Şuşada keçirilən I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində oktyabrın 14-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, TÜRKSOY-un və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə “Mədəni və tarixi irsin qorunması və bərpasında ən yaxşı təcrübələr” mövzusunda panel sessiya keçirilib.
“İki sahil” xəbər verir ki, paneldən əvvəl çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva 30 ilə yaxın bir müddətdə işğal altında qalmış Azərbaycan torpaqlarının, o cümlədən Şuşa şəhərinin, tarixi və mədəniyyətinin ermənilər tərəfindən məqsədli şəkildə məhv edildiyini bildirib. Qeyd edilib ki, hazırda həmin ərazilərdə digər infrastruktur layihələrlə yanaşı, tarix-mədəniyyət abidələrinin bərpası istiqamətində də dövlətimiz tərəfindən mühüm işlərin həyata keçirilməsinə başlanılıb. Genişmiqyaslı quruculuq işləri çərçivəsində məscidlər, tarixi abidələr, məqbərələr, ev-muzeylər də bərpa edilir.
İşğaldan azad edilmiş ərazilərimizin bərpa olunması həm də mədəni irsimizin bərpası prosesindən keçdiyini deyən S.Hacıyeva bildirib ki, Böyük Qayıdış prosesində başlıca məqamlardan biri də bölgəyə mədəniyyətin, mədəni-mənəvi irsimizin qaytarılması, mədəni irsimizin bərpası olacaq: “Mədəni irsin bərpası zamanı abidələrin ilkin simasına qaytarılması, bədii-estetik xüsusiyyətlərin qorunması və onların müasir şəhərsalma prosesi çərçivəsində nəzərə alınması xüsusi əhəmiyyətə malikdir”.
Sonra sessiyada Qazaxıstanlı akademik, bərpaçı alim, elmi restavrasiyasiya laboratoriyasının yaradıcısı Krım Altınbekov “Tamqalı petroqliflərinin mühafizə olunması ilə bağlı strategiya və üsullar”, Qırğızıstan Respublikası Milli Elmlər Akademiyasının Tarix, Arxeologiya və Etnologiya İnstitutunun elmi işçisi, arxeoloq Aidai Sulaymanova “Saymaluu-Taş” qayaüstü rəsm abidəsinin sənədləşdirilməsi təcrübəsi”, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət Əmlakları və Muzeylər Baş İdarəsinin müdiri Zeynep Gül Ünal “Mədəni İrsin birləşdirici gücü”, Özbəkistan Elmlər Akademiyası Təsviri İncəsənət İnstitutunun mədəniyyət şöbəsinin eksperti, memarlıq şöbəsinin müdiri Mavlyuda Yusupova “Mərkəzi Asiyanın müqəddəs yerlərinin memarlıq orijinallığının qorunmasının aktual problemləri”, Özbəkistanda Qaraqalpaq Humanitar Araşdırmalar İnstitutunun şöbə müdiri Aysulu İskanderova “Özbəkistan arxeologiyasında mədəni irsin qorunması təcrübəsi”, türkiyəli arxeoloq İbrahim Barış Sarıca “Türkiyədə Mədəni İrsin qorunması və qeyri-qanuni ticarət fəaliyyətləri ilə mübarizə”, Özbəkistan Milli Universitetində professor Niginakhon Şermuxamedova “Türk maddi mənəvi məkanının tərkib hissəsi kimi Özbəkistanın memarlıq irsinin xüsusiyyətləri” mövzularında çıxış ediblər.
Bildirilib ki, tarixi abidənin qorunması üçün, ilk növbədə, abidə haqqında dolğun məlumatlar toplanmalıdır. Mədəni irsin mütəxəssislər tərəfindən incələnməsi, sənədləşdirilməsi dövlətin mədəni irsinin ayrılmaz hissəsinin mühafizəsi baxımından önəm daşıyır. Araşdırma işlərinin sonunda əldə olunan nəticələr mədəni irs haqqında biliklərin cəmiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayır. Qorunan mədəni irslərin ətraflı şəkildə araşdırılması baş verəcək hər hansısa bir təhlükənin tezliklə bərpa edilməsində vacib rol oynayır. Beləliklə, qorunan mədəni obyektə təsir edən bütün faktlar nəzərə alınmalıdır.
Panel sessiya mövzu ətrafında müzakirələrlə davam edib.