Türkiyənin paytaxtı Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyədə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Adil Kərimli deyib.
“Ankarada Azərbaycan Mədəniyyət Mərkəzinin iş prinsipləri və gələcək fəaliyyəti ilə bağlı ciddi müzakirələr apardıq”, - o bildirib.
Nazir deyib ki, səfəri çərçivəsində mərkəzin fəaliyyəti ilə bağlı Türkiyədəki müvafiq qurumların rəsmiləri ilə, o cümlədən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovla geniş müzakirələr aparılıb: “Düşünürük ki, Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinə böyük ehtiyac var. Cənab Prezident İlham Əliyevin bu barədə oktyabr ayında verdiyi sərəncama əsasən artıq bu istiqamətdə fəaliyyətlərə başlanılıb. Azərbaycan mədəniyyətinin, tarixinin və dilinin təbliği işini genişləndirmək üçün Mədəniyyət Mərkəzinin əvəzsiz xidmətlərinin olacağına inanırıq”.
Nazir onu da qeyd edib ki, Mədəniyyət Mərkəzinin yaxın gələcəkdə fəaliyyətə başlayacağı gözlənilir.