssamı Soltan Soltanlının rəngkarlıq və qrafika əsərlərindən ibarət “Anlam” sərgisinin açılışı olacaq. Sərgidə rəssamın son illərdə yaratdığı 56 rəngkarlıq, 26 qrafik əsəri nümayiş etdiriləcək.
Sərginin adına gəlincə. Soltan nə çəkirsə-çəksin, hər bir əsəri mütləq hansısa anlamı ifadə edir. Çünki o, mövzularını həyatın içindən çıxarır, hadisələrə dərin anlam verir və onları tamaşaçıya qeyri-adi şəkildə təqdim edir. Buna görə də rəssamın yeni sərgisi “Anlam” adlandırılıb.
Sərgidəki əsərlər “Qadın”, “At”, “Xəyali mənzərələr” və “Qarışıq” mövzuları üzrə tamaşaçılara təqdim olunacaq.
Qeyd edək ki, S.Soltanlı 1997-ci ildən bugünədək dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq rəsm yarışma, festival və sərgilərində ölkəmizi layiqincə təmsil edir. Bu müddətdə o, çoxsaylı beynəlxalq mükafatlara layiq görülüb. Eləcə də əsərləri yüzlərlə kataloqda nəşr olunub, dünyanın 50-dən çox ölkəsində muzey və şəxsi kolleksiyalarda qorunur.
Soltan Soltanlı təsviri incəsənətin rəngkarlıq, qrafika və karikatura sahələri ilə məşğul olur.
“Anlam” sərgisi dekabrın 2-dək davam edəcək.
Mahir Rəsuloğlu, “İki sahil”