“2023-cü il üçün Şuşa türk dünyasının mədəniyyət paytaxtı seçilmişdi. Bu ecazkar diyarımızın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi də təsadüfi deyil.
Şuşa həqiqətən də İslam memarlığı, İslam mədəniyyəti baxımından çox zəngin bir şəhərdir. Şuşanın 17 məhəlləsinin hər birində bir məscid olub. Bu məscidlər Qarabağ xanlığı dövründə inşa edilmiş məscidlərdir. Bu gün də həmin məscidlərin bir qismi dövlət tərəfindən restavrasiya olunmaqdadır. Səbəbi də odur ki, həmin məscidlərin hamısı ermənilər tərəfindən dağıdılmışdır. Yalnız Yuxarı Gövhər ağa məscidi qismən öz mövcudluğunu qoruyub saxlamışdır. Bununla yanaşı, bu məscidə qarşı da vandalizm aktları gerçəkləşdirilmişdir. Lakin qeyd etdiyimiz kimi, dövlətimiz tərəfindən həm Yuxarı Gövhər ağa, həm də Aşağı Gövhər ağa məscidləri restavrasiya edilmişdir. Saatlı məscidi və digər İslam abidələri də dövlət tərəfindən təmir olundu."
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bu fikirləri mətbuata açıqlamasında bildirib. Fikrinə davam edən rektor vurğulayıb ki, bütün bu abidələrə diqqət yetirəndə görürük ki, Şuşa şəhəri ərazi baxımından böyük olmasa da, mənəvi-mədəni baxımdan zəngin bir şəhərdir. Şuşada təkcə məscidlər deyil, İslam memarlığının bir hissəsi olan karvansaralar və s. kimi mühüm tikililər mövcuddur.
Bəli, rektor tamamilə haqlıdır. Həqiqətən də Şuşa şəhəri yarandıqdan sonra qısa müddətdə burada görkəmli mütəfəkkirlər və din xadimləri yetişmişlər. Bu səbəbdən də əhalidə İslam dininə məhəbbət və bağlılıq böyük olub. Hətta o qədər böyük olub ki, ilk tamaşa da dini mövzuda hazırlanıb.
Belə ki, 1860-70-ci illərdə Şuşada məhərrəmlik təziyəsinin keçirilməsi xüsusi hazırlıqla qeyd edilərdi. Bu mərasimə demək olar ki, çox ciddi hazırlaşardılar. Dini mərasim qırx gün davam edərdi. Nəzirlər verilər, ehsanlar paylanardı. Mollalar, seyidlər qəsidələr deyər, Qurani-Kərimdən hədislər söyləyərdilər. Məhərrəmliyin onuncu günü, yəni qətl sınan gün İmam Hüseynin əshabələrinin Kərbəla çölündə susuzluğa məruz qoyulmaları və şəhadətə yetirilmələri səhnələri göstərilərdi. O səhnələri həm də Azərbaycanın ilk xalq teatr tamaşaları da adlandırmaq olar.
Şəhər sakini, gözəl səsi olan, sonralar Azərbaycanda məşhur xanəndə kimi tanınan Xarrat Qulu tamaşanın ssenarisini özü yazar və bir qayda olaraq tamaşadakı rolları ərki çatan adamlar arasında bölərdi. Təbii ki, o zaman peşəkar aktyorlar olmadığı üçün rolları sadə adamlar oynayırdılar. Bu barədə görkəmli musiqi tədqiqatçısı Firidun Şuşinski yazırdı: "Şümür rolunu oynamağa heç kəs razı olmazdı. Çünki Şuşada kim İmam Hüseynin düşmənləri olan Yezid, Haris və Şümür rolunu oynasa, şəhər əhli həmin adamları bu adla çağırarmış. Təsadüfi deyildi ki, Şuşada Qurdlar məhəlləsində yaşayan Cavad kişiyə Yezid Cavad, Köçərli məhəlləsində yaşayan Sarı Bəşirə Haris Bəşir deyə ayama qoşardılar". Təbii ki, heç kəs bu adları qəbul etmək istəmirdi.
Hamının Şümürə nifrət etdiyini və onun rolunu kimsənin oynamayacağını görən tamaşanın təşkilatçısı Xarrat Qulu əlacsız qalaraq bazarda kartof satan bir erməni kişisinə Şümür rolunu oynasa on manat qızıl pul verəcəyini vəd edir. Pula şirnikən erməni Şümürün rolunu oynamağa razılıq verir. Xarrat Qulu onunla xeyli məşq edib səhnə mizanları və deyəcəyi sözləri əzbərlətdirir və tapşırır ki, tamaşada səndən kim su istəsə verməyəcəksən, əgər çaşıb versən pul yox, qulağının dibini görəcəksən. Erməni öz "rejissoru"nun tapşırığını qətiyyətlə yerinə yetirəcəyinə söz verir. Tamaşanın gedişi zamanı uşaqlar, qadınlar, “yaralılar” ondan su istəyəndə “Şümür” amansızlıq göstərərək yalvarışları, xahişləri qəddarlıqla rədd edir. Tamaşaçılar yerbəyerdən onu yamanlayır, lənətləyirlər. Tamaşaçıların hədsiz hiddətini və nifrətini görən erməni “susuzluqdan yananlara” sonda belə deyib: "Mən sizə su verə bilmərəm, əgər versəm Xarrat Qulu pulumu kəsər". Tamaşaçılar gülüşüb və bununla da şəbih səhnəsi pozulub.
Kərbəlayi Xarrat Qulu Qarabağda və Qafqazın bir çox şəhərlərində uzun illər xanəndəlik etmiş, 1883-cü ildə altmış yaşında Şuşada vəfat etmiş və orada da dəfn olunmuşdur. Xarrat Qulunun ölümündən sonra Kor Xəlifə adlı bir musiqişünas onun yolunu davam etdirərək Şuşada teatr tamaşaları təşkil edib. Sonralar tamaşa göstərmək ənənə halını alıb.
Vəli İlyasov, “İki sahil”