09 oktyabr 2023 15:20
669

“Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda” kitabı haqqında

Romantik ədəbi məktəbin görkəmli nümayəndəsi, filosof-şair, dramaturq Hüseyn Cavidin həyatının, fəaliyyətinın, zəngin yaradıcılığının tarixi yolunu müəyyənləşdirən neçə-neçə dəyərli bədii əsərlər, müasir dünya estetik fikrinin metodoloji prinsiplərinə əsaslanan yeni-yeni tədqiqatlar, monoqrafiyalar yazılır, kitablar nəşr olunur.

Ədəbiyyatşünaslıqda, sənətşünaslıqda, kulturologiyada görkəmli ədibin irsini araşdıran Q.Məmmədli, C.Cəfərov, Y.Qarayev, R.Zəka, M.Əlioğlu, K.Əliyev, T.Cavid, M.Cəfər, T.Əfəndiyev və A.Turan böyük əmək verərək “Cavid ömrü boyu: həyat və yaradıcılıq salnaməsi”, “Cavid teatrı”, “Cavid ömrü boyu. Yaxud Cavid olduğu kimi”, “Cavid sənəti”, ”Hüseyn Cavidin romantizmi”, “Hüseyn Cavidin publisistikası”, “Hüseyn Cavid”, “Unudulmaz sənətkar” və “Hüseyn Cavid”, “Hüseyn Cavid ədəbi tənqiddə”, “Cavid Əfəndi”, “Hüseyn Cavid” və “Cavidnamə” kimi sanballı əsərlər yaratmışlar.

Cavid irsi bu gün də davamlı olaraq araşdırılır və tədqiq olunur. Hələ gənclik çağlarından elmi axtarışlarna məhz Cavid yaradıcılığının tədqiqi ilə başlayan  Sevil Həsənova 2005-ci ildə “Hüseyn Cavid yaradıcılığının tədrisinin şagirdlərin mənəvi tərbiyəsinə təsiri” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək cavidşünas alimlər cərgəsinə daxil olmuşdur. 2021-ci ildə isə “Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək 2022-ci ildə filologiya elmləri doktoru adına layiq görülüb. Sevil Həsənovanın “Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda” adlı doktorluq dissertasiyası əsasında işıq üzü görən monoqrafiyası mövzu problematikasına, problematikaya yeni elmi baxış metodologiyasına görə fərqlənir. Ona görə də bu araşdırma öz məziyyətləri ilə elmi dövriyyəyə orqanik şəkildə daxil olur.

Cavidin ədəbi-bədii irsini “zəngin və sonsuz bir dərya” adlandıran Sevil Həsənovanın əsas məqsədi ədibin yaradıcılığında heç vaxt aktualığını itirməyən mətbu irsinin illər boyu gizlində qalan gerçəklərinin əsl mahiyyətini dərindən öyrənmək, H.Zərdabi, C.Məmmədquluzadə, Ü.Hacıbəyli, Ə.Ağaoğlu, M.Rəsulzadə, Ə.Hüseynzadə və digər qələmdaşları olan Azərbaycanın görkəmli ziyalıları – ədəbi-bədi, ictimai-siyasi, elmi-fəlsəfi fikir adamları ilə yanaşı Hüseyn Cavidin də öz düşüncə və ideyalarını publisistik yazıları vasitəsi ilə çəkinmədən ifadə etdiyini çağdaş dövr elmi-nəzəri təhlil parametrləri kontekstində əhatəli şəkildə araşdırmaq və elm aləminə transfer etməkdir.

Cəmiyyətin, dövrün haqsızlıqları ilə barışa bilməyən, bütün həyatı boyu xalqının, millətinin  azadlığı uğrunda mübarizə aparan, milli kimliyi – turançılıq və türkçülük məfkurəsi uğrunda canından keçən böyük şairin milli zəminə əsaslanan bəşəri mövzulu sənət icilərinin tədqiqi monoqrafiyada ön plana çıxarılır.

Monoqrafiya müəllifi ilk dəfə olaraq böyük ədibin mətbu irsini yeni istiqlal məfkurəsinə uyğun çağdaş düşüncənin tələblərinə xas elmi-nəzəri aktuallıqla araşdırır.

