"Azərbaycanda özümü evimdəki kimi hiss edirəm".
“İki sahil” xəbər verir ki, bunu “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalında iştirak etmək üçün Azərbaycana gələn kriya yoqa ustası, musiqiçi və bəstəkar İmran Kriya mətbuat konfransında jurnalistlərə deyib.
"Mən Dağıstandan gəlirəm və sizin iqlim qurşağınız mənim doğulduğum yerə çox oxşayır. Bu, mənim ölkənizə dördüncü səfərimdir", - Kriya deyib.
İ.Kriya əlavə edib ki, o, vaxtilə musiqiçi olduğundan, tez-tez toylarda Azərbaycan mahnıları ifa edib və ruhən ölkəmizdə olub.
“Azərbaycan mədəniyyəti mənə çox yaxındır. Azərbaycan musiqisi həmişə ülvi bir şeydən danışır”.
Yoqa ustası daha sonra meditasiyadan, insanın öz daxilində harmoniyanı necə tapmaq qaydalarından danışıb:
"Ətrafınızdakı dünyanı dəyişdirmək üçün şüurunuzu dəyişdirməlisiniz. İlk növbədə, özünüzü sevməlisiniz. Bunun üçün də özünüzü dərk etməlisiniz. Meditasiya bu məsələdə kömək edə bilər".
Qeyd edək ki, oktyabrın 8-də başa çatacaq bu festival iştirakçılara insanın harmonik inkişafı ilə bağlı bütün müasir qlobal tendensiyalarla tanış olmağa imkan verəcək.
“Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” incəsənət mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyi ilə baş tutur.