Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, İrəvan Dövlət Azərbaycan Dram Teatrının rəhbəri İftixar Piriyevin yenicə çapdan çıxmış “İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixi” elmi-tarixi, publisistik monoqrafiyası Azərbaycan teatr sənətinin inkişafına əvəzsiz töhfələr verən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaranma tarixinə, təşəkkül və inkişaf mərhələlərinə həsr olunub.
Tədqiqat bir sıra müsbət cəhətləri ilə diqqəti cəlb edir. Burada böyük tarixi dövr – 1882-2023-cü illər arasında İrəvan Azərbaycan Teatrının keçdiyi zəngin yaradıcılıq yolu, təşəkkül mərhələləri geniş təhlil edilir. Müəllifin qənaətinə görə, Azərbaycanın renessans dövrü hesab olunan XIX əsrin ikinci yarısında Qafqazda yaranmış ədəbi-mədəni mühitin inkişafı, maarifçiliyin tərəqqisi peşəkar teatrın boy verməsinə, cücərməsinə, inkişafına və yüksəlməsinə olduqca böyük zəmin yaratdı. Müəllif onu da qeyd edir ki, yerli ziyalıların və mötəbər səlahiyyət sahiblərinin səyi ilə təməli qoyulan bu teatrın bu günə qədər keçdiyi şərəfli fəaliyyət yolunda o dövrdə İrəvana gəlmiş görkəmli azərbaycanlı mütəfəkkirlərin, maarifpərvər insanların, teatr mütəxəssislərinin, öz əsərləri ilə İrəvan Teatrının inkişafına töhfə vermiş müqtədir ədiblərin və o cümlədən gimnaziya tələbələrinin də böyük əməyi və zəhməti olmuşdur. İftixar Piriyevin araşdırmaları nəticəsində müəllifin, “İrəvan Teatrının tarixinə nəzər saldlıqda belə qənaətə gəlmək olur ki, bu sənət ocağı zamanın və dövrün ictimai-siyasi mənzərəsi fonunda o dövr ziyalı mühitinin yaratdığı tərəqqinin inkişaf selinin sürətli axını istiqamətinə qoşulmuş cəmiyyətin teatr sənətinə olan tələbləri dinamikasının təsir qüvvəsindən, beləliklə, böyük bir zərurətdən yaranmışdır” fikri sübut olunur.
Səlis dili, özünəməxsus araşdırma üslubu ilə xüsusi diqqət çəkən, tarixi mənbələrlə, elmi məxəzlərlə zəngin olan tədqiqatdan məlum olur ki, İrəvan Azərbaycan Teatrının bir neçə mərhələyə bölünən yaradıcılıq yolu həqiqətən də, böyük çətinliklərdən keçmişdir. Monoqrafiya müəllifinin qənaətinə görə, teatr dəfələrlə düşmən qəsdinə məruz qalaraq qapadılmış, mərkəzdən əyalətə köçürülmüş, hətta bir neçə dəfə doğma yurdundan didərgin salınsa da, öz fədakar fəaliyyəti ilə həmişə düşmənlə layiqli mübarizə aparmış, yaratdığı çoxjanrlı sənət əsərləri ilə cəmiyyətin həqiqi aynasına çevrilmiş, bütövlükdə Azərbaycan teatr sənətinin yaradıcılıq salnaməsinə böyük töhfələr verməklə yanaşı öz ənənələrini yaratmış, yaşatmış, daima inkişaf etdirmiş və özünəməxsus bir sənət məkanına çevrilmişdir.
“Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyası”nın icrasına ictimai dəstəyin verilməsinə dair Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsinin qalibi “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin “Qərbi Azərbaycanın mədəni irsi – “İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixi” kitabının nəşri layihəsi İrəvan Mədəni İrsinin canlı abidəsi olan İrəvan Azərbaycan Teatrının tutduğu yeri müəyyənləşdirir, tarixi keçmişinin həqiqətlərini və çağdaş dövr fəaliyyətinin reallıqlarını əks etdrən əsrarəngiz cəhətlərini geniş elmi kontekstdə aydınlaşdırır. Həmçinin dünya azərbaycanlılarında milli ideologiyanın, vətənpərvərlik ruhunun vüsət alması, əbədi-əzəli torpaqlarından didərgin düşmüş, iki yüz ildə dünyanın müxtəlif ölkələrinə köç etmək məcburiyyətində qalmış soydaşlarımızın böyük qayıdışa səfərbər edilməsi, bu ideyanın tezliklə gerçəkləşməsi üçün həmvətənlərimizdə inamın gücləndirilməsinə təkan verilməsi, onlara mənəvi dəstək göstərilməsi və maarifləndirilməsi prinsiplərinin həyata keçirilməsi kimi mühüm məsələlərin həll olunmasını ehtiva edir.