Hüseyn Cavidin mətbuata ilk gəlişindən (1904-cü il 5 yanvar tarixli “Şərqi-Rus” qəzetində çap olunan “Ağayi Hüseyn Rasizadə Naxçıvani” imzalı  publisistik məqaləsindən) başlayaraq, son bədii-publisistik məqaləsinin çap olunduğu (“Yeni yol” qəzeti 1937-ci ilin 6 may) böyük bir dövrünü əhatə edən elmi, publisistik yazılarını, ədəbi-bədii məqalələrini, resenziyalarını, həmçinin  ədəbiyyatşünasların, cavidşünasların araşdırmalarını, eləcə də Cavid şəxsiyyəti və Cavid yaradıcılığı haqqında o dövrün mətbuat səhifələrində yer alan məkrli və qərəzli, böhtan xarakterli saysız-hesabsız yazıları, bütün parametrlərdən olan arxiv materiallarını geniş şəkildə tədqiqata cəlb edir. Məhz bu tədqiqatla bitib-tükənməyən xəzinə olan Cavid yaradıcılığı və Cavid şəxsiyyəti cavidşünaslığımıza yeni problem axtarışları ilə bir daha daxil olur.

Monoqrafiyada ilk dəfə olaraq Cavid publisistikası həm də tərbiyə məktəbi kimi xarakterizə olunur. Bu məktəbin tərbiyəvi əhəmiyyəti, gənclərdə milli şüurun inkişafına təsiri tədqiqatın əsas məqsədlərindən biri kimi  diqqətə çatdırılır. Çağdaş dövrümüzdə Cavidin mətbu irsinin araşdırılması həm Azərbaycan ədəbiyyatının, mətbuatının inkişafı, həm də gələcək nəslin mənəvi tərbiyəsi baxımından olduqca vacibdir. Qeyd edək ki, Sevil Həsənova illər öncə yazdığı “Hüseyn Cavid yaradıcılığında tərbiyə məsələləri” (2013) və “Hüseyn Cavidin publisistikasında milli-mənəvi tərbiyənin inikası” (2016) əsərlərində belə bir aktual problemi tədqiq edərək dəyərli elmi nəticələrə nail olmuşdur. Məhz bu geniş tədqiqat işi alimin illər əvvəl başlatdığı Cavid yaradıcılığında milli-mənəvi tərbiyə məsələləri, yetişən gənclərdə milli şüurun inkişafı, illərlə basqı altında saxlanılan milli-kimliyin, milli-ideoloji konsepsiyanın məhkəmlənməsinə güclü təkan verməsi məsələlərinin bünövrəsi kimi görünür.  

Monoqrafiyanın mövzusunun açılması və əsaslandırılması məqsədi ilə tarixi-xronoloji tədqiqat və müqayisəli təhlil metodlarından istifadə edilmişdir.

“Hüseyn Cavidin mətbuatla əlaqələri və onun tədqiqi məsələləri” adlanan fəsildə Cavidin Azərbaycan ədəbiyyatında, mətbuatında, eləcə də ədəbi və mədəni mühitində özünəməxsus yeri və rolu müəyyənləşdirilir. Ədibin “İttifaq”, “Həqiqət”, “İqbal”, “Məktəb”, “Şəlalə”, “Açıq söz”, “Bəsirət”, “Qurtuluş”, “İstiqlal”, “Yeni fikir”, “Yeni yol”, “Ədəbiyyat” və digər qəzet və jurnal məqalələri araşdırılır və qeyd olunur ki, “...bu məqalələrdə publisistikanın ən önəmli, ustad nümunələri” ortaya qoyulur. O da göstərilir ki, Cavid bir sıra problemlərlə yanaşı yazılarında onun üçün ən mühüm hesab etdiyi qız məktəblərinin açılmasını, qızların təhsilə cəlb edilməsini tərəqqinin əsas amili olduğunu həm publisist, həm də pedaqoq kimi arzulayırdı.

Burada həmçinin İran və Türkiyə mühitinin Cavidin dünyagörüşünə, həyata baxışına göstərdiyi müsbət təsirlər barədə müəllif fikirlərinə rast gəlinir. Eləcə də alimin araşdırmaları Cavidin istər dramaturgiyasında, istərsə də publisistikasında türkçülük, turançılıq mövzularının üstünlük təşkil etdiyini üzə çıxarır. Ədibin Azərbaycan Xalq Cümhuriyyəti dövründə oynanılan tamaşalarının hər biri haqqında yazılan məqalələrlə həmin illərin qəzetlərində mütəmadi işıqlandırıldığını tək-tək incələyir və ardıcıllaşdırır.  

