Rusiyanın Sankt-Peterburq şəhərində IX Beynəlxalq Mədəniyyət Forumu keçirilir.
"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə 73 dövlətdən nümayəndə heyəti, eləcə də 30 ölkənin mədəniyyət nazirləri iştirak edir.
Azərbaycan tədbirdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə böyük nümayəndə heyəti ilə təmsil olunur.
Forum 3 ildən sonra fəaliyyətini bərpa edib. Belə ki, ötən dövr ərzində COVID-19 pandemiyası və Rusiyanın Ukraynada hərbi əməliyyata başlaması ilə əlaqədar forum təxirə salınmışdı.
Noyabrın 18-dək davam edəcək forumun gündəliyi kifayət qədər zəngindir. Builki tədbirin proqramı 9 tematik blokdan, o cümlədən kino, teatr, muzey, süni intellekt və digər mövzulardan ibarətdir. Tədbir çərçivəsində Azərbaycan naziri Adil Kərimlinin rusiyalı həmkarı Olqa Lyubimova ilə görüşü, Dövlət Ermitajında Azərbaycan zalı, dahi bəstəkar Üzeyir Hacıbəylinin Rusiyanın Şimal paytaxtinda ucaldılacaq abidəsinin məkanı ilə tanışlığı gözlənilir. Bundan başqa, səfər çərçivəsində nazirin forumun plenar iclasında iştirakı, həmçinin də “Mədəni suverenlik dövlət kimliyinin əsası kimi” adlı tədbirdə çıxışı nəzərdə tutulub.
Forumun bölmələr üzrə iclaslarında Mədəniyyət Nazirliyinin nümayəndələrinin “Süni intellekt – mədəniyyətə təhlükə və ya fayda”, “Ənənəvi mədəniyyət sivil cəmiyyətin qurulmasının təməli kimi” və “Teatr” mövzularında çıxışları nəzərdə tutulur.
Forumun sonunda “Ermitaj” mükafatının təntənəli təqdimat mərasimi keçiriləcək.