12 oktyabr 2023 20:48
393

Şimali Kiprin naziri Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlıqdan danışıb

“Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında mədəni bağların daha da möhkəmləndirilməsi üçün bundan sonra da var gücümüzlə çalışacağıq”.

“İki sahil” xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının mədəniyyət naziri Fikri Ataoğlu oktyabrın 12-də Bakıda jurnalistlərə açıqlamasında deyib.

Nazir xatırladıb ki, sabah TÜRKSOY-a üzv dövlətlərin mədəniyyət nazirlərinin toplantısında iştirak etmək üçün Şuşaya gedəcək.

“Daha sonra Bakıda Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində sərgimiz açılacaq. Burada məqsəd Azərbaycan xalqının kiprli türklərin mədəniyyəti ilə daha yaxından tanış olmasıdır”, - F.Ataoğlu söyləyib.

O vurğulayıb ki, Şimali Kipr Türk Respublikası Azərbaycanla əlaqələrə xüsusi önəm verir: “Bizim mədəni bağlarımızın daha da möhkəmlənməsi üçün bundan sonra da daha böyük işlər görəcəyik. Hər iki ölkə qarşlıqlı addımlar atır ki, bu da gələcəkdə bütün sahələrdə qurulacaq işbirliklərinin müjdəçisidir”.