Sovet dövründə H.Cavidin publisitik irsinə obyektiv (1926-cı ilə qədər) və qərəzli münasibətin (1937-ci illər) təzahürlərini, sovet mətbuatının əsas funksiyalarından, mətbuatın ədəbi inhisara çevrilməsindən, rusdilli mətbuatın Cavid yaradıcılığına münasibəti barədə “Azərbaycan milli mətbuatının inkişafına mane olan tendensiyalar və onların ədəbi mühitə təsiri” bölümündə müqayisəli təhlil edilir.

Tədqiqatçı monoqrafiyanın “Hüseyn Cavidin bədii irsi Azərbaycan mətbuatında” adlı fəslini Cavidin bədii irsinin – lirik-romantik şeirlərinin, “Azər” poemasının, “Peyğəmbər”, “Topal Teymur” əsərlərinin, eləcə də “Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaradan” Cavid tamaşaları haqqında yazılan məqalə və resenziyaların  təhlillərinə  geniş yer ayırır. Müəllif çox doğru olaraq qeyd edir ki, ““Peyğəmbər”, “Topal Teymur” əsərləri yazan H.Cavid heç vaxt məfkurəcə sovet yazarı olmayıb. Elə ona görə də 1930-cu illərin sonlarına yaxın mənzum dram janrının əsas nümayəndəsi olan H.Cavidin repressiyası ilə formalaşmış böyük bir teatr məktəbinə də son qoyulur”.

Monoqrafiyanın “Cavidşünaslığa qayıdışın zəruriliyi və onun mətbuatda əksi” adı ilə təqdim edilən fəsildə Cavid yaradıcılığına bəzi tənqidçilərin ziddiyyətli münasibətlərinə, böyük Cavidin ünvanına söylənən haqsız ittihamlara, müstəqillik illərində Hüseyn Cavidin şəxsiyyətinə, dramaturgiyası və publisistik irsinə, ümumən cavidşünaslıqdakı son illərdəki əsaslı dəyişikliklərə diqqət yönəldilir. Cavid dünyası, Cavid şəxsiyyəti, Cavid yaradıcılığı, Cavid fəlsəfəsi, Cavid görüşləri, Cavid əsərlərindəki ali hisslərə, uca mənəviyyata çağırış münasibətləri isə zamanın fövqündə dayanır.

Kitab müəllifinin qənaətinə görə, “...mütəfəkkir sənətkarın yaradıcılığı, türk birliyi ideyasını, islam əxlaqını ehtiva edən, mükəmməl ədəbi-bədii sərvətlər toplusudur. Odur ki, Cavid yaradıcılığı cəmiyyəti xilas edə biləcək məfkurə modelini irəli sürən ədəbi və siyasi hadisədir”.

Bütün istedadlı insanların taleyi bənzər oxşarlıqla dramaturji bir süjet istiqamətində doğuşdan əbədiyyətə qədər keşməkeşlər labirintinin gözlənilməz döngələrində çarpışa-çarpışa sonunda bir zəfər yüksəkliyi olan kulminasiya nöqtəsinə ucalır. Həm də böyük simaların yazdıqlarının, yaratdıqlarının hər çağa, hər kulturoloji situasiyaya yeni informasiyalar açmaq imkanı olur. Bu anlamda “Tanrının “Həyat” adlı əsərinin qəhrəmanı” Hüseyn Cavidin yaradıcılığına, şəxsiyyətinə böyük diqqət, qayğı, məsuliyyət,  həssasiyyət və sevgiylə  yanaşan tədqiqatçı-alim Sevil Həsənovanın  “Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda” qiymətli tədqiqat əsərini Azərbaycan elm tarixinə, cavidşünaslıq xəzinəsinə əvəzsiz töhfə kimi dəyərləndirirəm.

Monoqrafiyanın kontent analizi bizə belə bir nəticəyə gəlməyə əsas verir ki, milli-mənəvi hisslərimizi, duyğularımızı öz parlaq məfkurəsi süzgəcindən keçirərək daim saflaşmasına çalışmış, həyatını bu yola bağışlamış Cavid irsi bütün zamanlar üçün əbədi və aktualdır!

İftixar Piriyev,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Əməkdar mədəniyyət işçisi