10 oktyabr 2023 14:00
468

Xalq artisti Tələt Qasımovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 5-də Beynəlxalq Muğam Mərkəzində görkəmli xanəndə, Xalq artisti Tələt Qasımovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə xanəndənin ifasından ibarət videoçarx nümayiş olunub.

“İki sahil” xəbər verir ki, tədbirdə filologiya elmləri doktoru, professor Vüqar Əhməd çıxış edərək sənətkarın ömür yolundan, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıb.

Millət vəkili Ziyad Səmədzadə, Xalq artistləri Firuz Əliyev, Ağaverdi Paşayev, Vamiq Məmmədəliyev, Ramiz Quliyev və sənət dostları çıxışlarında qeyd ediblər ki, yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə diqqəti cəlb edib. O, bütün muğam dəsgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən mənimsəyib. Tələt Qasımov uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olub, konsertlərdə çıxış edib. Vurğulanıb ki, Zülfü Adıgözəlov, Hacıbaba Hüseynov məktəbindən ustad xanəndə kimi püxtələşmiş Tələt Qasımov sənətdə öz ənənələrini yaradıb.

Xatirə gecəsi xanəndənin repertuarından ibarət konsert proqramı ilə davam edib. Xalq artistləri Alim Qasımov, Nəzakət Teymurova, Teyyub Aslanov, Gülyaz Məmmədova, Vamiq Məmmədəliyev, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artistlər Təyyar Bayramov, Ehtiram Hüseynov, BMM-nin solistləri Mirələm Mirələmov, Vəfa Vəzirova, Məmməd Nəcəfov, Almaxanım Əhmədlinin ifaları dinlənilib.