30 sentyabr 2023 12:34
600

Türkiyənin Misirdəki diplomatı səfirlikdə keçirilən konsertdə Azərbaycan mahnısı ifa edib

Türkiyənin Misirdəki səfirlinin iqamətgahında təşkil edilən Türk klassik musiqisi konsertində Azərbaycan-Türkiyə qardaşlığının təzahürü olan xoş bir hadisə baş verib.

“İki sahil” xəbər verir ki, Türk xalq musiqisinin nümunələri ilə zəngin olan konsertin finalında Türkiyənin Misirdəki səfiri Salih Mutlu mikrofonu əlinə alıb və İstanbuldan gəlmiş orkestrin müşayiəti ilə bəstəkar Cahangir Cahangirovun “Ay qız” mahnısını ifa edib.

Misirli nazirlər, xarici ölkələrin Qahirədə akkreditə olunmuş diplomatları, o cümlədən ölkəmizin Misirdəki səfəri Elxan Poluxov və yerli ziyalılar qarşısında çıxış edən səfir Salih Mutlunun ifası alqışlarla qarşılanıb. Səfir bildirib ki, “Ay qız” mahnısı onun geniş ictimaiyyət qarşısında debütüdür və Azərbaycan xalq mahnılarını çox sevir.

Türkiyə səfirliyində keçirilən konsert, o cümlədən səfir Salih Mutlunun ifası Türkiyə və Misir telekanallarında yayımlanıb.