Artıq dünya hərb tarixində Azərbaycan Silahlı Qüvvələrinin də möhtəşəm imzası var
Vətən müharibəsindəki tarixi Qələbəmiz bir daha göstərdi ki, Azərbaycan regionda ən güclü orduya malikdir. Qeyd egək ki, tarixi 44 günlük savaşda işğalda altındakı 8 rayonumuzu bir qala şəhərimizi azad etdik. Bu, hər beş günə bir rayonun azad edilməsi demək idi. Postmüharibə dövründə Azərbaycan Ordusu daha da təkmilləşərək öz döyüş qabiliyyətini xeyli artırdı. Məhz bunun nəticəsidir ki, ordumuz Qarabağdakı separatçı- terorrçu xuntaya və onun hər növ silah və sursatla təmin edilmiş silahlılarına qarşı keçirdiyi lokal xarakterli antiterror tədbirlərini qısa müddətdə, uğurla başa çatdırdı. Xunta ağ bayraq qaldıraraq təslim olduğunu elan etdi. 23 saata 42 dəqiqəyə minlərlə kvadrat kilometr ərazi də işğalçılardan təmizləndi.
Bu son döyüşümüz də dünyanın hərbi dairələrində xüsusi diqqət və marağa səbəb olub. 3 il əvvəl isə Azərbaycan Ordusunun ən çətin relyefə və keçilməz sərt qayalara malik Şuşa şəhərini yüngül silahlarla və əlbəyaxa döyüşlərlə işğaldan azad etməsi də dünya hərb tarixində möhtəşəm iz buraxmışdı. Artıq xarici hərbi ekspertlər birmənalı olaraq bildirirlər ki, Azərbayücan Silahlı Qüvvələri yüksək mənəvi-psixoloji döyüş hazırlığına və maddi-texniki təminatına görə nəinki Cənubi Qafqazın, o cümlədən dünyanın güclülərindəndir. Bir sözlə, artıq dünya hərb tarixində Azərbaycan Silahlı Qüvvələrinin də imzası var.
Bu, bir reallıqdır ki, postmüharibə dövründə də ordumuzun döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, onun müasir silah, hərbi texnika ilə təchizatı və bir sıra digər tədbirlər Azərbaycanın Ermənistan üzərində üstünlüyünün qorunub saxlanmasını təmin edir. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuata müsahibələrində məhz bu məsələlərə toxunaraq qeyd etmişdi ki, müharibədən sonra Ali Baş Komandan Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyub və hərbi islahatların növbəti mərhələsinin başlanması barədə göstərişlər verib. Müzəffər Ali Baş Komandan İlham Əliyev modernləşmə, silahlanma və hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün konkret plan və tədbirlər hazırlayıb, onların təxirəsalınmaz icrasını tapşırıb.
Hazırda bir çox hərbi hissələrimiz azad edilmiş ərazilərimizə dislokasiya edilir və ya həmin ərazilərdə yeni hərbi hissələr, şəhərciklər salınır. Dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş hazırlığının və döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, yeni hərbi infrastruktur obyektlərinin yaradılması, bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki, tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi və bu kimi digər məsələlərin həlli gündəlik fəaliyyətin əsas prioritetlərindəndir.
Ali Baş Komandanımızın tapşırıqlarından biri də komando hərbi hissələrinin təşkil edilməsi idi. Artıq bu tapşırıq da uğurla icra olunmaqla işğaldan azad edilmiş Xocavənd və Kəlbəcər rayonlarında Komando briqadaları yaradılıb. Komando briqadalarının yaradılması ölkəmiz üçün yenilikdir. Bu briqadalarda yüksək təlim keçmiş, iradəli və Vətən uğrunda özlərini fəda etməyə hazır olan hərbçilər xidmət edirlər. Komando briqadası ən son hərbi avadanlıq və silahlarla təchiz edilmiş müqaviləli mütəxəssislərdən ibarət daim hazırlıqlı, yüksək mobil hava-desant hücum birləşməsidir. Onlar günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həm də şəhər şəraitində hər an baş verə biləcək silahlı münaqişələrdə dərhal döyüşməyə hazırdırlar. Bu briqadalar təcrid olunmuş və ya əsas qüvvələrdən ayrı qaldığı halda vahid informasiya- kommunikasiya məkanında qalmaqla döyüş əməliyyatlarını aparmağa qadirdilər. Məhz bu qüdrətinə görə də yeni yaradılan komando hərbi hissələri ermənilərin qorxulu röyasına çevrilib.
Hər il dünyanın ən güclü ordularının reytinqini hazırlayan Amerikanın «Global Fire Power» şirkəti 4 ay əvvəl 2023-cü ilin siyahısını təsdiqləyib. 60 kriteriya üzərindən dəyərləndirilən siyahıda Azərbaycan Ordusu da yer alıb. Ölkəmiz son bir ildə on pillə irəliləyərək mövqeyini daha da gücləndirib. 145 ölkənin yer aldığı reytinqdə ölkələrin hərbi personalının sayı, mobillik və texnoloji inkişaf kimi bir çox amillər nəzərə alınıb. Siyahıda ordu quruculuğu səviyyəsinə görə Azərbaycanın da mövqeyi müsbətə doğru dəyişib. Ölkəmiz 2022-ci ildəki 63-cü pillədən 57-ci pilləyə yüksəlib.
Elçin Zaman, «İki sahil»