Müsahibimiz Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovdur
- Ölkəmizdə seçkilər çox demokratik və şəffaf keçirildi.Yeni parlament təşkil olundu. Komitə 2015-ci ilin payız sessiyasında öz fəaliyyətini Milli Məclisin qanunvericilik sahəsində nəzərdə tutulmuş iş planına uyğun şəkildə həyata keçirib. Hesabat dövründə komitənin 3 iclası keçirilib, 10 qanun layihəsi müzakirə edilib. Torpaq Məcəlləsində, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də, “Torpaq bazarı haqqında”, “Torpaq islahatı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Pambıqçılıq haqqında”, “Üzümçülük və şərabçılıq haqqında” qanunlarda dəyişikliklərin edilməsi barədə və bir sıra digər sənədlər komitə üzvləri tərəfindən parlamentin plenar iclasına tövsiyə edilib və müzakirələrdən sonra qəbul olunub. Bu müddət ərzində komitədə vətəndaşların qəbulu keçirilib, onlardan daxil olan ərizə və şikayətlər təhlil edilərək, baxılması üçün müvafiq qurumlara göndərilib.
- 2016-cı ilin yas sessiyasında “Kənd təsərrüfatı kooperasiyası haqqında”” qanun layihəsi, oxunuşda müzakirəyə çıxarılacaq. Qanunun qəbulunda məqsəd ölkəmizdə kənd təsərrüfatı kooperasiyanın formalaşmasının və təşkilinin, kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının yaradılmasının və fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən etmək, kooperasiya prosesində yaranan münasibətləri tənzimləməkdir. Fermerlərin və aqrar sektorda fəaliyyət göstərən digər sahibkarların bir araya gələrək formalaşdırdıqları kooperativlər və kooperasiya dünyanın inkişaf etmiş ölkələrinin kənd təsərrüfatında istehsalın təcrübədə özünü doğrultmuş əsas formasıdır. Milli Məclisin Aqrar siyasət komitəsi tərəfindən hazırlanaraq müzakirəyə təqdim olunan qanun layihəsində kooperativ və kooperasiya anlayışı dəqiq verilmişdir. Layihəyə əsasən, kənd təsərrüfatı kooperativi kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə fəaliyyət göstərmək üçün könüllü üzvlüyə əsaslanan birliyi olub, iştirakçıların iqtisadi, sosial və başqa tələbatlarının ödənilməsi üçün yaradılan hüquqi şəxsdir. Kənd təsərrüfatı kooperasiyası isə müxtəlif təyinatlı kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının müştərək əməkdaşlıq sistemidir. Təcrübə göstərir ki, fermerlərin sərəncamında torpaq sahəsi az olduqda onlar rentabelli işləyə bilmir, müasir kənd təsərrüfatı texnikası tətbiq etmək, səmərəli meliorasiya sistemi qurmaq, əlverişli şərtlərlə kredit əldə etmək imkanları məhdudlaşır. Nəticədə belə fermerlərin bazar və ixrac yönümlü məhsul istehsalını təşkil etmək potensialı yüksək olmur. Kənd təsərrüfatı məhsulları istehsalçıları olan fiziki və hüquqi şəxslər istehsal, emal, satış, eləcə də qanunla qadağan edilməyən başqa fəaliyyətlə məşğul üçün özlərinə məxsus aqrar mülkiyyəti (torpaq, kənd təsərrüfatı texnikası və digər resursları) könüllülük prinsipləri əsasında qurulan müəssisə çərçivəsində birləşdirməklə səmərəli fəaliyyət göstərmək imkanı əldə edirlər. Fəaliyyət xarakterinə görə kooperativlər istehsal, istehlak və qarışıq (istehsal-istehlak) növlü ola bilərlər. Ümumiyyətlə, aqrar sektorun geniş potensiala malik olduğu inkişaf etmiş Avropa ölkələrinin hamısında kənd təsərrüfatı kooperasiyası bir iqtisadi sistem kimi formalaşmışdır. Təəssüf ki, mətbuatda kooperativləşmə ilə bağlı bəzən məlumatsızlıqdan, bəzən isə qərəzli niyyətdən irəli gələrək ictimai rəyi çaşdırmağa hesablanmış yazılar dərc olunur, kooperativləşməni kolxozların bərpası kimi qələmə verməyə cəhdlər göstərilir. Kənd təsərrüfatı kooperasiyasını sovetlər dönəmində mövcud olan kolxozlarla eyniləşdirmək doğru deyildir. Belə ki, kolxozlar sovet iqtisadi tələblərindən irəli gələrək məcburi şəkildə yaradılmışlar, dövlət tərəfindən maliyyələşdirilən, sərt olan öhdəlikləri daşıyırdılar və ən başlıcası, bütün torpaqlar yalnız dövlət mülkiyyətində olduğundan şəxsi mülkiyyətə əsaslanmırdılar. Azad bazar iqtisadiyyatının bərqərar olduğu indiki şəraitdə xüsusi mülkiyyət sahibi olan fermeri məcburi şəkildə kooperativləşməyə cəlb etmək olmaz. Kolxozdan fərqli olaraq kooperativlər üzvlərin tam könüllülüyünə və müstəqil sahibkarlığına əsaslanır. Yəni, fermer istədiyi vaxt əmlakını götürüb kooperasiyadan ayrıla da bilər, əmlakını və mülkiyyətini sata da bilər.
