04 oktyabr 2023 13:08
379

Beynəlxalq Astronavtika Konqresi çərçivəsində məşhur xalça dizayneri Yan Katın sərgisi açılıb

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində məşhur xalça dizayneri Yan Katın Heydər Əliyev Mərkəzində “Rug Art Out of Space” (Xalça sənəti kosmosdan kənarda) adlı sərgisi açılıb.

“İki sahil” xəbər verir ki,  ekspozisiyada müəllifin “Spacecrafted” (Kosmosda hazırlanmış) kolleksiyası nümayiş olunur.

13 xalçadan ibarət kolleksiyada kosmos və müasir incəsənət vəhdət təşkil edir. Əsərlərdə qalaktikanın sirli gözəllikləri əks olunub. Əllə toxunmuş modern xalçalar səyahət eşqi və macəra ruhunu ifadə edir.

Kolleksiya Azərbaycanda ilk dəfə təqdim olunur.

Alman dizayner Yan Kat Şərq xalçasının klassik elementlərini müasir, minimalist dizaynla birləşdirir. Onun xalçalarının əksəriyyəti Nepalda əllə toxunur. Yan Kat orijinal dizaynları ilə bir sıra nüfuzlu mükafatlar qazanıb.

Xatırladaq ki, oktyabrın 2-də Azərbaycanda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayıb. Bu nüfuzlu tədbirə Bakı ilk dəfə Ulu Öndər Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə – 1973-cü ildə ev sahibliyi edib. 50 ildən sonra konqres yenidən Azərbaycanda keçirilir. 136 ölkədən 5300-dən artıq nümayəndənin iştirak etdiyi beynəlxalq tədbir oktyabrın 6-dək davam edəcək.