30 oktyabr 2024 00:46
481

Yeni təlim-təcrübə konsepsiyası nələr vəd edir?

Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin dördgünlük Aprel döyüşlərində, 2018-ci ilin mayında Günnüt əməliyyatında, 2020-ci ilin iyununda Tovuz döyüşlərində, 2020-ci ilin 44 günlük Vətən müharibəsində  hərb tariximizə  şərəfli səhifələr yazdı. Ötən il sentyabrın 19-20-də ordumuzun bölmələri Qarabağda kök salmış terrorçu-separatçı qüvvələrə qarşı keçirdikləri lokal antiterror tədbirləri zamanı mülki əhaliyə və infrastruktura heç bir ziyan vermədən Azərbaycanın həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdilər. Ordumuz bütün bu uğurları, yəni  əldə etdiyi zəfərləri ilə XXI əsr dünya hərb tarixini heyrətə gətirməyi də bacardı.

Şübhəsiz, bütün bunlar ordumuzun yüksək peşəkarlığının nəticəsi idi. Dünyanın bu sahə ilə məşğlul olan qurumları da bunu dəfələrlə etiraf ediblər. Məsələn,  bu günlərdə ABŞ-ın  “U.S. News and World Report” nəşri tərəfindən dünyanın ən güclü ordularının reytinqləri açıqlanıb. Siyahıda ilk sıralarda Rusiya, ABŞ, İsrail, Çin, Böyük Britaniya, Almaniya, Türkiyə, Ukrayna orduları yer alıb. Azərbaycan  Ordusu isə həmin siyahıda 29-cu yerdə qərarlaşıb. Qeyd edək ki, Banqladeş siyahıda 30-cu, Kolumbiya 31-ci, Kanada 32-ci, İtaliya 34-cü yeri tutur. Təcavüzkar Ermənistan və Gürcüstan isə ümumiyyətlə, həmin siyahıda yer almayıb.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun güclənməsi və möhkəmlənməsi davam etməkdədir.  Belə ki, bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir.  Düzgün aparılmış islahatlar nəticəsində ölkəmizdə istehsal edilən müdafiə təyinatlı məhsulların çeşidi artırılır. Bu gün Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bir sözlə, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dövlət tərəfindən xüsusi diqqət yetirilir və bu sahənin daha da inkişafı prioritet istiqamətlərdəndir. Bu isə o deməkdir ki, yüksək mənəvi ruhlu ordumuz gələcəkdə də həm bölgənin, həm də dünyanın ən güclü ordularından biri kimi qalacaq.

Amma bu bir həqiqətdir ki, döyüş taktikaları günbəgün sürətlə dəyişir. Nəticədə ənənəvi döyüşlər, zirehli döyüş texnikalarının tətbiqi ilə icra olunan hərbi əməliyyatlar tarixə qovuşur. Onların yerini zəkalı dronlar, nanotexnoloji elementlər,  hipersəs sürətli silahlar, hətta özü qərarlar qəbul etməyi bacaran döyüş robotları tutur. Odur ki, onların idarə olunması üçün daha yüksək savada malik ixtisaslı kadrlar lazımdır. Bu mənada yeni nəsil texnologiyalarını peşəkarlıqla tətbiq etməyi və xüsusi tapşırıqları yerinə yetirməyi bacaran mütəxəssislərin hazırlanması günün tələbidir. Sevindirici haldır ki, bu isitiqamətdə də  Azərbaycan Ordusunda planlı addımlar atılır. Belə ki, təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq edilir. Yeni təlim-təcrübə konsepsiyasına əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaları məqsədilə hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər.  Yəni, müasir texnologiyaları və yanaşmaları tətbiq edə biləcək mühüm bacarıqlara malik insan kapitalının formalaşdırılmasının ölkəmiz üçün əhəmiyyəti nəzərə alınaraq, xüsusi istedadlı gənclərin həqiqi hərbi xidmət müddətində öz peşə sahələri üzrə faydalı iş təcrübəsi qazanmaları təmin olunacaq. Mütəxəssislərin fikrincə, müddətli həqiqi hərbi xidmətə çağırılmış gənclərdən informasiya texnologiyaları sahəsində müvafiq ixtisasa sahib olanlar orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəklər. Əminliklə demək olar ki, buna gənclərimizin potensial imkanı vardır.  Elə ölkəmizdə və Türkiyədə keçirilən “Teknofest” müsabiqələrində istedadlı gənclərimizin uğurla iştirak edərək mükafatlara layiq yerlər tutmaları da söylədiyimiz fikrin sübutudur.

Qvami Məhəbbətoğlu, “İki sahil”