- Dövlət başçısının qeyd etdiyi kimi sahibkarlar üçün Azərbaycanda analoqu olmayan şərait yaradılmışdır. Həm dövlət dəstəyi, maliyyə dəstəyi, texniki və intellektual dəstək göstərilir. Artıq dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilib. Bu gün reallaşdırılan mühüm layihələr nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin olunur, özəl bölmənin, sahibkarlığın inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılır. Dövlət başçısının “Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır” prinsipinə uyğun olaraq, Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu da sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi ilə yanaşı, eyni zamanda, bu sahədə yersiz müdaxilələrin aradan qaldırılması və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində mühüm bir addım kimi qiymətləndirilməlidir. Yeni qanunun qəbulunu birmənalı şəkildə iş adamlarına verilən siyasi dəstək kimi qiymətləndirmək lazımdır. Azərbaycan dövləti hər zaman sahibkarlıq fəaliyyətinə olan yersiz müdaxilələrin aradan qaldırılması istiqamətində müəyyən tədbirlər həyata keçirir.
- Azad rəqabət mühitinin formalaşması və şəffaflığın təmin olunması iqtisadiyyatın sürətli inkişafına stimul verən başlıca faktordur. Bu, həm də iqtisadiyyatın çoxşaxəli inkişafı və sosialyönümlü islahatların dərinləşməsi deməkdir. Eyni zamanda, bu amil dövlətin güclü milli iqtisadi təhlükəsizlik şəbəkəsinin yaradılması kimi qiymətləndirilə bilər. Ölkədə dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi əsas prinsiplərdən sayılır. Şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübə mübadiləsi məqsədilə ölkəmiz 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur. Şəffaflığın təminatında əsas yerlərdən birini tutan “ASAN-xidmət” mərkəzləri ilk növbədə vətəndaşların rahatlığına hesablanmış addımdır. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsidir. “ASAN-xidmət” mərkəzlərində hər şey şəffaflıq prinsipi üzərində qurulub.
- Azərbaycan rəhbərliyi dünyada maliyyə böhranının dərinləşdiyi bir dövrdə yeni qlobal iqtisadi və siyasi çağırışlara adekvat olaraq ardıcıl islahatlar aparır. Yeni iqtisadi siyasətin prioritetlərinə idarəetmə sistemini çevik, şəffaf və səmərəli mexanizmlər əsasında formalaşdırmaq, biznes mühitini liberallaşdırmaq, makroiqtisadi sabitliyi təmin etmək, milli iqtisadiyyatı yeni şəraitə uyğunlaşdırmaq məsələləri daxildir. Neftin qiymətlərinin aşağı düşməsi səbəbindən ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi neqativ təzyiqlərin yaranması nəzərə alınaraq hökumət obyektiv zərurət kimi ötən ilin fevral və dekabr aylarında manatın devalvasiyasını həyata keçirmiş, beləliklə, bir tərəfdən ölkənin strateji valyuta ehtiyatlarının sürətlə azalmasının qarşısı alınmış və tədiyə balansı tarazlaşdırılmış, digər tərəfdən milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyi artırılmışdır. Ötən il də qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. İqtisadiyyatın liberallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar dövlətimizin başçısı cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır. Bunun nəticəsi olaraq ötən il ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz artmışdır. Dünya ölkələrini iflic duruma salan iqtisadi və maliyyə böhranının mənfi təzahürlərinin dəf edilməsi istiqamətində atılan çevik addımlar inkişafın Azərbaycan modelinin dayanıqlılığını təsdiq edir.
- Son illər dövlətimiz tərəfindən Azərbaycan atlarının şan-şöhrətini özünə qaytarmaq, ölkəmizdə atçılığın inkişafını təmin etmək üçün ciddi işlər görülmüşdür. 2007-ci ildə “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, bu qanunun tətbiqi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən müvafiq fərmanlar imzalanmış, “Atçılığın inkişafı üzrə Proqram” təsdiq edilmişdir. Proqramın əsas məqsədi atçılıq subyektlərinin, xüsusilə damazlıq atçılıq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, Qarabağ və Dilbaz at cinslərinin, eləcə də ölkədə yetişdirilən cins idman və digər təyinatlı atların qorunub saxlanılması, damazlıq şəbəkəsinin genişləndirilməsi, atçılıqda keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bütövlükdə sahənin inkişafına nail olmaqdır.
Şəmsiyyə Əliqızı,
Tural Əhmədov (foto) “İki sahil”