Monoqrafiyanın “Oğuz elinin alınmaz qalası, əbədi dünyası İrəvan xanlığı” adlanan Birinci fəslində İrəvan Teatrının təşəkkülü və formalaşması, teatrın yaranmasında mütərəqqi ziyalıların rolu; Teatrın 1882-1927-ci illər repertuarı; İlk dram əsərlərimizin səhnə təcəssümləri; 1928-1948-ci illər arasında Azərbaycan və dünya dramaturqlarının əsərlərinin İrəvan Teatrı səhnəsində oynanılan tamaşaları təhlil edilir.
“Teatrın dirçəliş dövrü” adlanan İkinci fəsildə 1967-1989-cu illər arasında teatrın dirçəliş dövrünə qədər keçdiyi yola nəzər salınır; repertuarı incələnir və yenidən qurulması; İrəvan teatrının 50 illiyinin İrəvanda və Bakıda təntənəli yubileylərinin keçirilməsi kimi mühüm məqamlara nəzər salınır.
Kitabın “1989-2023-cü illər”i əhatə edən Üçüncü fəslində teatrın deportasiya həyatı; 2000-ci ildən başlanan yeni sənət uğurları; 125 illik yubileyinin keçirilməsi; Türkiyə Cümhuriyyətinə ilk qastrol səfərinin yaradıcılıq panoramı diqqətə çatdırılır.
İrəvan Teatrının Beynəlxalq layihələrdə iştirakı; Gürcüstana və Dağıstana qastrol səfərləri; Binəqədi Rayon İcra Hakimiyyəti ilə həyata keçirilən müştərək layihələrdə iştirakı; 130 illik yubileyinin Türkiyə Cümhuriyyətində təntənəli qeyd olunması; Böyük, uğurlu layihə: “Türkiyə – Azərbaycan kültür və sənətdə “DEV” qardaşlıq və candaşlıq layihəsi”ndə əldə etdiyi misilsiz uğurlar tədqiqatın Dördüncü fəslində əhatəli və geniş şəkildə araşdırılır. “Qastroloqrafiya” bölümündə isə İrəvan Teatrının geniş qastrol coğrafiyası detallı formada sərgilənir.
Təqdimat mərasimi 2023-cü ilin 30 oktyabrında Teatr Xadimləri İttifaqının Aktyor evində keçirilən, 142 illik tarixinin bütün mərhələlərinin, yəni həm İrəvan dövrünün, həm də deportasiyadan sonra Bakı şəhərində məskunlaşdığı illərdə yaradıcı fəaliyyətinin sənətşünaslıq tariximizdə ilk dəfə belə bir kontekstdə təcəssüm etdirildiyi monoqrafiyada İrəvan Teatrının bütün fəaliyyəti boyu yaradıcılığına qəsd etməyə çalışanlara öz sənətkarlıq qüdrəti, cəfakeşliyi, əzmkarlığı ilə daim mübarizlik nümayiş etdirdiyi, bu gün də həmin ənənələri yaşatmaqla “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyası”nın gücləndirilməsi istiqamətində aparılan müqəddəs işlərin yerinə yetirilməsində də üzərinə düşən missiyanı daşımaqdan geridə qalmadığı tarixi mənbələr əsasında, maraqlı və yaddaqalan lövhələrlə əks etdirilir.
Bu yaxınlarda “Qərbi Azərbaycan İcması”na göstərilən Prezident münasibəti ümumən azərbaycançılıq ideyasının ən bariz nümunəsidir. Həmin quruma strateji yanaşma, təmin edildiyi binanın rəmzi simvolu da məhz İlham Əliyevin milli təəssübkeşlik ideyasının ən parlaq göstəricisidir. İrəvan Teatrının kollektivi bu siyasi gedişin, strateji yolun, Vətən, torpaq, yurd, el-oba təəssübünün bundan böyük bir nümunəsini təsəvvür etmir və bütün varlığı, ruhu ilə İlham Əliyev ideyaları uğrunda canı, qanı və sənət imkanları hesabına dönmədən çalışır.
İrəvan Teatrı yaratdığı sənət nümunələri ilə tarixi ədalətin bərpa olunması istiqamətində aparılan geniş təbliğat işlərinin həyata keçirilməsi funksiyasının reallaşmasını təlqin edir. Bu qocaman sənət ocağı Qərbi Azərbaycan həqiqətlərini öz varlığında və fəaliyyətində yaşadır və gələcəyə daşıyır.
“İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixi” monoqrafiyası görkəmli teatr xadimi İftixarın sənətşünaslıq elminə yeni dəyərli töhfəsidir.
Nərminə Ağayeva,
“İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin sədri, dosent