10 oktyabr 2023 10:54
352

Azərbaycan III “Korkut Ata” Türk Dünyası Film Festivalının Zirvə görüşü keçirilir

Oktyabrın 8-dən start götürən III “Korkut Ata” Türk Dünyası Film Festivalının Zirvə görüşü keçirilir.

“İki sahil” xəbər verir ki, festival Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Kino Agentliyi, Bakı Media Mərkəzinin və TÜRKSOY-un birgə təşkilatçılığı ilə reallaşır.

Festivalın məqsədi türk dünyasının birliyini və türk xalqları arasında mədəni əməkdaşlığı inkişaf etdirmək, türk dövlətlərinin iştirakı ilə ortaq audiovizual məkan yaradaraq xalqlarının bu məkana inteqrasiyasına töhfə verməkdir.

2021-ci ildən təşkil olunan festival ilk dəfə Türkiyənin İstanbul şəhərində, ikinci dəfə isə ötən il qardaş ölkənin Bursa şəhərində keçirilib.

Artıq üçüncü dəfə təşkil edilən festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Saxa-Yakutiya, Dağıstan (Noqay), Kabardin-Balkar, Çuvaşıstan, Qaraçay-Çərkəz, Tuva və Başqırdıstandan (Rusiya Federasiyası) 32 bədii, sənədli və animasiya filmi təqdim olunub.