17 oktyabr 2023 13:44
437

İtkin düşmüş şəxslərlə bağlı filmin təqdimatı olub

İtkin düşmüş şəxslərlə bağlı çəkilən “Coğrafiya müəllimi” adlı qısametrajlı bədii-sənədli filmin təqdimatı keçirilib.

“İki sahil” xəbər verir ki, “Cinema Plus” kinoteatrlar şəbəkəsində təşkil olunan təqdimatda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri, sənədli filmdə yer almış şəxslər, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

Film Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi tərəfindən hazırlanıb.

Qısametrajlı bədii-sənədli film I Qarabağ müharibəsində könüllü olaraq döyüşlərə atılmış Şuşa sakini, 1992-ci ilin mayında Şuşanın işğalı zamanı itkin düşmüş, hələ də taleyindən heç bir xəbər olmayan Nəsir Hüseynqulu oğlu Bağırovun təsirli həyat hekayəsindən bəhs edir.

Filmdə əsas qəhrəman obrazı roluna Nəsir Bağırovun doğma nəvəsi və itkin babasının adını daşıyan məktəbli - 167 saylı tam orta məktəbin 3-cü sinif şagirdi Nəsir Bağırov çəkilib.

Filmin ssenari müəllifi Əməkdar jurnalist Mübariz Əsgərov, quruluşçu rejissoru Xəyyam Abdullazadədir.

Film Qarabağ müharibəsində itkin düşmüş minlərlə Azərbaycan vətəndaşına həsr edilib.

Film xarici auditoriyada da nümayiş üçün ingilis dilində alt yazılarla hazırlanıb.